Məhkəmə qərarları › İş №2-2(103)-12/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-12/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-12/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-334/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17.03.2017-ci il tarixə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 434.899,54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.783.030 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-2(113)-334/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh-nin hal-hazırda iddia tələbində göstərilən borcu mövcud olmamışdır. Hal-hazırda cavabdehin borcu təxminən 150000 manat civarında olmuşdur ki, məhkəmənin iddianı təmin edərək cavabdehdən 434899,54 manat məbləğində borcun tutulmasına dair qətnamə qəbul etməsi qanunsuzluqdur. Bundan başqa cavabdehin iddiaçıya qarşı borcun silinməsinə dair dair iddiası üzrə inzibati iş başa çatmamışdır. Belə olduğu halda məhkəmənin iş üzrə icraatı təzələməsi qanunsuz olmuşdur. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün 23.07.2013-cü il tarixli bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 14.10.2013-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 23.07.2013-cü il tarixə yaranan 774921,96 manat borcuna görə 1.783.030 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 22.02.2016-cı il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdeh 13.01.2017-ci il tarixli bildirişlər xəbərdar edilmişdir. Cavabdehin 17.03.2017-ci il tarixə dövlət büdcəsinə 434.899,54 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Həmin Məcəllənin 90.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisi olan Cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin büdcəyə ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 14.10.2013-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında Cavabdeh-yə məxsus 1.783.030 manat dəyərində əmlak siyahıya alınmış və bu barədə 22.02.2016-cı il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Eyni zamanda məhkəmə aktlarının elektron bazasına əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İddiaçı1nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, "xxxx" ASCnin şəxsi hesab vərəqəsindən 82135,78 manat əsas borcun ümidsiz borc kimi silinməsinin Azərbaycan Respublikası İddiaçı1nə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 nömrəli iş üzrə 19.07.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi 11.12.2018-ci il tarixli 2-1(103)-2813/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.04.2019-cu il tarixli 2-1(102)-1219/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11.12.2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi 29.08.2019-cu il tarixli 2-1(103)-1763/2019 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 07.01.2020-ci il tarixli 2-1(102)-121/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29.08.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-1(103)-59/2021 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2144/2018 saylı 19 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23.11.2020-ci il tarixli 2-1(102)-1140/2021 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-1(103)-59/2021 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının 03.07.2018-ci il tarixə mövcud borcundan 22052,02 manat (iyirmi iki min əlli iki manat iki qəpik) əsas vergi borcu və 46793,8 manat (qırx altı min yeddi yüz doxsan üç manat səksən qəpik) maliyyə sanksiyası olmaqla, ümumilikdə 68845,5 manat (altmış səkkiz min səkkiz yüz qırx beş manat əlli qəpik) borcun ümidsiz borc kimi silinməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Göründüyü kimi Cavabdeh-nin dövlət büdcəsinə ödənilməmiş 434.899,54 manat borcundan 68.845,5 manatı ümidsiz borc kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında silinmişdir. Ümidsiz borc kimi silinmiş borcu nəzərə aldıqda isə müəyyən olunur ki, Cavabdehnin hazırda 366.053,72 manat borcu vardır. Qeyd olunanları və istinad olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı cavabdehin dövlət büdcəsinə ödənilməmiş 366.053,72 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.783.030 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb etməkdə haqlıdır. Ona görə də, iddia qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləğinə aid hissədə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-334/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin və Cavabdeh-nin dövlət büdcəsinə ödənilməmiş 366.053,72 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.783.030 (bir milyon yeddi yüz səksən üç min otuz) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar