Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4712/2023 19.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək X4 adına qeydə alınmış, hazırda onun və ailə üzvlərinin istifadəsində olan Daşkəsən rayonu Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən 2 otaqlı mənzilə dair X8 ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı mənzil X4 adına qeydə alınmışdır. Həmin mənzili o, 1998-ci ildə X3 şəxsi vəsaiti hesabına almışdır. X8 həmin mənzilin ona məxsus olmasını qeyd etmiş, Daşkəsən rayon Ş.İ.Xətai küçəsi, ev 4, ev 5-də yerləşən 2 otaqlı mənzilə dair bütün hərəkətləri etməyi ilə bağlı notarial qaydada təsdiq olunmuş 27 may 1998-ci il tarixli 3 illik etibarnamə vermişdir. Sonra isə mənzilin alqısatqısına dair aralarında müqavilə bağlanmış, lakin maddi imkanı ağır olduğuna görə notarius tərəfindən təsdiqlədə bilməmişdir. 2005-ci ildə X8 vəfat etdi. Onun vəfatından sonra onun heç bir ailə üzvü olmamış, qanun üzrə və vəsiyyət üzrə vərəsəsi olmamışdır. Təqdim olunmuş Daşkəsən rayon Qeydiyyat Şöbəsinin və Daşkəsən rayon Notariat Kontorunun məktubundan da görünür ki, X4 hər-hansı vərəsəsi yoxdur. Əsli Ələkbərova ilə notarial qaydada təsdiq edilməyən müqavilə bağlanmış, özü də 2005-ci ildə vəfat etmişdir. Bu səbəbdən də onlar həmin mülkə dair rəsmiləşdirmə həyata keçirə bilməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və təmsilçisi hər biri tələbi müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Daşkəsən rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4, ailə üzvləri barədə məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və aşağıda göstərilən ailə üzvləri aşkar edildi: Əri - X5 (xx.xx.1996-cı ildə vəfat edib və ölümü xx.xx.1996-cı il tarixdə 7N°-li aktla Daşkəsən RQŞ tərəfindən dövlət qeyddiyyatına alınıb). X8 xx.xx.2005-ci il tarixdə vəfat edib və onun ölümü xx.xx.2005-ci il tarixdə 17 nömrəli aktla Tovuz rayonunun Bozalqanlı icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınıb. İş materiallarında olan Daşkəsöən şəhər Kommunal Müəssisələri Kombinatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşkəsən rayon Dövlət Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərhumə X4 adına Daşkəsən rayon dövlət notariat ofisində vərəsəlik işi açılmamışdır. İş materiallarında olan xx.xx.1998-ci il tarixli notariat qaydada təsdiq olunmuş etibarnaməyə əsasən, X8 həmin vəkalətnamə ilə vətəndaş İddiaçı ona məxsus olan Daşkəsən rayon Ş.İ.Xətai 4, mənzil 5də yerləşən 2 otaqlı mülkü satmağa, almağa dair imza etməyə və bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyə xx.xx.2001-ci ilədək vəkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Daşkəsən rayon Dövlət notariat kontorunun xx.xx.1992-ci il tarixli, 1-84 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X1 vərəsəsi X6 xx.xx.1994-cü il tarixli, 1088 reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil ümumi sahəsi 55.8 kv.m, yaşayış sahəsi 29.0 kv.m olan iki yaşayış otağından ibarətdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Vaqif onun qonşusudur, 20-30 ildir ki, ünvan 2 ünvanında yaşayır. 1965-ci il də onlar köçəndə həmin ünvanda ər-arvad yaşayırdı. Kişinin adı Əmrah idi, arvadın adını xatırlamır. Ər-arvad oradan köçəndən sonra Vaqif ailəsiylə həmin evə köçmüşdür, hələ də orada yaşayır. Vaqifin hansı əsasla ora köçdüyünü bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Vaqif onun yaxın qonşusudur. 30-40 ildir ki, qonşudurlar. X14 evini alıb ora köçdü. Təxmini 15-16 il olar ki, Vaqifgil evi alıb köçdülər. Əmrahla Əsli ikisi də həmin evdə yaşayırdı, sonra evi Vaqifə satıb köçdülər. Vaqifin köçəndə evli olub-olmadığını xatırlamır. Alqı-satqı zamanı ərarvadın səhhətində problem yox idi. Hazırkı iş üzrə İddiaçı mülkiyyətçi ilə aralarında mübahisəli evə dair 1998-ci ildə imzalanmış alqı-satqı müqavilənin bağlanmış hesab edilməsini xahiş etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş mülki qanunvericiliyin normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan SSR-in 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Alıcı dövlət təşkilatı və ya bu Məcəllənin 88-1-ci maddəsində göstərilən təşkilat olduqda, onun əmlakı əməli surətdə idarə etmək hüququ əmələ gəlir. Həmin Məcəllənin 229-cu maddəsinə əsasən, vətəndaşın və ya birlikdə yaşayan ər-arvadın və onların yetkinlik yaşına çatmayan uşaqlarının xüsusi mülkiyyətində olan yaşayış evi (və ya onun bir hissəsi) bu Məcəllənin 101 və 102-ci maddələrinin qaydalarına riayət etmək, habelə bu Məcəllənin 104-cü maddəsində nəzərdə tutulan haldan başqa yaşayış evini satanın, onun ərinin (arvadının) və onların yetkinlik yaşına çatmayan uşaqlarının adından 3 il müddətində bir evdən və ya evin bir hissəsindən artıq satmamaq şərtilə, alqı-satqı müqaviləsinin predmeti ola bilər. Həmin Məcəllənin 230cu maddəsinə əsasən, tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqısatqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqavilə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən, əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə bu Məcəllənin 44-cü maddəsində nəzərəd tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən, əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən, qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Etibarsız əqd üzrə tərəflərdən hər biri, əqd üzrə alınmış bütün şeyləri digər tərəfə qaytarmağa borcludur, alınmış şeyləri eyni ilə qaytarmaq mümkün olmadıqda, qanunda əqdin etibarsızlığının sair nəticələri nəzərdə tutulmamışsa, onların dəyərini pulla ödəməlidir. Hazırkı iş üzrə İddiaçı mübahisəli evə dair mülkiyyətçi X8 ilə aralarında bağlandığını bildirdiyi müqavilənin təsdiq olunmasını xahiş etmişdir. Lakin həmin tərəflər arasında yaranmış münasibətlərə tətbiq edilməli olan maddi hüquq normalarına əsasən, notariatda təsdiq edilməli və təsdiq edildiyi gündən bir aydan gec olmayaraq qeydə alınmalı olan yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Qanunda göstərildiyi üçün məcburi olduğu halda notariat formasına riayət edilməməsi həmin əqdin etibarsızlığına səbəb olur. İddiaçı maddi imkansızlıq ucbatından əqdi notariatda təsdiq etdirə bilmədiyinə əsaslanaraq hazırkı iddianı qaldırmışdır. Lakin qeyd edilən normaların tələblərinə uyğun olaraq, iddiaçı əqdi tamamilə və ya qismən icra etməsini, əmlakın dəyərini tam və ya qismən ödəməsini, habelə müqavilənin digər tərəfinin əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən, iddiaçı ərizəsində əqdin notariatda təsdiq edilməməsinin əsası kimi digər tərəfin bundan imtinasını deyil, özünün maddi imkansızlığını qeyd etmişdir. Lakin qanunvericilik norması, alıcının maddi imkansızlığına əsasən deyil, satıcının boyun qaçırdığı hal üçün müqavilənin məhkəmə qaydasında bağlanmış hesab edilməsi imkanını nəzərdə tutmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əsaslandığı müqavilədə qeyd edilən xx.xx.1998-ci il tarix ilə eyni tarixli olan etibarnamə ilə mülkiyyətçi tərəfindən İddiaçı mübahisəli evə dair müvafiq səlahiyyətlərin verilməsi həmin tərəflər arasında mübahisəli evin özgəninkiləşdirilməsinə dair razılaşma bağlandığını təsdiqləyən hal hesab edilə bilməz. Bundan başqa, iddiaçı tələbini təsdiqləmək üçün sübut qismində şahid ifadələrini təqdim etsə də və tələb notariatda təsdiqlənməli əqdə dair irəli sürülsə də, həmin dövrün qanunvericiliyi ilə belə, əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsinin mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum etdiyi və əqdin etibarsızlığına səbəb olduğu müəyyən edilmişdir, halbuki daha mürəkkəb və mühüm hüquqi nəticələr yaratmayan əqdlər üçün sadə yazılı əqd anlayışı və buna uyğun hüquqi tənzimləmələr nəzərdə tutulduğu məlum haldır. Bununla yanaşı, sübut qismində təqdim etdiyi şahid ifadələri iddiaçının qeyd edilən ünvanda yaşadığını təsdiqləyir, lakin Əsli Ələkbərova ilə İddiaçı həmin evə dair alqı-satqı müqaviləsinin bağlandığına şahidlik etdiklərini təsdiqləmir. Bundan başqa, iddiaçı mülkiyyətçinin vəfat etməsinə əsaslanaraq müqaviləni rəsmiləşdirə bilmədiyinə istinad etsə də, sözügedən müqavilənin tarixi kimi qeyd edilmiş xx.xx.1998-ci ildən mülkiyyətçinin vəfat etdiyi xx.xx.2005-ci ilədək kifayət qədər vaxt imkanı olmuşdur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, əsaslılığı sübuta yetirilmədiyi üçün hazırkı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-4712/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4712/2023
19.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver