Məhkəmə qərarları › İş №2-2(103)-381/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-381/2020

05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-381/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh “xxxx” MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vergilər Nazirliyi) qarşı “hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-597/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçıASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/14 saylı icra sənədi üzrə ipoteka predmetləri olan: - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilə dair keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin iddiaçı “İddiaçı“ ASC-dən tutulmadan və ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə: “Şuşa rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(077)-352/14 saylı qətnaməsi ilə İddiaçı ASC ilə cavabdehlər X6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 11 saylı kredit müqaviləsi üzrə X2 və X7 müştərək qaydada 190000 manat məbləğində əsas, 49361,22 manat məbləğində faiz borcu, 1000 manat məbləğində cərimə borcu, ümumilikdə 240361,22 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin X4 mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində istifadədə olan 0.0877 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binada 38.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 12 nömrəli mənzilə və X8 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. Məhsəti Gəncəvi küçəsində istifadədə olan 0.08116 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 5 mərtəbəli binada 70.51 kv.m ümumi sahədən ibarət 3 otaqlı 16 nömrəli mənzilə yönəldilməsi və mənzillərin açıq hərracdan satılması, həmin mənzillərin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən məbləğ və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun “İddiaçı" ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra sənədi icra edilməsi üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra məmuru Amil Əmirov tərəfindən xx.xx.2016-cı il tarixdə icraata başlanılmış, borclular tərəfindən icra sənədi könüllü icra olunamış, məcburi icra tədbirləri görülmüş, hərracın təşkili və keçirilməsi üçün cavabdeh hərrac təşkilatçısına sifariş məktubu göndərilmiş, onun açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli, 01/4200 saylı bildirişinə əsasən icra sənədi üzrə ipoteka predmetləri olan - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzilin ilkin satış qiyməti 62000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 20 ünvanında yerləşən 16 saylı mənzilin ilkin satış qiyməti 85000 manat olmaqla xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmışdır. İlkin hərrac baş tutmadığından xx.xx.2019-cu il tarixli, 01/2300 saylı bildirişlə təkrar hərrac xx.xx.2019-cu il tarixə təyin edilmiş və ipoteka predmetləri olan əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərrac baş tutmadığından cavabdehin xx.xx.2019-cu il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrara hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "İddiaçı" ASC-yə təklif olunmuşdur. Cavabdeh bildiriş məktubunda qeyd etmişdir ki, ipoteka saxlayan ipoteka predmetini əldə etmək üçün ipoteka predmetini əldə etmək hüququna malik olan şəxs qismində çıxış etdiyi halda hərracın xidmət haqqını ödədikdə protokol tərtib olunur və torpaq sahələrinin ödəmə mənbəyindən tutulan sadələşdirilmiş vergi də protokol tərtib edilməmişdən öncə ödənməlidir. İddiaçı cavab olaraq xx.xx.2019cu il tarixli məktubla təklifi qəbul etmiş əmlakları almağa razı olduğunu qeyd etmiş, hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasını cavabdehdən xahiş etmiş və sonuncunun göstərişinə görə lakin sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi, ev 1 ünvanında yerləşən 12 saylı mənzil üzrə 1399,18 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ev 20 ünvanında yerləşən 16 saylı mənzil üzrə 1918,23 manat xidmət haqqı ödənilməli olduğunu göstərmişdir. “İddiaçı" ASC tərəfindən “xxxx" MMC-nin hesabına hər iki mənzil üzrə 3317,41 (bir mənzilə 1399,18 manatdan) xidmət haqqı ödənilmişdir. Bundan sonra cavabdeh iddiaçıya 01/4192 saylı, 01.11 2019-cu il tarixli məktub ünvanlayaraq alqı-satqı müqavilələrinin bağlanması üçün əlavə olaraq daşınmaz əmlaklara hesablanmış sadələşdirilmiş verginin ödənilməsin tələb etmiş, daşınmaz əmlaklara dair sadələşdirilmiş vergi ödənilmədiyi təqdirdə rəsmiləşdirilmənin aparılmasından imtina olunacağı bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin sadələşdirilmiş verginin ödənilməməsi əsası ilə keçirilmiş hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin bağlanmasından imtinası əsassızdır.” Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-597/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş, yanlış və əsassız qənaətə gəlmişdir. Belə ki, vergi qanunvericiliyinə x xxxxxx 2016-cı il tarixdən yeni dəyişikliklə əlaqədar qüvvəyə minən 218.4.3-cü maddəsinə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2, 102.1.18, 106.1.16, 144.1.1, 144.1.2-ci maddələrində nəzərədə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Həmin Məcəllənin 219.3-1, 150.1.9, 150.3-1-ci maddələrindən görünür ki, yalnız mülkiyyətində lan yaşayış və ya qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisi hesab olunur və təqdim edilməsi ilə bağlı müqaviləni təsdiq edən notarius bu vergini yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutaraq dövlət büdcəsinə ödəyir və bununla bağlı müvafiq hesabatı vergi orqanına təqdim edir. Başqa sözlə həmin sahələrin təqdim edilməsi zamanı mülkiyyətçi ilə alıcı arasında bağlanmış alqı-satqı müqaviləsini təsdiq edən notarius mülkiyyətçinin əldə etdiyi gəlirindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sadələşdirilmiş vergini hesablayaraq ödəmə mənbəyində tutur və dlövlət büdcəsinə ödəyərək bu barədə hesabatı vergi orqanına təqdim edir. Yəni, sahənin təqdim edilməsi əməliyyatında onu təqdim edən (satan) mülkiyyətçi və alan şəxs çıxış edir və bu təqdim olunma zamanı notarius tərəfindən sadələşdirilmiş vergi məhz mülkiyyətçinin əldə etdiyi gəlirindən ödəmə mənbəyində tutulur. Qeyd olunanlardan fərqli olaraq xx.xx.2019-cu il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 150.1.13-cü maddəsində, qanunvericilikdə nəzərdə tutulan istisnalar nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi zamanı sadələşdirilmiş verginin tutulması öhdəlyi hərracın nəticələrini “Daşınmaz əmlakın dövlətt reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsində müəyyən olunmuş prtokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar tərəfindən sadələşdirilmiş verginin məhz yaşayış və ya qeyri-yaşayış sahəsinin mülkiyyətçisindən tutulması göstərilməmişdir. Belə ki, İpoteka haqqında Qanunun 41.2, 43.8, 47.2, 47.4, 47.5,-cü maddələrinin təhlilindən görünür ki, borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə qərarının icrası məqsədilə icra məmuru ipoteka predmetinin satılması üçün hərrac təşkilatlarına sifariş verir və hərrac təşkilatları tərəfindən hərrac baş tutmadıqda ipoteka predmeti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində ipoteka saxlayan onu banka təklif edir. Bank, ipotekaya xitam verilməməsi üçün ipoteka predmetinin təqdim edilməsi əməliyyatında ipoteka predmetini əldə edən, hərrac təşkilatı isə ipoteka predmetini satan (mülkiyyətçisi) deyil, məhz hərracın keçirilməsinə cavabdeh olan şəxs kimi çıxış edir. Yəni, qeyd olunan təqdim etmə əməliyyatı zamanı ipoteka predmetinin satıcısı faktiki mövcud olmur. Hətta hərrac baş tutsa belə, bu halda yalnız ipoteka predmetini əldə edən mövcud olacaq satıcı qismində bu əməliyyatda heç bir subyekt çıxış etmir. İpoteka predmetinin hərrac vasitəsilə təqdim edilməsi zamanı hərracın nəticələrini protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergini hesablayaraq ipoteka predmetini əldə edən bankdan tutması, onun dəyəri bankın tələbindən artıq olduğu halda vergiyə görə ödənilən vəsaiti çıxaraq qalan vəsaitin ipoteka qoyana qaytarılması, az olduğu halda isə qalan borcun üzərinə gəlməsi qanunvericilyin tələblərinə tam uyğundur. Vergi məbləği məhz əldə edənin həyata keçirdiyi ödənişdən tutulur, lakin bu məbləğ əmlakı təqdim edənin hesabına aid edilir. Hazırkı halda bank ipoteka predmetini öz mülkiyyətinə qəbul etməklə borcu şəxsin borcunu əvəzləşdirir. Başqa sözlə, mülkiyyətçinin gəlirini onun bank qarşısında olan borc öhdəliyinin əvəzləşdtirilməsi təşkil edir və gəlir bank tərəfindən ona verilmiş sayılır. Gəlir ona məhz bank tərəfindən verilir. Vergi qanunvericiliyi sadələşdirilmiş verginin məhz gəliri ödəyən şəxsdən (bankdan) tutulmasını, lakin bu veorginin əmlakı təqdim edən şəxsin hesabına aid edilməsini müəyyən edir. Beləliklə, hərrac vasitəsilə əmlakın təqdim edilməsi zamanı hər bir halda sadələşdirilmiş verginin tutulması baş verməlidir. Vergi tutulmadan yekun protokolun tərtib olunması yolverilməzdir. Məhkəmə kollegiyasının hazırkı iclasında üçüncü şəxs Azərbaycan Respublikasının Vergilər Nazirliyi MPM-in 58-ci maddəsinə müvafiq olaraq, prosessual hüquq varisi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi R.Nəcəfquliyev apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Aydınov apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin (“MPM”) 135.8-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, üçüncü şəxs vergi orqanının apellyasiya şikayətindən göründüyü kimi, Vergi Məcəlləsinin 150.1.9, 150.3-1, 150.1.13, 218.3.4, 219.3-1-ci maddələrinə istinadən hesab edir ki, ödəmə mənbəyində sadələşdirilmiş vergi, hərracın keçirilməsi əməliyyatında satıcı mövcud olmasa da, ipoteka predmeti olan əmlakları əldə edən iddiaçı bankdan tutulmalıdır. Vergi orqanı bu mövqeyini onunla əsaslandırır ki, bank, borc öhdəliyinin əvəzləşdirilməsi qaydasında gəlir ödəyən şəxsdir, yəni bankın həyata keçirdiyi ödəniş gəlir mənbəyidir, vergitutma obyektidir. Sadələşdirilmiş vergi də məhz, həmin məbləğdən tutulur, amma əmlakı təqdim edənin hesabına aid edilir. Məhkəmə kollegiyası üçüncü şəxsin kifayət qədər ziddiyyətli olan qeyd edilən dəlilləri ilə aşağıdakılara görə razılaşmır. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir. Həmin Məcəllənin 150.1.13-cü maddəsinə əsasən aşağıdakılar istisna olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsində müəyyən olunmuş protokola təsdiq edən ödəmə mənbəyində İxtisaslaşdırılmış təşkilatlar vergini tutmağa borcludur. Həmin Məcəllənin 150.3-cü maddəsinə görə notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Vergi Məcəlləsinin 13.2-ci maddəsinin qeyd olunan müddəalarından göründüyü kimi, mallrın, o cümlədən, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergitutma obyektləri sayılır. Həmin Məcəllənin 150.1.13-cü və 150.3-cü maddələrinin qeyd olunan müddalarından isə göründüyü kimi, yaşayış və qeyri-yaşayış sahələrinin (habelə torpaq sahələrinin) açıq hərrac qaydasında ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən təqdim edilməsi zamanı hərrac təşkilatı sadələşdirilmiş vergini hesablayaraq vergi orqanına ödəməyə borclu olduğu təsbit olunmuş, lakin bu zaman, qanunverici tərəfindən həmin verginin kimdən tutulmalı olmasına aydınlıq gətirilməmişdir. Konkret halda isə, hazırkı iş üzrə ipoteka saxlayan iddiaçı bankın ipoteka predmeti olan əmlakları təqdim edən “saticı” yerində qoyulması ictisna edildiyi halda, ondan ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması mümkünlüyü də istisna olunur. İddiaçının (bankın) “satıcı” statusunu alması isə, yalnız«İpoteka Haqqında» Qanunun 43.9-cu maddəsində nəzərdə tutulan halda mümkündür. Belə ki, Qanunun qeyd olunan 43.9-cu maddəsinin tələbinə görə ipoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir. Məhz həmin özgəninkiləşdirmə anı da məhz təqdim etmə anını və ona ödənilən əmlak dəyərindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması momentidir. Göründüyü kimi, hər bir halda, bank tərəfindən hərrac təşkilatçısının təklifi ilə əldə etdiyi ipoteka predmeti olan əmlaklara görə qanunun müəyyən etdiyi məcburi özgəninkiləşdirmə öhdəliyinin icrası anında təqdim edilmə zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəməsi mümkündür. Hətta, həmin anda əmlakların qiyməti, onun əldə etdiyi hərrac qiymətindən daha üstün qiymətlə satıldığı təqdirdə, dövlət büdcəsinə ödənilməli verginin məbləği də təbii ki, hərracdakı qiymətindən hesablanacaq vergi məbləği ilə müqayisədə daha çox büdcəyə xeyir gətirmiş olar. Başqa sözlə, qanunvericinin qeyd olunan 43.9-cu maddəsinin tələbi baxımından, iddiaçı bank cavabdeh tərəfindən ona edilən təklif əsasında əldə etdiyi ipoteka əmlaklarına görə vergi qanunvericiliyi ilə müəyyən olunan ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəmək öhdəliyindən yayınmasının mümkünsüzlüyü açıq görünür. Qeyd olunmalıdır ki, konkret halda, ondan ilkin, yəni, hərrac mərhələsində həmin verginin ödənilməsinin tələb olunması gələcəkdə həmin əmlaklar məcburi qaydada özgəninkiləşdirərkən, təkrarən eyni vergini ödəməsinə gətirib çıxarır. Halbuki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbinə görə heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Əslində, hazırkı mübahisənin kommersiya xarakterli olduğunu nəzərə alsaq, Mülki Məcəllənin 2.1-ci və 2.5-ci, eləcə də, «Normativ-hüquqi aktlar haqqında» Konstitusiya Qanunun 2.5-ci maddələrinin tələbləri baxımından, mübahisəli hüquq münasibətlərinə mülki qanunvericiliyin normaları tətbiq olunmalıdır. Lakin, mülki qanunvericiliklə də, həmçinin, açıq hərrac baş tutmadığı halda, iddiaçı bankın əldə etdiyi əmlaklara görə ondan ödəmə mənbəyində verginın tutulması ilə bağlı tənzimləyici normalar müəyyən edilmir. Konkret halda mübahisələndirilən məsələnin isə mülki qanunvericiliyin aşağıdakı normaları ilə əlaqəli şəkildə təhlili mümkünlüyündən söhbət gedə bilər. Mülki Məcəllənin 419.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Qeyd olunan normadan göründüyü kimi, ipoteka ilə yüklü edilmiş obyektin satınalma qiymətindən tutulmalı xərclərin, o cümlədən, vergilərin kimdən tutulacağı qeyri-müəyyəndir. Eyni zamanda, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində nəzərədə tutulur ki, ipoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən, vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Mülki qanunvericiliyin bu normasında isə ipoteka predmetinin saxlanılması və salamatlığı ilə bağlı ipoteka saxlayanın vergilər və digər xərclərdən söhbət gedir ki, burada da ipoteka predmetinin təqdim edilməsinə görə vergilərin kimdən tutulacağı barədə müddəa mövcud deyil. Həmin Qanunun “hərracın baş tutmamış elan edilməsi” ilə bağlı 43-cü maddəsinin müddəalarına gəldikdə isə, hərrac baş tutmamış elan edildiyi təqdirdə ipoteka predmetinin təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətləipoteka saxlayana təklif olunması və sonuncu tərəfindən alınması variantında da vergilərin kimdən tutulacağı tənzimlənməmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2020-ci il tarixli Qərarında da, məhz, keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığı vurğulanaraq müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab etmiş və bu baxımdan, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının qüsa müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarını tənzimləyici normaların qeyri-müəyyənliyi və mübahisəlndirilən məsələ ilə bağlı aydın olmayan məqamlar ipoteka predmetini əldə edən iddiaçı bankın xeyrinə şərh edilməli olan hallar kimi qiymətləndirir. Belə ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsində də imperativ şəkildə təsbit olunur ki, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Həmin qətnamənin ləğv edilməsi üçün MPM-in 385.1-ci maddəsində sadlanan əsaslar yoxdur. Qətnamə qanuni və əsaslıdır. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verildiyini, tətbiq edilməli olan qanunun düzgün tətbiq edilmədiyini, yanlış və əsassız nəticəyə gəlindiyini mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-597/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-597/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar