Məhkəmə qərarları › İş №2(111)-48/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-48/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-48/2021 22.02.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh hər ay sabit pul məbləğində 170 manat aliment tutularaq xx xxxx 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-cı ildə faktiki olaraq el adəti ilə qeyri-rəsmi evlənmiş, rəsmi nikah qeydiyyatından 2019-cu ildə keçmişlər. Birgə nikahdan xx xxxx 2019-cu il tarixdə X10 adlı uşaqları doğulmuşdur. Bəhruzla bir ailədə yaşaya bilmədikləri üçün ayrılmışlar. Uşaq da iddiaçının yanında - Kəngərli rayon Şahtaxtı kəndində qalır. Ayrı yaşadıqları müddətdə də Bəhruz uşağın saxlanmasında maddi cəhətdən köməklik etmir. İddiaçı da uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkdiyinə görə məcbur qalıb ondan aliment tələb edir və alimentin də sabit pul məbləğində müəyyən olunmasını istəyir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, Cavabdeh ilə 1 ilə yaxın müddətdir ki, ayrı yaşadığını, haliyədə də birgə nikahdan doğulmuş uşağı ilə birlikdə Kəngərli rayon Şahtaxtı kəndində atasının himayəsində yaşadığını, cavabdehin heç bir maddı yardım göstərmədiyindən uşağın saxlanmasında çətinlik çəkdiyini göstərərək Cavabdeh heç olmasa hər ay sabit pul məbləğində 140-150 manat aliment tutularaq birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdehin vəkili və nümayəndəsi qismində dindirilən X8 izahatında iddianı qismən qəbul edərək, iddiaçının Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(079)-49/2018 nömrəli qətnaməsi ilə 3 uşaq üçün hər ay hər uşağa 100 manat aliment ödədiyini, bundan əlavə qeyri-rəsmi nikahdan xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X11 adlı uşağının da olduğunu nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İİ 157396 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X3 arasında xx xxxxxx 2019-cu il tarixdə Babək Rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV 625461 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin xx xxxx 2019-cu il tarixdə X10 adlı uşaqları doğulmuşdur. İş materiallarına əlavə olunmuş Babək Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(079)-49/2018 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat miqdarda sabit pul məbləğində aliment alınıb xx xxxx 2005-ci il tarixdə doğulmuş X6, xx xxxx 2007-ci il tarixdə doğulmuş X7 və xx xxxx 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün X9 verilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İV 626151 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X11 adlı uşağı vardır. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh xx xxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının izahatı və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2018-ci ildə faktiki olaraq evlənmiş, 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçmişlər. Birgə nikahlarından xx xxxx 2019-cu il təvəllüdlü X10 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Həmçinin iş üzrə cavabdehin əlavə dörd uşağı da vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün 120 manat aliment məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x120=1440 manat) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla xx xxxx 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 120 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar