Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-85/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili Vəkil2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə şəhər İcra Hakimiyyəti) torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, çıxarış və layihəyə uyğun icarəsində olan torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 02 aprel 2022-ci il tarixli 180 saylı sərəncamı ilə Gəncə şəhərində, D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində 80x10 m. ölçüdə torpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Torpağın iddiaçıya icarəyə verilməsinə dair xx.xx.2022ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 3168 saylı icarə müqaviləsi bağlanmışdır. Bununla bağlı, iddiaçıya iaşə obyektinin layihəsi təqdim edilmişdir və bu barədə xx.xx.2022-ci il tarixi ilə adına dövlət reyestrindən müvafiq çıxarış almışdır. İddia tələbinə görə cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına zəbt edib onun sahiblik hüququnu məhdudlaşdırmışdır. Ona görə də hesab edilir ki, cavabdeh məcburi qaydada iddiaçının icarəsində olan 0,008 ha torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə gedişində Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, ona həmin ərazi ictimai iaşə obyektinin tikintisi üçün 02 aprel 2002-ci ildə Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 180 saylı sərəncamı ilə 0,08 ha təhkim edilmiş və bu barədə memarlıq şöbəsi tərəfindən Gəncə şəhəri, Dədə Qorqud küçəsindəki istirahət bağında iaşə obyektinin eskiz lahiyəsi təqdim edilmişdir. Həmin vaxt müəyyən səbəblərdən tikinti apara bilməmiş, lakin buna baxmayaraq xx.xx.2022-ci ildə ünvan 2 ünvandan ona 0,008 ha torpaq sahəsi xx.xx.2022 - xx.xx.2024-cü ilə qədər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3166 saylı icarə müqaviləsinə əsasən icarəyə verilmiş, bu barədə çıxarış almışdır. Hər il 38,68 qəpik icarə müqavilə haqqını vaxtı-vaxtında ödəyir. Ona məxsus torpaq sahəsinin bir qismi cavabdeh tərəfindən zəbt edilmiş, 4 metrə qədər hissədə abidə inşa edilmişdir. Hesab edir ki, ona vaxtilə Memarlıq Şöbəsi tərəfindən təqdim olunan eskiz lahiyə planı öz əksini tapmalıdır. O həmin ərazidə işləmək üçün Sənan adlı şəxsdən 5000 manat almışdır ki, bir yerdə işləyələr. Həmin vaxt Cavabdeh də orada idi. Sənan həmin ərazidə fəaliyyətləri ilə bağlı avadanlıqlar quraşdırdı. Cavabdeh hər ikisini oradan uzaqlaşdırdı. Başqa şəxslər həmin ərazidə mövsümi işləmək üçün ona bildirmişlər ki, 7500 manat icarə haqqı ödəyə bilərlər. Lakin bu gün ona icarə müqaviləsi ilə təhkim olunmuş ərazidən istifadə edə bilmir. O, vətən müharibəsində, tarixi qələbənin qazanmasında “orduya dəstək” kompaniyasında fəal iştirakına və göstərdiyi fədakar əməyinə görə Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən fəxri fərmana layiq görülmüşdür. O, bugün də sahibkar kimi fəaliyyətini davam etdirir. Şəhid abidəsinin inşa olunmasında və təmirində öz vətəndaşlıq borcunu yerinə yetirir. Bir daha qeyd edir ki, cavabdeh həmin mübahisəli torpaq sahəsini zəbt etmiş, orada əvvəlcə “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə abidə ucaltmış, bir hissəsini də çayxana etmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini özbaşına zəbt edib onun sahiblik hüququnu məhdudlaşdırmışdır, cavabdehin özünəməxsus torpaq sahəsi yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, şəhid atasıdır, iddiaçı ilə mübahisəli torpaq sahəsi üçün aralarında 23000 manata razılşasalar da, pulu olmadığına görə Sənan adlı şəxs onun əvəzinə iddiaçıya 5000 manat pul vermişdir. Lakin sonradan İcra Hakimiyyətində məlum olmuşdur ki, həmin ərazi dövlətin parkıdır. Həmin torpaq sahəsinə dair iddiaçının heç bir sənədi yoxdur. 2022-ci ilin mart ayında 500 manat, aprel ayında isə 800 manat pul vermişdir. Apreldə iddiaçı ona etibarnamə vermiş, həmçinin ona İcra Hakimiyyətində bildirmişlər ki, həmin ərazi dövlətin parkıdır, bundan sonra ona və digər şəhid ailələrinə orada şəhidlər üçün abidə ucaltmağa icazə verilmişdir. İddiaçı onu aldadaraq ümumi etibarnamənin verilməsi üçün 7800 manat məbləğində pulunu almışdır. Sonradan həmin etibarnaməni ləğv etdirmişdir. Onun faktiki istifadəsində olan ərazinin iddiaçıya aidiyyəti yoxdur. Orada “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə ucaldılmış abidə isə təkcə onun tərəfindən deyil, bir çox şəhid ailələri tərəfindən tikilmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, abidə dövlətə məxsus əmlakda tikilib, cavabdehin Gəncə şəhər İcra Hakimiyyəti ilə icarə müqaviləsi var, cavabdehin 2 obyekti var. Abidəyə aid olan hissəyə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilib. Həmin abidə 100-dən çox şəhid ailəsinin təşəbbüsü ilə tikilib. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, sözügedən abidə isə cavabdehlə yanaşı bir çox şəhid ailələri tərəfindən tikilmişdir. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iddia tələbinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdı və izahatında bildirdi ki, sözügedən torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla parkın ərazisidir və iddiaçının istifadəsinə - icarəyə verilmiş, iddiaçı ilə müvafiq icarə müqaviləsi bağlanmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını, cavabdehi, onun vəkilini və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-4992/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3166 nömrəli icarə müqaviləsinə uyğun olaraq Gəncə şəhəri, D.Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış binasının oduğu 80,0 kv.m torpaq sahəsi icarəyə verilmiş və İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-7501/2024 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə mütəxəssis mülahizəsi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis mülahizəsinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. 2-ci və 3-cü suallara cavab olaraq müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsi, **********15 reyestr nömrəli Çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2077/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2- 10/1409 nömrəli, 27 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsi naturada (yerində) üst-üstə düşür. Cavabdeh tərəfindən inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsi, **********15 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı icarəsində olan 0,008 ha torpaq sahəsində yerləşir. İş materiallarına İddiaçı (icarəsinə) ayrılmış və və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsinə məxsus torpaq sahəsinin planı və ölçüsü əlavə eidlmişdir. İş materiallarına İddiaçı Müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində, tarixi qələbənin qazanmasında “Orduya dəstək” kompaniyasında fəal iştirakına və göstərdiyi fədakar əməyinə görə Gəncə şəhər Nizami Bələdiyyəsi tərəfindən təltif edilməsi barədə fəxri fərman əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə Filialının 150(105)/4 nömrəli, 17 fevral 2021-ci il tarixli arxiv arayışına (“Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının 02 aprel 2002-ci il tarixli, 180 nömrəli sərəncamı”), Azərbaycan Respublikası Gəncə şəhər İcra hakimiyyəti başçısının “vətəndaş X2 ictimai iaşə obyektinin tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında” 02 aprel 2002-ci il tarixli, 180 nömrəli sərəncamına və ona əlavə olunmuş sənədlərə əsasən Sadıllı yaşayış sahəsi, İ.Əliyev küçəsi, 41 nömrəli evdə yaşayan X1 xx.xx.2002-ci il tarixli, R-359 nömrəli ərizəsi, Memarlıq və tikinti şöbəsinin təklifi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsinin rəyi nəzərə alınaraq D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsindəki bağın giriş hissəsində 8,0 m x10,0 m. ölçüdə torpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üçün X2 təhkim edilmişdir. İş materiallarına mübahisəli torpaq sahəsinin və onun üzərində inşa edilmiş abidə tipli tikilinin 2 ədəd fotoşəkili əlavə edilmişdir. İş materiallarında olan səyyari ticarət və xidmət yerlərinin müəyyən edilməsinə dair icazədən çıxarışdan görünür ki, Cavabdeh Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 25 aprel 2024-cü il tarixli, İX0018 nömrəli müqavilə əsasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “ictimai iaşə xidməti, çayxana fəaliyyəti” adlı xidmət sahələrində icazə verilmiş, xidmətin aid olduğu təsnifat sahibkarlıq və biznes fəaliyyəti olmaqla, xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da məlum olur ki, Gəncə şəhəri, D.Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində 80x10 m. ölçüdə torpaq sahəsi ictimai iaşə obyektinin tikintisi üçün iddiaçıya ayrılmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 3166 saylı icarə müqaviləsinə əsasən İddiaçı (icarəsinə) ayrılmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə, ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsinin qanuni sahibi iddiaçıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin, istifadə hüququ isə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (MM-nin 152.2-ci və 152.3-cü maddələri). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır (MM, maddə 158.1.2). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2-ci maddə). Qeyd edilən müddəalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdeh iddiaçının qanuni sahibliyində olan torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən maddəaların mənasından göründüyü kimi, mülkiyyətçinin (əmlak hüquqlarına malik olan sahibin) öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: əmlakın mülkiyyətçiyə məxsus olması, əmlakın başqa şəxsin sahibliyində olması və sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini (qanuni sahibi) MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Qeyd edilən torpaq sahəsinin qanuni sahibinin iddiaçı olması işin yuxarıda qeyd edilən mübahisəsiz halları ilə müəyyən edilir. Həmin torpaq sahəsinin bir hissəsinin cavabdehin qanunsuz sahibliyində və istifadəsində olması da iş materialları, eləcə də cavabdehi tərəfin izahatı ilə təsdiq edilir. Belə ki, həm Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin 3-21-3-33/2-7501/2024 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis mülahizəsi, həm də məhkəmə tikinti-texniki ekspertizasının 3-16-16/2-10/1409 nömrəli, 27 fevral 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, inşa edilmiş abidə tipli tikilinin 4.0 (dörd) metrə qədər hissəsi iddiaçının qanuni sahibliyində olan ünvan 1 ünvanda yerləşən 0,008 ha-dan ibarət torpaq sahəsində yerləşir. Həmçinin cavabdeh izahatında “Dəmir Yumruq” və şəhidlərin xatirəsinə ucaldılmış abidənin təkcə onun tərəfindən deyil, bir çox şəhid ailələri tərəfindən tikildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddianın əsassızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda qeyd edilən əsaslar isə, sözügedən torpaq sahəsinin bir hissəsinin hazırda cavabdehin qanunsuz istifadəsində olduğunu deməyə əsas vermiş olur. Göründüyü kimi, şərh edilən hallar MM-nin 157.2-ci maddəsində əks olunmuş hər üç dispozitiv şərtin mövcud olmasına əsas verir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının qanuni sahibliyində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmalıdır. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (MM-nin 164.1-ci maddəsi). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər (MM-nin 165.1-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən torpaq sahəsinin qanuni sahibi kimi öz əmlakına sahib olmaq, öz əmlakından maneəsiz şəkildə istifadə etmək hüququna malik olduğundan, cavabdehin isə həmin torpaq sahəsinə dair hər hansı hüquqları mövcud olmadığından o, həmin torpaq sahəsindən çıxmağa borcludur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin təmin olunmasına baxmayaraq qiymətləndirilməyən iddia üzrə dövlət rüsumunun ödənilməsi hissədə cavabdehin şəhid ailəsi olması nəzərə alınmalı, məhkəmə xərci cavabdehə aid edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanda yerləşən, İddiaçı qanuni sahibliyində olan torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-85/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-85/2024
20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver