Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-126/2024 30.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Şakir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsi) qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsi) qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 7000 manat kompensasiya verilməklə qeyd olunan mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 08 sentyabr 2022-ci ildə Gəncə şəhər 1 saylı Notariat Ofisində Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayaraq sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,9 kvadratmetr olan mənzili 30000 (otuz min) manata razılaşaraq almışdır. Qeyd olunan mənzil hazırda xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qanuni olaraq onun mülkiyyətindədir. Mənzilin onun mülkiyyətində olmasına baxmayaraq adları qeyd olunan üçüncü şəxslər həmin mənzildə pasport qeydiyyatındadırlar. Cavabdehlərin ona məxsus mənzildə pasport qeydiyyatında olmaları onun mülkiyyət hüquqlarını pozur. O, qeyd olunan şəxslərin ona məxsus mənzildən pasport qeydiyyatından çıxarılmaları ilə əlaqədar Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan qüvvəyə minmiş məhkəmə qərarı əsasında mümkün olmasını göstərmişdir. Ona görə də mübahisə ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, lakin cavabdehlərin hazırda həmin mənzildə yaşamalarını əsas gətirərək, iddiası təmin edilməmişdir. Hazırda o, mülkiyyətində olan mənzildən istifadə edə bilmir, cavabdehlər isə onun mülkiyyət hüququna maneəçilik törədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının aylıq kirayə haqqı 150 manat müəyyən olunmuşdur. Belə olduğu halda həmin mənzilə münasibətdə 3 illik kirayə haqqı 5400 manat təşkil edir. Hal-hazırda iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 7000 manat kompensasiya məbləği təklif olunur ki, bu məbləğ də cavabdehlərin müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmələri üçün kifayət qədər yüksək məbləğdir. Ona görə də İddiaçı kompensasiya məbləğini artırmaq niyyəti və fikri yoxdur. Həmçinin, İddiaçı mülkiyyətində olan sözügedən mənzili digər Cavabdeh2 AN-İ seriyalı, ******* nömrəli, 08 sentyabr 2022ci il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlərdən Cavabdeh2 hal-hazırda həmin mənzildə yaşamır. Ona görə ona münasibətdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Cavabdeh2 qardaşı X3 ilə 1990-ci ildə evlənərək ailə həyatı qurmuş və mübahisəli mənzilə gəlin köçmüşdür. O, gəlin köçən zaman həmin mənzildə qayınanası, qayınatası və Cavabdeh2 ilə birlikdə yaşamışdır. ünvan 1 ünvanı qayınatasının adına olmuş, lakin, daha sonra eşitmişdir ki, mübahisəli mənzil onların xəbəri olmadan hal-hazırda iddiaçı olan İddiaçı satılmışdır. Eyni zamanda ev satılan zaman ona hər hansı məlumat verilməmiş və notariusa da çağrılmamışdır. Digər Cavabdeh3 onun qızıdır. Qızı Cavabdeh3 türk vətəndaşı ilə ailə həyatı qurmuş, lakin daha sonra boşanmışdır. Halhazırda Aysel onunla birgə mübahisəli mənzildə yaşayır. İddiaçı ona və qızı Cavabdeh3 ümumilikdə 7000 manat məbləğində kompensasiya təklif edir. Lakin, bu məbləğ olduqca az məbləğdir. Çünki, mübahisəli mənzil olan ünvan 1 ünvanının qiyməti 50000 manatdan çoxdur. İddiaçı yalnız ona 40000 manat kompensasiya məbləği verərsə, həmin mənzildən çıxmağa razı olar. Onun rəsmi iş yeri yoxdur və aylıq qazancı 300 manat civarındadır. Ümumiyyətlə, İddiaçı adlı şəxsi görməmişdir və həmin şəxs ünvan 1 ünvanına da gəlibgetmir. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkil) Nümayəndə təmsil etdiyi şəxsin qeyd etdiklərinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməmələrinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 22 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093027 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 03 oktyabr 2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadırlar. AN-İ seriyalı, ******* nömrəli, 08 sentyabr 2022-ci il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, 1. satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 44,9 kvadratmetr olan mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəni (hissələri) “Alıcı”nın mülkiyyətinə verir: satıcı Cavabdeh2 (tam hissə 44,9 kv/m) – alıcı İddiaçı; 2. satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə Cavabdeh2 verilmiş **********02-05101- 093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 44,9 kv/m; 3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********LU77101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. 4. Satıcı (lar) daşınmaz əmlakı 30000 manat 00 qəpik (otuz min sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar) alıcı İddiaçı satıcı Cavabdeh2 satdığı tam hissəni (44,9 kv/m) ondan 30000 manat 00 qəpik (otuz min manat sıfır qəpik) qiymətinə aldı. RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093027 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz ƏƏmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanı tam pay olmaqla, Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 08 oktyabr 2022-ci il tarixli, 120-32857M-3222 nömrəli məktubunda ünvan 2 ünvanında yaşayan İddiaçı bildirilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh3 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-692/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 16 fevral 2023-cü il tarixli, 3-13-57/2-H-34xx/xx/2023 nömrəli notarial qaydada təsdiq edilmiş məktubunun surətindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh1 bildirilmişdir ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdən hal-hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli, 117 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonunda yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan 2 (iki) otaqlı mənzillərin kirayə qiyməti 250 (iki yüz əlli) manat dəyərindədir. Tərəflərindən verilmiş rəy hazırki bazar iqtisadiyyatında olan tələb və təklifə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, İ.Cəfərov küçəsi, e 12, mənzil 58-də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzil, ümumi sahəsi 44,9 kvadratmetrdən ibarət olan əla təmirli bina yaşayış evinin 2023-cü il tarixdə mənzilin orta bazar satış qiyməti 65000 (altmış beş min) manat dəyərində qiymətləndirilir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4913/2023 nömrəli, 14 avqust 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsinə qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və kompensasiya verilməklə mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (müstəqil qiymətləndiricinin) ekspertizasının təyin edilməsi və ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 02 noyabr 2023-cü il tarixli, 01/23-641 nömrəli məktubunda bildirilmişdir ki, əmlakın qiymətləndirilməsi işinin aparılmasına cəhd edilmiş, iddiaçı və cavabdeh tərəflərlə əlaqə saxlanılmışdır. Tərəflər öncədən təyin edilmiş xidmət haqqını ödəməkdən imtina etmiş və əmlaka baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Göstərilən səbəbə görə qərardadın icrası tərəflərindən mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2023-cü il tarixli, ƏQ-270/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı mənzilin müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 150 (bir yüz əlli) manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2023-cü il tarixli, ƏQ-271/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 2 otaqlı mənzilin real bazar dəyərinin müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 35630 (otuz beş min altı yüz otuz) manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı mübahisəli mənzil olan ünvan 1 ünvanını AN-İ seriyalı, ******* nömrəli, 08 sentyabr 2022-ci il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 almışdır və ünvan 1 ünvanına dair İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101-093027 reyestr nömrəli çıxarış verilmişdir. Hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olmaqla, həmin mənzildə yaşayırlar. İddiaçı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 7000 manat kompensasiya təklif edir. İddiaçı hesab edir ki, bu məbləğ cavabdehlərin ünvan 1 ünvanına olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Digər Cavabdeh2 isə sözügedən mənzilin əvvəlki mülkiyyətçisi olmaqla, İddiaçı ilə mənzilə dair alqı-satqı müqaviləsi bağlamış, mənzili iddiaçıya satmış və həmin mənzildə pasport qeydiyyatında qalsa da, hazırda mübahisəli mənzildə yaşamır. Ona görə də İddiaçı Cavabdeh2 münasibətdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 isə iddia tələbini qəbul etmədiyini, kompensasiya məbləği ilə razı olmadığını, İddiaçı 40000 manat kompensasiya verəcəyi təqdirdə onunla razılaşacağını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2, eyni zamanda üçüncü şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onların iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə Cavabdeh2 münasibətdə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzil olan ünvan 1 ünvanını AN-İ seriyalı, ******* nömrəli, 08 sentyabr 2022-ci il tarixli, 4Ə-285 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Mübahisə predmeti olan ünvan 1 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mənzilin tərkib hissəsindən istifadə etməsinə ehtiyacı yoxdur. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, yəni hazırda onun yaşayış sahəsinə ehtiyacı olmadığından Cavabdeh2 iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mülkiyyətçinin Konstitusiyada təsbit olunmuş bu hüquqları öz təbiəti etibarilə nəinki onun təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bundan başqa məhkəmə hesab edir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbini digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə araşdırıb qiymət verərək hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Göründüyü kimi, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, onlara davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyil və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdehlərin hər biri heç gözləmədikləri bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi müqabilində onlara iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 22 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-05101- 093027 reyestr nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. Bundan başqa iddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunu tələb etmədiyindən həmin məbləğ İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanından Cavabdeh2 istifadə hüquqlarına xitam verilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilsin. Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-126/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-126/2024
30.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver