Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-672/2022 05.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, Əsgərova Dürdanə Müseyib qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 08 may 2013-cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.887 ABŞ dolları 79 sent, 10 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.014 ABŞ dolları 70 sent, cərimə qismində 5.244 ABŞ dolları 58 sent, müqavilənin bitdiyi tarixdən – 08 noyabr 2014-cü il tarixdən 10 iyun 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.344 ABŞ dolları, cəmi 15.491 ABŞ dolları və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 169 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 7.9 qram çəkidə komplekt, 2 ədəd 13.3 qram çəkidə sırğa və 1 ədəd 8.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 08 may 2013-cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.887 ABŞ dolları 79 sent, 10 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.014 ABŞ dolları 7 sent, cərimə qismində 5.244 ABŞ dolları 58 sent, müqavilənin bitdiyi tarixdən – 08 noyabr 2014-cü il tarixdən 10 iyun 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.344 ABŞ dolları, cəmi 15.491 ABŞ dolları və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 169 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 7.9 qram çəkidə komplekt, 2 ədəd 13.3 qram çəkidə sırğa və 1 ədəd 8.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmədə iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh1 08 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 18 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 "xxxx" İKB ASC ilə 08 may 2013-cü il tarixli girov müqaviləsi bağlayaraq mülkiyyətindəki 1 ədəd 7.9 qram çəkidə komplekt, 2 ədəd 13.3 qram çəkidə sırğa və 1 ədəd 8.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur. Həmçinin iddiaçı Bankla Cavabdeh2 ilə 08 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10 iyun 2022-ci il tarixədək Cavabdeh1 banka 08 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcun əvəzi qismində 2.887 ABŞ dolları 79 sent, faiz borcu qismində 6.014 ABŞ dolları 7 sent, cərimə qismində 5.244 ABŞ dolları 58 sent, müqavilənin bitdiyi tarixdən – 08 noyabr 2014-cü il tarixdən 10 iyun 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.344 ABŞ dolları, cəmi 15.491 ABŞ dolları olmaqla borcu vardır. Göstərilənlərə əsasən X2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, əvvəllər onunla hazırda ləğv prosesində olan «Gəncə Bank» açıq səhmdar cəmiyyətinin rəhbəri Pərvanə xanım arasında münasibətlər yaxşı olmuşdur. Buna görə də o, Pərvanə xanımın xahişi əsasında 2013-cü ilin may ayında "xxxx" İKB ASC-nə getmiş və orada onunla kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə hansı məbləğdə kreditin verilməsindən və kassada onun hansı məbləği qəbul etməsindən də məlumatı olmamış, o, kredit şəklində ona verilmiş pul vəsaitini saymadan Pərvanə xanıma vermişdir. Həmçinin iddia ərizəsində qeyd olunan girov predmetləri də onun mülkiyyətində olmamışdır. Qeyd olunan səbəblərdən də o, ümumiyyətlə 2013-cü ilin may ayında "xxxx" İKB ASC ilə bağladığı kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra isə İddiaçı açıq səhmdar cəmiyyətinin əməkdaşları onunla əlaqə saxlamış və girov qoyulmuş qızıl-zinət əşyalarının kredit müqaviləsi üzrə borcu tam əvəzləyə biləcəyini demişlər. O isə qızıl-zinət əşyalarının onun deyil əsl həqiqətdə Pərvanə xanımın mülkiyyətində olduğunu və kredit borcunun da eyni şəxsə məxsusluğunu düşünərək, girov predmeti ilə kredit borcunun ödənilməsinə nail olmağa çalışmışdır. Buna görə də o, İddiaçı açıq səhmdar cəmiyyətinin əməkdaşlarının vədi əsasında banka tutmanın girov predmetinə yönəldilməsinə dair razılıq ərizəsi, məhkəməyə isə iddianın qəbulu barədə ərizə ilə müraciət etmişdir. Lakin sonradan o, qızıl-zinət əşyalarının ümumi dəyərinin 4.000 manat təşkil etdiyi halda, ona hesablanmış borcun 15.491 ABŞ dolları 47 sent olduğunu bilmişdir. Buna görə də o, iddia tələbini qəbul etmir. Digər tərəfdən İddiaçı açıq səhmdar cəmiyyəti onlara qarşı qaldırdığı borc müqaviləsi üzrə pul tələbinə dair iddiası onlarla bank arasında olan borc müqaviləsi ilə bağlıdır. Həmin müqavilə 08 may 2013-cü il tarixdə bağlanmış və 18 ay müddətinə, yəni 2014-cü ilin noyabr ayının 08-dək qüvvədə olmuşdur. Qeyd olunan müqavilənin müddətinin bitməsindən artıq 8 il keçmişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün yetərli əsasdır. Sonda Cavabdeh1 iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 may 2013-cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti X5 oğluna kreditdən istifadəyə görə illik 30% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit vermişdir. İşdə olan 08 may 2013-cü tarixli, 10-M-1-0-713-13 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 7,9 qram çəkidə komplekt, 2 ədəd 13,3 qram çəkidə sırğa və 1 ədəd 8,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını banka girov qoymuşdur İş materiallarında olan 08 may 2013-cü tarixli, 10-M-1-0-713-13 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 08 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinə borcu əsas borcun əvəzi qismində 2.887 ABŞ dolları 79 sent, 10 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.014 ABŞ dolları 7 sent, cərimə qismində 5.244 ABŞ dolları 58 sent, müqavilənin bitdiyi tarixdən – 08 noyabr 2014-cü il tarixdən 10 iyun 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.344 ABŞ dolları, cəmi 15.491 ABŞ dolları təşkil edir. İş materiallarında olan 08 may 2013-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən 08 may 2013-cü il tarixdə 6.350 ABŞ dolları məbləğində pul vəsaitini almışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə X5 oğlu arasında bağlanmış 08 may 2013-cü il tarixli, 10-M-1- 0-713-13 saylı kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyəti X5 oğluna kreditdən istifadəyə görə illik 30% borc faizləri ödəməsi şərtilə, 18 ay müddətinə 6.350 ABŞ dolları məbləğində kredit vermişdir. Həmçinin eyni tarixli və eyni nömrəli girov və zaminlik müqavilələri üzrə müvafiq olaraq Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 7,9 qram çəkidə komplekt, 2 ədəd 13,3 qram çəkidə sırğa və 1 ədəd 8,1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasını banka girov qoymuş, Cavabdeh2 isə həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zaminliyi öz öhdəsinə götürmüşdür. Bununla da Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir Lakin mülki işin məhkəmə tədqiq zamanı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə tərəflər arasında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında müəyyən etmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə görə iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Həmin Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə X5 oğlu arasında bağlanmış 08 may 2013cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsi üzrə kreditin icra müddəti 07 noyabr 2014-cü il tarixdə bitmiş, sonuncu ödəniş isə 19 aprel 2019-cu il tarixdə edilmiş və iddia ərizəsi ilə məhkəməyə 28 iyun 2022-ci il tarixdə müraciət olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə iddia müddətinin axımı kredit müqaviləsi üzrə kreditin icra müddətinin bitdiyi vaxtdan, yəni hazırki halda 07 noyabr 2014-cü il tarixdən hesablanmalıdır. Beləliklə, istər 07 noyabr 2014-cü il tarixdən sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixə qədər müddət (4 il 05 ay) və həmin tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 28 iyun 2022-ci il tarixə qədər müddət (7 il 07 ay), istərsə də sonuncu ödəniş tarixi olan 19 aprel 2019-cu il tarixdən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi 28 iyun 2022-ci il tarixə qədər müddət (3 il 03 ay 09 gün) nəzərə alınmaqla iddia müddəti hesablanarsa, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü müəyyən etmək olar. İddiaçı açıq səhmdar cəmiyyəti 08 may 2013-cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 qarşı öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddətdən 7 il 07 ay sonra məhkəmədə iddia qaldırmasına, bununla da iddia müddətini buraxmasına dair məhkəməyə heç bir üzrlü səbəb və ya həmin səbəblərin üzrlü olmasına dair heç bir mötəbər dəlil təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddianın təmin edilməsinə hər hansı faktiki və hüquqi əsas müəyyən edilmədiyinə, habelə iddiaçı iddia müddətini üzrlü səbəblərdən ötürülməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyinə görə iddia tələbinə iddia müddəti tətbiq edilməklə, İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 169 manat 01 qəpik məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti bank olmayan kredit təşkilatının Cavabdeh1 və Cavabdeh2 qarşı 08 may 2013-cü il tarixli, 10-M-1-0-713-13 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 2.887 ABŞ dolları 79 sent, 10 iyun 2022-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 6.014 ABŞ dolları 7 sent, cərimə qismində 5.244 ABŞ dolları 58 sent, müqavilənin bitdiyi tarixdən – 08 noyabr 2014-cü il tarixdən 10 iyun 2022-ci tarixədək əsas borca illik 5 faizi dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 1.344 ABŞ dolları, cəmi 15.491 ABŞ dolları və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 169 manat 01 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, borcun əvəzinin Cavabdeh1 mülkiyyətindəki 1 ədəd 7.9 qram çəkidə komplekt, 2 ədəd 13.3 qram çəkidə sırğa və 1 ədəd 8.1 qram çəkidə üzükdən ibarət qızıl-zinət əşyasına yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-672/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-672/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver