Məhkəmə qərarları › İş №2(110)-480/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-480/2023

17.10.2023 · Sair mülki iş - Digər - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-480/2023 17.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh, Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh uşaq tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 02 saylı qərarının ləğv olunması və xx.xx.2018-ci il tarixdə doğulmuş X6 onun yanında qalmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2015-ci ildə mərhumə X4 ilə qeyrirəsmi ailə qurduqlarını, birgə yaşadıqları müddətdə xx.xx.2018-ci il tarixdə X6 doğulduğunu, mərhumə X4 ilə xasiyyələri uyğun gəlmədiyindən 2018-ci ilin iyul ayından ayrı yaşadıqlarını, Əfsanə uşağı ilə birlikdə Şərur şəhərində valideyinlərinin yanında, onun isə Şərur rayon Siyaqut kəndində yaşadığını, uşağın atası olduğu müəyyən olunduğunu, Əfsanənin 6 noyabr 2022-ci il tarixində vəfat etdiyini, həmin vaxtdan azyaşlı övladının nənəsi Cavabdeh yanında qaldığını, özünün 2019-cu ildə ikinci dəfə ailə qurduğunu və bir övladının olduğunu, Elmiradan azyaşlı uşağının ona verilməsini tələb etsə də uşağı ona verməkdən imtina etdiyini, Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası onun razılığı olmadan azyaşlı X8 xx.xx.2023-cü il tarixli 02 saylı qərarla Cavabdeh qəyyumluğuna verdiyini, bir valideyn kimi övladının sağlamlığı, təlimtərbiyəsi və təhsili ilə məşğul olması üçün onun Cavabdeh alınıb onun yanında qalmasını istədiyini, ilkin mediyasiyada cavabdehlə uşağın ona verilməsi barədə razılıq əldə olunmadığını, onun üçün də məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə verərək iddia tələbinin dəyişdirilərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X9 Cavabdeh alınaraq onun yanında qalmasının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, hal-hazırda uşağı ilə əlaqə saxlaya bilmədiyini, yoldaşı vəfat etməmişdən əvvəl əlaqə saxladığını, indi isə cavabdehin buna imkan vermədiyini, Qəyyumluq və Himayəçilik komissiyası onun razılığı olmadan uşağı qəyyumluğa verdiyini, uşağını görməyə gedəndə cavabdeh buna heç cür imkan vermədiyini, uşağın onunla birlikdə yaşamasını istədiyini, uşağın saxlanması üçün 170 manat aliment təyin olunduğunu və hal-hazırda həmin alimenti ödəmədiyini, evləndiyini və həmin nikahdan bir uşağı olduğunu, cavabdehin qızı vəfat etdiyi üçün əvvələr iddia qaldırmadığını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, uşaq doğulandan onunla birlikdə yaşadığını, onun bütün ehtiyaclarını qarşıladığını, iddiaçı bir dəfə də olsun ki, uşağa bir şey almadığını və onunla maraqlanmadığını, həmişə axşam saat 2-3 radələrində içki əlində gələrək məhəllədə səs-küy salaraq narahatçlıq yaratdığını, uşaq atasından qorxduğu üçün ona getmədiyini, hətta atasının ona “piyvə” içirtmək istədiyini bildirdiyini, uşağın elə bir adama verilməsini istəmədiyini, onun dərdi uşaq olmadığını, alimentə görə elə etdiyini, iddiaçı ilk vaxt uşağı qəyyumluğuna götürməyinə razı olduğunu və bununla bağlı komissiyaya ərizə verdiyini, lakin sonradan aliment ödəcəyini bidiyindən ərizəni geri götürdüyünü, sonra iddiaçının anası ona zəng edərək “alimentdən imtina etsən oğlum uşağı sənin qəyyyumluğuna verilməsinə razı olar” dediyini, qızı vəfat etməmişdən əvvəl 100 manat aliment təyin olunduğunu, sonra onun alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırdığını, 170 manat məbləğində aliment təyin olunduğunu, lakin 8 ay ərzində heç bir manat belə ödəmədiyini, iddiaçının ikinci dəfə evləndiyi qadının da imkansızlıqdan atasıgildə qaldığını, iddiaçının psixi xəstə olduğunu, onun qollarında kəsik izləri olduğunu, nəvəsinə zərər yetirəyəcəyindən qorxduğunu, onun dispanserdə qeydiyyatda olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X11 iş üzrə rəy və müayinə aktının tərtib edildiyini, rəydə göstərilənənləri müdafiə etdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 17.3.2023-ci il tarixli AZ-l № 177501 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X1 doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, uşağın öz fikrini ifadə edə biləcək yaşda olmadığını, uşağın atasının nənəyə görə daha üstün hüquqlara malik olmasını, həmçinin uşağın valideynləri ilə yaşamaq hüququnu nəzərə alaraq X6 atası İddiaçı ilə qalmasını məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 xx.xx.2023-cü il tarixli 1332 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən “Emosianol davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. İş materiallarında olan “Elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, 30 mart 2023-cü il tarixdən hesablanmaqla 07 may 2018-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət olunmuşdur. Ekspert rəyi: İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 919 nömrəli rəyindən görünür ki, İddiaçı fərdi-psixi xüsusiyyətlərində uşağın emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur, lakin qarşılaşdığı şəraitdən asılı olaraq ona təsir edən qıcığa qarşı kəskin reaksiya verə bilər. X6 hazırda nənəsi Cavabdeh bağlılığı müəyyən olunur, atası İddiaçı bağlılığı müəyyən olunmur. Nənəsi və atası arasındakı gərginlik uşağın emosional-iradi sferasına sirayət etməklə atasına olan münasibətlərinə mənfi təsir göstərmişdir. Uşağın hazırda adaptasiya (uyğunlaşma) olduğu mühitdən ayrılması onun emosional-iradi sferasına neqativ təsir göstərə bilər. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının X4 ilə nikahdankənar münasibətlərindən 07 may 2018-ci il tarixdə X12 doğulmuş və iddiaçının atalığı müəyyən olunmuşdur. Sonra iddiaçının X4 ilə münasibətləri pozuduğundan 2018-ci ildə iyul ayından ayrılmışlar. Azyaşlı uşaq anası ilə birlikdə nənəsinin evində yaşamışdır. Uşaq anası 6 noyabr 2022-ci il tarixdə vəfat etdikdən sonra da nənəsi ilə yaşamağa davam etmişdir. Şərur Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası azyaşlı X8 17 yanvar 2023-cü il tarixdə Cavabdeh qəyyumluğuna vermişdir. Uşağın nənəsi aliment tələbi ilə 30 mart 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçı uşaq tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Şərur Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün 170 manat aliment tutulmuşdur. Cavabdeh iddianı qəbul etməyərək uşağın atasının psixi xəstə olduğunu, alimentə görə uşağı tələb etdiyini, buna görə uşağın onunla birlikdə yaşamasını istəmişdir. Qəyyumluq və Himayəçilik Komissiyası uşaq nənəsi ilə qalmaq istəsə də valideynlərin üstün hüquqları baxımından uşağın atası ilə qalmasını məqsədə müvafiq hesab etmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən uşağın hazırda psixi durumu qənaətbəxş olmaqla, emosional-iradi sferasında neqativ dəyişikliklər müşahidə olunmur, lakin uşağın hazırda adaptasiya (uyğunlaşma) olduğu mühitdən ayrılması onun emosional-iradi sferasına neqativ təsir göstərə bilər. İddiaçı 2013-cü ildən “Emosianol davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Buna görə də məhkəmə iddianın rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. İş üzrə uşaq 7 yaşına çatmadığından məhkəmədə fikri öyrənilə bilməmiş, lakin qəyyumluq və himayəçilik komissiyası və psixoloji ekspertiza zamanı fikri öyrənilərkən nənəsinin yanında qalmaq istədiyini bildirmişdir. Ailə Məcəlləsinin 73.1-ci maddəsinə görə, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) işə cəlb edilir. Məhkəmə işə cəlb edilmiş Şərur Rayon Qəyyumluq və Himayəçilik orqanının rəyi ilə razılaşmır. Belə ki, komissiya iş üzrə zəruri araşdırma aparmadan, uşağın atası İddiaçı xx.xx.2013-cü il tarixdən “Emosianol davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə Naxçıvan MR X2 qeydiyyatda olmasını öyrənmədən, habelə uşağın doğulduğu 2018-ci ildən etibarən atasından ayrı olmaqla anası və nənəsi ilə yaşamasına, 5 il ərzində həmin mühitə uyğunlaşmasına qiymət vermədən sadəcə valideynin digər şəxslərə münasibətdə üstünlük hüququnun olmasına istinad etməklə öz rəyini kifayət qədər əsaslandırmamışdır. Məhkəmə həmçinin işin hallarını araşdırarkən, müyyən etmişdir ki, uşağın anasının 2022-ci ilin noyabr ayında vəfat etməsinə, uşağın nənəninin qəyyumluğuna 17 yanvar 2023-cü il tarixdə verilməsinə baxmayaraq uşaq tələbinə dair iddia məhz uşağın qəyyumu olan nənəsi tərəfindən 30 mart 2023-cü il tarixdə uşağın atasına qarşı aliment tələbi ilə məhkəməyə müraciət etdikdən dərhal sonra qaldırılmışdır. Bu da onu deməyə əsas verir ki, atanın məqsədi uşağın tərbiyəsində iştirak etmək deyil, uşağın qəyyumunu ondan aliment tələbindən çəkindirmək məqsədi daşımışdır. Məhkəmənin qənaətinə görə, ailə qanunvericiliyinin yuxarıda sadalanan normaları baxımından bu cür mübahisələr ilk növbədə uşağın hüquq və mənafelərinə uyğun həll edilməli, uşaq yaranmış mübahisə və ədavətin qurbanına çevrilməməlidir. Bu baxımdan uşağın ataya verilib-verilməməsi verilməsi məsələsinə baxılarkən məhkəmə uşağın ataya verilməsi onun gələcək inkişafına, tərbiyəsinə necə təsir göstərəcəyi, uşağın ataya münasibəti, ataya şəxsi bağlılığı, eləcə də uşağın yaşı və s. hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarında valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud “qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 9cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. “Elşolts Almaniyaya qarşı” işi üzrə isə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir. Həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz.” İşin faktiki hallarına qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “uşaq tələbinə” dair iddiası əsassız olduğundan rədd edilməlidir. Eyni zamanada məhkəmə cavabdehə izah edir ki, Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver