Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-2/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-615/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq m üəyyən е t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 18.05.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 24312.40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 28000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh MMC - Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır, yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 18 may 2018-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 18 may 2018-ci il tarixə yaranan 24312.4 manat borcuna görə 28000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 29 may 2018-ci il tarixli **********6 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə bilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 12 iyun 208-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 18 may 2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 24312.4 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4-cü, 26-cı,149-cu, 150-ci, 216-cı və 220-ci maddələrinə istinad edərək, cavabdehin 18 may 2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 24312.4 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 28000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-615/2018 saylı, 01 oktyabr 2018ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş,Cavabdeh MMC-nin 18.05.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 24312.40 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 28000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması, əmlakın satılmasından əldə edilmiş məbləğdən 24312,40 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumu vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 20.05.2019-cu il tarixdə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, 2 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin 2-2(82)-615/2018 saylı 01 oktyabr 2018-ci tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi isə cavabdeh kimi MMC-nin vergi orqanına nə qədər vergi borcunun olmasını, bu borcun olmasını təsdiq edən hansı sübutunun olmasını, hərracda satılası qeyd olunan əmlakın nədən ibarət olması, həmin əmlakının qiymətinin hansı əsaslarla müəyyən edilməsini, eləcə də aktda göstərilən əmlakların cavabdehə məxsus olmasını ümumiyyətlə araşdırmamış, formal əsaslarla iddiaçının ərizəsini olduğu kimi köçürməklə iddianın təmin olunması nəticəsinə gəlmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmənin 2-2(103)-453/2019 saylı, 28.08.2019-cu il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı mübahisə qaydasında baxılan iş həll edilənə qədər, yəni qərar və ya qərardad qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 08.09.2021-ci il tarixdə məhkəmə sorğusuna cavab olaraq daxil olmuş, məktubda iddiaçı Cavabdeh MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 19.05.2021-ci il tarixli qərardadının qanuni qüvvəyə mindiyi qeyd edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə icraat təzələnmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarında olan: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh MMC 28.01.1994-cü il tarixdə qeydiyyatdan keçmişdir. - Cavabdeh MMC-nin şəxsi hesab vərəqəsinin surətindən görünür ki, Cavabdeh MMC-nin vergilər üzrə cəmi 25.178,14 manat məbləğində borcu yaranmışdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən cavabdehə ünvanlanmış vergi borcunun ödənilməsinə dair 18953982-Ä saylı bildirişdən görünür ki, Cavabdeh MMC-dən 17.05.2018-ci il tarixə dövlət büdcəsinə vergilər üzrə 17.185,139 manat, maliyyə sanksiyaları üzrə 5.148,25 manat faizlər üzrə 4.605,28 manat, ümumillikdə 26.938,92 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 18.05.2018-ci il tarixli, **********6 nömrəli qərardan görünür ki, Cavabdeh MMC (VÖEN **********) vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********6 saylı, 25.05.2018-ci il tarixli protokoldan və aktdan görünür ki, Cavabdeh MMC-yə məxsus ünvan 2 ünvanı siyahıya alınmışdır, əmlak məsul saxlanma üçün “Seymur-M MMC-nin direktoru X2 təhvil verilmişdir. - Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti tərəfindən tərtib edilmiş 29.05.2018-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Rafiq Əlicanov ev 1/9 ünvanında yerləşən Tibb Mərkəzi məsul saxlanması üçün Cavabdeh MMC-yə təhvil verilmişdir. - Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 12.06,2018-ci il tarixli xəbərdarlıqdan görünür ki, siyahıya alınmış əmlaklara dair bağlanılmış əqdlər etibarsız hesab edilməklə həmin əmlakların israf edilməsinə, gizlədilməsinə, özgəninkiləşdirilməsinə yol verildiyi təqdirdə qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunması barədə xəbərdaqlıq edilmiş əmlakın siyahıya alınmasından sonra 30 gün müddətinə vergilər, faizlər, maliyyə sanksiyaları üzrə yaranmış borc tam ödənilməzsə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamenti (vergi orqanı) ilə Cavabdeh MMC (vergi ödəyicisi) arasında bağlanmış 04.02.2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqavilənin surətindən görünür ki, vergi orqanı vergi ödəyicisinə sənədlərin elektron şəkildə göndərilməsini, vergi ödəyicisi istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, İnternet vergi idarəsində vergi bəyənnamələrinin elektron sənəd formasında göndərilməsini, vergi orqanı onların qəbulunu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsini öz öhdələrinə götürmüşlər. Müqavilə 1 il müddətinə imzalanmışdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nətici ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.6-cı maddəsinə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 89.1 maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Həmin Məcəllənin 90.1 maddəsinə uyğun olaraq Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi olan Cavabdeh MMC vergi öhdəliyini lazımınca yerinə yetirməyərək, vergi borcunun dövlət ödənilməsini təmin etməmişdir. Bu səbəbdən də 18.05.2018-ci il tarixə dövlət büdcəsinə olan borc 24312.4 manat məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə 28000 manat dəyərində əmlakı siyahıya alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən vergi borcunun onun əmlakına yönəldilməsi barədə tələbi əsaslı olmuş və iş materialları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda hazırkı iş üzrə icraatın dayandırılmasına əsas olmuş iddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi və s. barədə iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(103)-494/2021 saylı, 19.05.2021-ci il tarixli qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh MMC-nin vergi borcunun məbləği iş materiallarında olan şəxsi hesab vərəqəsindən çıxarışla öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə məxsus siyahıya alınmış əmlakın iş materiallarında olan **********6 №-li protokola əsasən 1 ədəd Rusiya istehsalı olan “Rentgen aparatı” (Rum -40) – 5000 AZN; 1 ədəd Almaniya istehsalı olan “Uzi aparatı” (Medsin Riko) -8000 AZN və 1 ədəd Almaniya istehsalı olan “Rentgen aparatı” – 15000 AZN– ümumilikdə 28000 AZN olması müəyyən edilir. Qeyd edilən protokol vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisinin nümayəndəsi X1 iştirakları ilə tərtib edilərək imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 615/2018 saylı, 01 oktyabr 2018- ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kоllеgiyаsı şərh оlunаnlаrı nəzərə аlаrаq, Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 404-1-ci mаddələrini rəhbər tutub q ə t е t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-615/2018 saylı, 01 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-2/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-2/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver