Məhkəmə qərarları › İş №2(111)-85/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-85/2021

28.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-85/2021 28.04.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İİddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikahdan olan övladları X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən hesablanmaqla Cavabdeh sabit aylıq pul məbləğində 175 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixdə nikaha daxil olmuşuq. Birgə nikahdan xx xxxxx 2013-cü il tarixdə övladımız X4 doğulmuşdur. Nikaha daxil olduqdan sonra ailə münasibətlərimiz normal olsa da, bir müddət keçdikdən sonra ailə münasibətlərimiz tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Hazırda nikahımıza xitam verilməklə bağlı 2(111)-71/2021 nömrəli iş Kəngərli Rayon Məhkəməsinin icraatındadır. Sözügedən mülki iş məhkəmənin xx.xx.2021ci il tarixli qərardadı ilə 3 ay vaxt verilməklə təxirə salınmışdır. Yetkinlik yaşına çatmayan övladımız isə mənim himayəmdədir. Cavabdeh övladımızın maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. Təkbaşına övladımın təminatını ödəmək çətindir. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasını müdafiə etdiyini, Cavabdeh tələbinə əsasən nikahın pozulması barədə olan işin məhkəmənin icraatında olduğunu, birgə nikahdan olan uşağı - X2 anasının yanında qaldığını, 2021-ci ilin yanvar ayından cavabdehlə ayrı yaşadıqlarına baxmayaraq bu günədək Əfsəlin uşağın saxlanmasında iştirak etmədiyini, yalnız bir dəfə 50 manat uşağına verdiyini, özünün bir aya yaxın müddətdir ki, Naxçıvan Hərbi Hospitalında yeməkpaylayan kimi işlədiyini, lakin hələlik əmək haqqı almadığını və haliyədə uşağın saxlanmasında çətinlik çəkdiyini göstərib Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, hal-hazırda işləmədiyini, bu səbəbdən də onlara maddi yardım göstərə bilmədiyini, alimentin ödənilməsinə etirazının olmadığını, lakin ondan tələb edilən 175 manat məbləği ödəyə bilməyəcəyini, ayda 120-130 manat aliment ödəmək imkanında olduğunu göstərib məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş AZ-İ 687598 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X3 arasında xx xxxxxx 2012-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Cəfərova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ 857915 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən iş üzrə tərəflərin xx xxxxx 2013-cü il tarixdə X4 adlı uşaqları doğulmuşdur. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, məhkəməyə müraciət olunduğu xx xxxxx 2021-ci il tarixdən hesablanmaqla Cavabdeh xx xxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd olunmalıdır. Belə ki, iş üzrə iddiaçının və cavabdehin izahatları və tədqiq olunmuş mötəbər sübutlarla təsdiq olunur ki, iş üzrə tərəflər 2012-ci ildə rəsmi olaraq evlənmişlər. Birgə nikahlarından xx xxxxx 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuş, haliyyədə tərəflər ayrı yaşamaqla uşaq da İddiaçı himayəsində yaşayır və iddiaçı uşaqların saxlanmasında maddi cəhətdən çətinlik çəkir. İş üzrə cavabdeh isə uşağın saxlanmasında iştirak etmir. İş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etdiyindən aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə iddianın qismən təmin edərkən onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludur. Cünki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.2-ci maddəsinə əsasən alimentin tutulması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə qərar qəbul edərkən tərəflərin maddi vəziyyətini və aliment ödəyən şəxsin ödəmə qabiliyyətini də nəzərə alır. Məhkəmə yuxarıda göstərilənləri və 2021-ci ildə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini, yetkinlik yaşına çatmayan uşağın anasının - iş üzrə iddiaçının himayəsində olmaqla bütün qayğılarının ana tərəfindən çəkilməsini və uşağın təminatının mümkün qədər maksimal saxlanmasını, eləcə də valideynlərin hər ikisinin uşaqlarını saxlamağa borclu olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan bir uşağın saxlanması üçün cavabdehdən hər ay sabit məbləğdə 140 manat aliment tutulması məqsədəuyğundur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iddianın (12x140=1680 manat) təmin edilmiş hissəsinə münasib olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxx 2021-ci il tarixdən hesablanmaqla xx xxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar