Məhkəmə qərarları › İş №2(125)-498/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-498/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-498/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2003-cü il tarixdə 149 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, hər ay uşaqlar yetkinlik yaşına çatana kimi hər uşaq üçün 250 manat, cəmi 500 manat məbləğində alimentin tutulub ona verilməsinə, ödədiyi 55 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2003-cü ildə ailə qurmuşlar. xx.xx.2007-ci ildə Gülzar və xx.xx.2013-cü ildə Ramal adlı uşaqları anadan olmuşdur. Cavabdehlə yola gedə bilmədiklərindən ayrılmışdırlar. Hazırda oğlu onun yanında, qızı isə atasının yanındadır. Hazırda cavabdeh Rusiyada olduğuna görə qızı Gülzar bibisinin yanında qalır. Nikahları pozulduqdan sonra oğlu Ramalın onun yanında, qızı Gülzarın isə cavabdehin yanında saxlanılmasına etiraz etmir. Çünki qızı 18 yaşına keçib və onun öz istəyi ilə atasının yanında qalmasına etiraz etmir. Uşaqlarından qızı atasının yanında qaldığı üçün onun yanında qalan oğlu Ramalın saxlanılması üçün cavabdehdən aliment tələb etmədiyini göstərərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Sonda cavabdehlə nikahlarının pozulmasını, nikah pozulduqdan sonra uşaqları Ramalın onun yanında, Gülzarın isə cavabdehin yanında saxlanılmasını, ödədiyi 55 manat mediasiya xərcinin və 50 manat dövlət rüsumunun cavabdehdən tutuluraq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul edərək izahatında göstərdi ki, nikahın pozulmasına razıdırlar. Tərəflərin nikahları pozulduqdan sonra uşaqları Ramalın iddiaçının yanında, Gülzarın isə cavabdehin yanında qalmasına dair razılığa gəldiklərini, cavabdehin yanında qalan Gülzarın saxlanılması üçün iddiaçıdan aliment tələb etmədiklərini, həmçinin Gülzarın fikrinin öyrənilməsi üçün məhkəməyə gəlmək istəmədiyini göstərərək, məhkəməyə ərizə təqdim etdi. Sonda tərəflər arasında olan nikahın pozulmasını və tərəflərin nikahları pozulduqdan sonra uşaqları Ramalın iddiaçının yanında, Gülzarın isə cavabdehin yanında saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında fikri öyrənilən X5 atasının onunla pis rəftar etdiyini, anası ilə qalmaq istədiyini, bacısı Gülzarın isə bibisigildə qaldığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-M-3828/2024 nömrəli nikah haqqında arayışdan görünür ki, tərəflərin nikahları xx.xx.2003-cü ildə Gəncə şəhər Qeydiyyat şöbəsində 149 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 011819 nömrəli və AZ-İİİ 029353 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə Gülzar və xx.xx.2013-cü ildə Ramal adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/MT033/2024-00693 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə, saat 10:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində mediasiya xərcini ödəmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş rəydən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı, xx.xx.2007-ci il təvəllüdlü X1 isə atası Cavabdeh himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş Cavabdeh həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh hal-hazırda yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evə baxış keçirilmiş, baxış zamanı Cavabdeh bacısı X4 evin özünə məxsus olduğunu bildirmişdir. Göstərilən ünvanda ailə tərkibi 5 nəfər özü, övladları X9, X10, X7, anası X6 və qardaşı övladı X3 yaşayır. Ev təmirlidir, məişət şəraiti qənaətbəxşdir, ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, ev qaz sobası ilə isidilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş İddiaçı həyat şəraitinin müayinə edilməsinə dair xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İddiaçı hal-hazırda yaşadığı Gəncə şəhəri, Şıxzamanlı qəsəbəsinə yerləşən evinə baxış keçirilmiş, baxış zamanı İddiaçı evin özünə məxsus olduğunu bildirmişdir. Göstərilən ünvanda ailə tərkibi iki nəfər olmaqla, özü və övladı X5 yaşayırlar. Ev təmirlidir, məişət şəraiti qənaətbəxşdir, ev zəruri məişət və mebel avadanlıqları, su, təbii qaz və elektrik enerjisi ilə təchiz edilib, mənzil qaz sobası ilə isidilir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu tərəfindən tərtib edilmiş psixoloji rəylərdən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı Oktay qızının yanında böyüməsi onun psixoloji sağlamlığı üçün vacib və məqsədəmüvafiq hesab edilmiş, yetkinlik yaşına çatmayan Gülzarın özünü hər iki valideynindən uzaq tutmağa çalışması, hər iki valideyninə qarşı neytral münasibət bəsləməsi, lakin valideynləri ayrıldıqdan sonra atasının himayəsinə verilməsini istədiyi müəyyən edilmiş və onun öz istəyi nəzərə alınaraq atası Cavabdeh yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalmasının müəyyən edilməsi və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulmasının müəyyən edilməsidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində tərəflərin birgə yaşamasının və ailənin qorunub saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildi. Belə olan halda tərəflər arasındakı olan nikah pozulmalıdır. Bundan başqa məhkəmə tərəflərin qarşılıqlı razılığını, uşaqların fikrini, habelə iddiaçı və cavabdehdə uşaqların tərbiyəsinə, sağlamlığına və psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı bir mənfi cəhətin müəyyən olunmadığını və uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X3 atası Cavabdeh, xx.xx.2013-cü ildə anadan olmuş X5 anası İddiaçı yanında saxlanılmalıdırlar. Məhkəmə uşaqlardan birinin iddiaçının, digərinin isə cavabdehin yanında qalmalarını və onların aliment tələbi olmadığını nəzərə almışdır. “Mediasiya haqqında” qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 55 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Bundan başqa Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2003-cü ildə Gəncə şəhər Qeydiyyat şöbəsində 149 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahlarından xx.xx.2007-ci ildə anadan olmuş X3 atası Cavabdeh, xx.xx.2013-cü ildə anadan olmuş X5 anası İddiaçı yanında saxlanılsınlar. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərci və 50 manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Tərəflərə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malik olmaları izah edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar