Məhkəmə qərarları › İş №2-2(103)-364/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-364/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-364/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Cavabdeh qarşı «siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-19/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-19/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh xx xxx 2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 29.662,23 manat məbləğində borcunun ödənilməsinin məqsədi ilə 33.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğdən 29.662,23 manat məbləğində borcun və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayəti, Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-19/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi ilə verildiyindən, MPM-in 363.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ona poçt vasitəsilə göndərilmişdir. Həmin məktubu xx.xx.2019-cu il tarixində deyil, yeni il bayramından cəmi bir neçə gün qabaq yaşadığı fərdi yaşayış evinin darvazasının içəri tərəfində yerə atılmış vəziyyətdə taparaq götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş Azərbaycan Mülki Prosessual Məcəlləsinin («MPM») 376-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, belə hesab edir ki, cavabdehin şikayəti təmin edilmədən, Bakı Kommersiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə (poçt göndərişinin ştrix kodu: SS636635333AZ) rəsmi qaydada verilmiş, sonuncu isə həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixində poçta (SS610552013AZ) təqdim etmişdir. Göründüyü kimi, cavabdeh qətnamədən qanunla müəyyən edilən apellyasiya şikayəti vermə müddətini 13 gün ötürmüşdür. Belə olan halda, MPM-in 363.1.3-cü maddəsinin tələbinə görə müddət keçdikdən sonra verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh özü də şikayətində etiraf edir ki, qətnamə ona poçt vasitəsilə göndərilmişdir. Lakin, bu zaman qeyd edir ki, həmin məktubu xx.xx.2019-cu il tarixdə deyil, yeni il bayramından bir neçə gün əvvəl darvazadan içəriyə atılmış vəziyyətdə tapmışdır. Cavabdehin qeyd olunan dəlillərinə diqqət yetirdikdə, məktubu tapdığı zaman vaxtın belə söyləmək onun üçün çətindir. Çox güman ki, bu qeyri-səmimiliyini sübutlarla əsaslandırmaq onu üçün heç də asan deyil. Odur ki, məhkəmə kollegiyası onun sübutlara söykənməyən, mötəbərlilikdən uzaq olan, qeyri-konkret dəlillərini formal xarakterli dəlillər kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə tərəfindən onun apellyasiya şikayətinin qaytarılması qanuni və əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası, Cavabdeh şikayətinin prosessual müddəti ötürmədiyini vurğulayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadınının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən şikayətin geri qaytarılması barədə məhkəmə qərardadlarından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-19/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar