Məhkəmə qərarları › İş №2-2(103)-459/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-459/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-459/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MTK-ya qarşı «siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-355/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 75.542,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 427.800,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına vergi ödəyicisi Cavabdeh MTK vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, dövlət büdcəsinə borcu yaranmışdır. Borcun 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin borc yenə də ödənilməmiş, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2017-ci il tarixli qərar qəbul olunmuş və həmin qərar əsasında həmin tarixə yaranan 127.447,40 manat borcuna görə 427.800,00 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli **********8 saylı protokol tərtib edilmiş və əmlakın siyahısı həmin protokola əlavə edilmişdir. Bundan sonra, cavabdehə 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin borc ödənilməmiş qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-355/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı tərəfindən cavabdehin siyahıya alınmış 427.800,00 manat məbləğində əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, dövlət büdcəsinə olan 75.542,00 manat 35 qəpik məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutulması - qət olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, qətnaməni əsaslandırmamış qeyri-qanuni qərar qəbul etmişdir. Belə ki, borcun ödənilməsini təsdiq edən sənədlər rəsmi qaydada məhkəməyə təqdim edilmişdir. Məhkəmə işə baxarkən özü bildirdi ki, həmin sənədlərin işə aid olmasını müəyyən edə bilmədi. Məhkəmə təqdim edilən sübutlara hüquqi qiymət verməməiş, iddia tələbinin əsasını təşkil edən borcun ödənilib-ödənilməməsini qanunauyğun şəkildə araşdırmamış, cavabdehin hüşuqlarını pomuşdur. Azərbyacan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 385.1.1-ci maddəsinə əsasən isə maddi və proskssual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi(vəkili) Vəkil şikayəti dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, dövlət büdcəsinə ödənilmədiyi iddia olunan 75.542,35 manat məbləğidə borc məbləği cavabdeh MTK tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 cavabdehin şəxsi hesab vərəqəsini məhkəmyə təqdim edərək, cavabdehin dəlilləri ilə razılaşmamış və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Vergi Məcəlləsinin: 23.1.15-1-ci maddəsinə əsasən vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq hüququ vardır; 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir; 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər; Həmin Məcələnin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir; Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir; Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər; Məcəllənin qeyd olunan tələblərindən göründüyü kimi, vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl, vergi ödəyicisindən yerinə yetirilməmiş vergi öhdəliyinə görə yaranmış vergi borcunu tələb etmək kimi səlahiyyətləri (hüququ) müəyyən edilmiş, bu səlahiyyətlərin realizəsi mümkün olmadıqda isə, qanunla sadalanmış üsul və vasitələrdən istifadə etməklə, onun əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakını zəruri həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət etmək hüququnu müəyyən etmişdir. İddiaçı tərəfindən elektron qaydada cavabdehə ünvanlanmış xx.xx.2017-ci il tarixli bildiriş məktubuna və iddia ərizəsinə, işdə olan sərəncamlara, sair sənədlərə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixinə cavabdeh MTK-nın dövlət büdcəsinə 70,384,90 manat (39.710,76 manat vergilər üzrə, 1.000,00 maliyyə sanksiyası 29.674,14 manat faizlər üzrə) manat borcu olduğu bildirilərək ödənilməsi tələb olunmuş,lakin həmin borc cavabdeh tərəfindən ödənilməmiş, iddiaçı tərəfindən onun bank hesablarına sərəncamlarqoyulsa da nəticəsiz qalmışdır. Hazırkı mərhələdə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, cavabdehin şəxsi hesab vərəqindən görünür ki, iddiaçının iddia qaldırılmazdan bilavasitə öncə, cavabdehin xx.xx.2017-ci il tarixinə təkcə, faiz borcu 74.542,36 manat təşkil etmiş, xx.xx.2017-ci il tarixinə 78.745,83 manat həddinə yüksəlmişdir (Həmin tarixə, həmçinin, tikinti fəaliyyəti ilə bağlı sadələşdirilmiş verginin bərəbər hissələrlə ödəniləcək məbləği 531.566,23 manat borc kimi qeydə alınmışdır.) İş materiallarına və cavabdehin nümayəndəsinin (vəkilinin) məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmədiyi iddia olunan 75.542,35 manat məbləğində borc cavabdeh MTK tərəfindən mübahisələndirilməmiş, hal-hazıradək onun şəxsi hesabında təsbit olunur, qüvvəsindədir. Cavabdehin şikayətində istinad etdiyi, məhkəməyə təqdim etdiyi ödəniş sənədləri üzrə (13 ədəd ödəniş tapşırıqlarından) ödənişlər xx.xx.2017-ci il tarixindən sonrakı dövrdə 2018-2020-ci ilin əvvəlinə qədər icra olunmuşdur. Həmin ödəniş tapşırıqlarından 7-si üzrə cəmi ödənilmiş 116.000,00 manat məbləğində ödənişlərin konkret təyinatı cinayət işi üzrə vurulan ziyanın əvəzi olaraq həyata keçirilən ödənişlər, digər 6 ədədi isə cəmi, 75.000,00 manat məbləğini əhatə edən 2018-20219-cu illər üzrə konkret vergi dövrü üçün tikinti fəaliyyəti ilə bağlı sadələşdirilmiş vergi ödənişləridir. Cavabdehin şəxsi hesab vərəqinə əsasən isə müəyyən olunur ki, ən azından, mübahisələndirilən xx.xx.2017-ci il tarixinə onun, təkcə, faiz borcu yuxarıda qeyd edildiyi kimi, 75.000,00 manata yaxındır. İş materiallarından görünür ki, həmin borcun büdcəyə ödənilməsinin təmin olunması üçün cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2017-ci il tarixli qərar qəbul olunmuş və həmin qərara əsasən həmin tarixə yaranan manat borcuna görə 8 ədəd 427.800,00 manat dəyərində mənzil siyahıya alınmış və bu barədə xx.xx.2018-ci il tarixli **********8 saylı protokol tərtib edilmiş və əmlakın siyahısı həmin protokola əlavə edilmiş və eyni tarixli aktla əmlak MTK-nın nümayəndəsi X2 məsul saxlancına verilmiş və cinayət məsuliyyəti barədə ona xəbərdarılıq edilmişdir. Adıçəkilən həmin sənədlər, həmçinin, cavabdehin həmin nümayəndəsi tərəfindən imzalanmış və MTK-nın dairəvi möhürü ilə təsdiq olunmuşdur. Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. İşin tədqiq olunan sənədlərlə müəyyən olunan hallarından göründüyü kimi, vergi orqanı tərəfindən vergi borcunun dövlət büdcəsinin nəfinə tutulmasının təmin edilməsi üçün cavabdehin bank hesabına qoyulmuş sərəncamlar müsbət nəticə verməmiş,onda istehsalda iştirak etməyən digər əmlakı və hazır məhsullar və ya xammal da aşkar olunmamış, bundan sonra iddiaçı tərəfindən ona məxsus daşınmaz əmlak obyektləri siyahıya alınmışdır. Daha sonra,xx.xx.2018-ci il tarixdə MTK-ya xəbərdarlıq məktubu (№**********960900) ünvanlanaraq əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiayaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq verilmiş, lakin borc məbləği ödənilməmiş, artmaqda davam etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2017-ci il tarixinə yaranmış 75.542,35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi üçün onun 427.800,00 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını zəruri edən faktiki şərtlərin mvcudluğu sübuta yetirilir. Belə olan halda iddiaçı tələbində haqlıdır. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan halların araşıdırlmadığını, ödənişlərinin nəzərə alınmadığını mübahisələndirən dəlilləri işin nəticəsinə təsir göstərməyən formal xarakterli dəlillər kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsi isə nəzərdə tutur ki, məhkəmənin faktlar-nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instanasyia məhkəməsinin qətnaməsinin əsassız, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-355/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən vəMPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-355/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar