Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1014/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1431/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 14.01.2019-cu il tarixli “Avadanlığın çatdırılmasına və işlərin yerinə yetirilməsinə dair” müqaviləyə əsasən yaranmış 10.848,38 manat əsas borc, 1.084,8 manat penya borcu olmaqla, cəmi 11.933,18 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 19.08.2021-ci il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 10.06.2021-ci il tarixli qətnaməsi 14.06.2021-ci il tarixdə, onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə cavabdehin vəkili və nümayəndəsi Nümayəndə2 çatdırılmış (iş vərəqi - 167), cavabdehin apellyasiya şikayəti də eyni şəxs tərəfindən elektron kabinet vasitəsilə 17.07.2021-ci il tarixdə göndərilmişdir. Qətnamədən apellyasiya şikayəti vermə müddətinin son tarixinin 15.06.2021-ci il, həmin tarixin isə iş günü olması nəzərə alınarsa, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət cavabdeh tərəfindən 2 gün ötürülmüşdür. MPM-in 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. MPM-in 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətini əvvəlcə 22.07.2021-ci il tarixli qərardadla düzgün olaraq qaytardığı halda, sonradan cavabdehin şikayəti əsasında öz qərardadını heç bir faktiki əsas göstərmədən ləğv etməklə, qanunun sözügedən tələbinə zidd olaraq, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in: 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər; MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi KK-nın iş üzrə apellyasiyanın mümkün sayılması haqqında əvvəlki qərardadı ləğv edilməli, cavabdehin şikayəti qeyrimümkün sayılmalı, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 366, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hazırkı iş üzrə apellyasiyanın mümkün sayılması haqqında 19 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1431/2021 nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiyası qeyri-mümkün hesab edilsin. İş apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1014/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1014/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver