Məhkəmə qərarları › İş №2-2(103)-247/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-247/2020

18.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-247/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdeh X2 iştirakı ilə, İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X9 Baş İdarəsinin cavabdeh X4 qarşı “maliyyə sanksiyası üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Vergilər Departamenti cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 3249,58 manat borcunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)3708/2014 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)3708/2014 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(82)-3708/2014 saylı qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(82)3708/2014saylı qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin cavabdeh X4 qarşı “vergi, faiz və maliyyə sanksiyası üzrə borcun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti ləğv edildiyindən onun hüquqi varislərindən biri də Bakı şəhəri X9 Departamenti hesab olunmuşdur. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli 1340 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Vergilər Nazirinin xx.xx.2019-cu il tarxili **********017000 nömrəli əmri ilə Vergilər Nazirliyinin bütün departamentləri baş idarələr hesab edilmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(82)-3708/2019 nömrəli qərardadı ilə iş üzrə Bakı şəhəri X3 Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə qərardadında iş üzrə icraata xitam verilməsinin əsası kimi Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən həqiqətən vergi orqanının hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu lakin bu maddi hüquq normalarının ümumi xarakter daşıdığını, bu hüququn reallaşdırma qaydasının isə Vergi Məcəlləsinin 89-90-cı maddələri ilə müəyən edilməsini, vergi orqanının yalnız siyahıya əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə li, iddia qaldırmadan borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta ıi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında “ Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Vergi Məcəlləsinin 52 1-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərarını göstərmişdir. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi və MPM-nin 26.2.8-ci maddəsi məhkəmənin qərardadında qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından sonra yeni redaksiyada verilmişdir. Qeyd edilən dəyişikliyin əsaslarından biri də qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılması olmuşdur ki, məhkəmə tərəfindən qərardad qəbul edilərəkən qeyd edilən hal nəzərə alınmamışdır. Məhkəmə qərardadında qeyd edilənlərin əksinə olaraq vergi borclarının alınması ilə əlaqədar vergi ödəyicisinə bildirişin göndərilməsi təmin edilmiş, bank hesablarına sərəncamların qoyulması təmin edilmiş qeyd edilən faktları təsdiq edən sənədlər məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilməsi təmin edilmişdir ki, məhkəmə qərardad qəbul edərkən qeyd edilən halları nəzərə almamış iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparmadan qərardad qəbul etmişdir. Məhkəmə qərardad qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcu olduğunu, Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olduğunu nəzərə almamışdır. Məhkəmə qərardadında qeyd edilənlərin əksinə olaraq iddiaçı Baş İdarə cavabdehin dövlət büdcəsinə yaranmış borcun alınmasının təmin edilməsi məqsədilə vergi ödəyicisinin daşınmaz əmlakının olub-olmamasını müəyyənləşdirməkdən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu edilmiş, lakin cavabdehə məxsus daşınmaz əmlakın olması müəyyən olunmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaların dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qeyd edilən norma ümumi qaydada vergi orqanlarının vergilər üzrə borcların, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olmasını təsbit edir, bu hüququn realizə imkan və qaydaları isə Vergi Məcəlləsinin 89 və 90-cı maddələri ilə tənzimlənmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90-cı maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Sadalanan normaların tələblərini nəzərə alan məhkəmə hesab edir ki, vergi borclarının məhkəmə qaydasında alınması üçün vergi orqanı yalnız vergi ödəyicisinin siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ilə məhkəməyə müraciət edə bilər. Vergi orqanı öz səlahiyyətləri daxilində məhkəmədə iddia qaldırmadan da borcludan müvafiq sərəncam əsasında pul vəsaitini tuta bilər. Belə ki, Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə görə, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüquqlarıdır. Bundan əlavə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci və 82.2-ci maddələrinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikası Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında göstərmişdir ki, Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisinin öhdəliklərinin icra edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin qeyd olunan hüququn təmin edilməsi üçün vergi ödəyicisinin əmlakı VM-in 89.1-ci maddəsinin tələblərinə görə siyahıya alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, «İnzibati icraat haqqında» Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid olduğundan onun qərarı əsasında həyata keçirilir. «İnzibati icraat haqqında» Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddiaya məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X9 Baş İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməsi üçün əsaslar olmadığından təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 261, 263, 264, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri X9 Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-326/20 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar