Məhkəmə qərarları › İş №2-2(103)-11/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-11/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr - Aidiyyəti üzrə daxil olan işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-11/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X7 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı “magistral su xəttinin mühafizə zonalarında inşa edilmiş tikililərin sökülərək mühafizə zonasının boşaldılmasının təmin edilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: ASC 2018-ci il 31 may tarixində M.Məmmədova qarşı onu tərəfindən ünvan 1 ünvanından keçən ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri əhalisinin, dövlət, özəl və ictimai obyektlərinin içməli su ilə təchiz edilməsi və axıdılan çirkab suların vaxtında və lazımi qaydada nəql edərək təmizlənib lazımi qaydada axıdılması paytaxtımızın gündəlik həyatı üçün mühüm əhəmiyyətə malikdir. Şəhərin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. M.Məmmədov tərəfindən ünvan 1 ünvanından keçən ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonasında qanunvericiliyin tələbləri pozulmaqla özbaşına tikili inşa edilmişdir. İnşa edilmiş tikili nəticəsində M.Məmmədov tərəfindən “Su təchizatı və tullantı suları haqqında” və “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununlarının, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının tələbləri kobud surətdə pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli 2-2(113)-38/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində aparılan əvvəlki icraatlar: ASC 2020-ci il 23 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2- 2(103)- 80/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 12 avqust tarixli e-2-2(113)-38/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ASC 2021-ci il 16 may tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021- ci il tarixli, 2-2(102)-304/2021 nömrəli qərarı ilə, İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 18 fevral tarixli 2- 2(103)-80/21 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Təkrar apellyasiya baxışı zamanı işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin üzürlü hesab ediləcək səbəblərdən baş verməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq iş mаtеriаllаrını və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir : İş materiallarında olan : - İddiaçı ASC-nin “Bakı Sukanal” İdarəsinin rəisinin (Habil Quliyev) ünvan 1 ünvanında inşa edilmiş tikilinin sahibi X4 ünvanladığı xx.xx.2017-ci il tarixli Xəbərdarlıq məktubuna əsasən, X2 özbaşına inşa etdiyi tikilinin sökülməsi və sözügedən magistral su kəmərinin üzərinin və mühafizə zonasının boşaldılmasını təmin etməyi tələb edilmiş, əks təqdirdə İcra Hakimiyyəti orqanları və ya məhkəmə vasitəsi ilə özbaşına tikilinin əvəzi ödənilmədən sökülməsi həyata keçirilərək və bununla bağlı çəkilmiş bütün xərclər əlavə xərclərin X2 tələb olunacağı bildirilmişdir. “Bakı Sukanal” İdarəsinin Magistral xətlərə və Kollektorlara texniki nəzarət sahəsinin rəisi Qəhrəman Əhmədovun, həmin sahənin mühəndisi Fuad Əbilovun və Firdovsi Nəcəfovun iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Mühafizə zonasının pozulması barədə” Akta əsasən İddiaçı ASC-yə məxsus diametri 700 mm olan magistral su kəmərinin Nəsimi rayonu, N.Vəzirov küçəsi 1 ünvanından keçən hissəsində xəttin üzərində və mühafizə zonasında özbaşına tikinti işləri aparılıb. Həmin tikili X4 məxsusdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə 005451 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 70,3 kv.m qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2005-ci il tarixdə 005452 saylı Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanında yerləşən 60,0 kv.m qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətidir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin xx.xx.2003-cü il tarixdə tərtib olunmuş 005557 nömrəli Texniki Pasportuna əsasən ünvan 1 ünvanında yerləşən 90 saylı mağaza 1973-cü ildə tikilmişdir, tikinti altı sahə 143,8 kv.m, ümumi sahə 130,3 kv.metrdən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12073 nömrəli xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, baxış zamanı tədqiq olunan obyektin yerləşdiyi ərazidən diametri 700 mm olan yeraltı su kəməri keçdiyi müəyyən edilmişdir. Lakin su kəmərinin digər hissələri torpağın altında olduğundan və kəmərin çəkilməsinə dair layihə sənədləri iş materiallarında olmadığından, həmin kəmərin konkret olaraq hansı istiqamətdə çəkildiyini və tədqiq olunan obyektin altından keçdiyini müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı ASC-nin sökülməsini tələb etdiyi tikili ilə X4 məxsus olan xx.xx.2005-ci il tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə qeydiyyata alınan tikilinin eyni obyekt olduğu və mübahisəli tikilinin xx.xx.2005-ci il tarixli 005451 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə ilə əhatə olunan ərazidə yerləşdiyi müəyyən edilmişdir. İşin hallarından görünür ki, iddiaçı ünvan 1 ünvanından keçən İddiaçı ASC-yə məxsus magistral su kəmərinin üzərində və mühafizə zonasında cavabdeh tərəfindən inşa edildiyini iddia etdiyi özbaşına tikilinin sökülməsi və mühafizə zonasının boşaldılması tələb edir. Mülki Məcələnin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.4.3-cü maddəsinə əsasən, satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə görə su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin), həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək huquqlarına malikdirlər. Həmin Qanunun 70-ci maddəsinə görə su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a)su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. Kollegiya bildirir ki, iş materiallarında olan ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-ə satılmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 70,3 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə dair X3 adına verilmiş 005451 nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri, 23 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 4Ə/199 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirilmişdir. Kollegiya tərəfindən iddiaçı X5 əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan xx.xx.2023-cü il tarixli, 10/5771 nömrəli, məktuba əlavə edilmiş məlumat xarakterli məktubdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi zamanı təqdim olunan sahədə faktiki olaraq hər hansı tikilinin mövcud olmadığı, ərazinin avtomobil dayanacağı kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İşin hazırkı hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində hər hansı qanunsuz tikilinin mövcud olması müəyyən edilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver