Məhkəmə qərarları › İş №2(110)-389/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-389/2021

04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-389/2021 04.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu “xxxx” X3 Səhmdar Cəmiyyətinin X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 172,02 manat əsas, 17,16 manat faiz borcu olmaqla, cəmi 189,18 (bir yüz səksən doqquz manat on səkkiz qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 18.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən əsasən, cavabdehə istehlak məqsədləri üçün illik 30% hesablanmaqla, 12 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Yazılı sübutlar: İş materiallarında olan 18.06.2019-cu il tarixli 14222nkNFT/19 nömrəli müavilədən görünür ki, iddiaçı 12 ay müddətinə illik faiz dərəcəsi 30% olmaqla 600 manat krediti borcalana verir, borcalan isə hər ay kredit müqaviləsi üzrə ödənilməli olan məbləği banka qaytarmağı öz üzərinə götürür. İş materiallarında olan 14.04.2021-ci il tarixli 958899 nömrəli məxaric orderindən görünür ki, cavabdehə 428,99 manat kredit verilmişdir. İş materiallarında olan 18.06.2019-cu il tarixli çıxarışdan görünür ki, cavabdehə 600 manat miqdarında kredit verilmiş, 3091nkNFT/18 nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun ödənilməsi üçün 145,01 manat vəsait çıxılmışdır. İş materiallarında olan 14.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 172,02 manat əsas, 17,16 manat faiz borcu olmaqla, cəmi 189,18 manat borcu vardır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya 172,02 manat əsas,17,16 manat faiz borcu olmaqla, cəmi 189,18 manat borcu yaranmışdır. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 172,02 (bir yüz yetmiş iki manat, iki qəpik) manat əsas, 17,16 (on yeddi manat, on altı qəpik) manat faiz borcu olmaqla, cəmi 189,18 ( bir yüz səksən doqquz manat on səkkiz qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsait tutularaq iddiaçı “xxxx” KB ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar