Məhkəmə qərarları › İş №2-2(103)-505/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-505/2022

06.05.2022 · Sair işlər - Digər - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-505/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli e-2-2(113)-4931/2021 saylı qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu və 678.623 avro cərimə borcu olmaqla, ümumilikdə cəmi 3.259.141 avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh MMC-yə, “Trade-Prod Co.LTD”-yə və “Alpha&X3 Limited”-yə qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu. 678.623 avro cərimə borcu kredit müqaviləsi üzrə 29.12.2013-cü il tarixdən 12.10.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 817.542 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4.076.683 avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, “Trade-Prod Co.LTD” və “Alpha&X3 Limited”-ni cavabdehlər sırasından çıxartmış və Cavabdeh MMC-dən iddiaçının xeyrinə 28 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.879.928 avro əsas borc, 700.590 avro faiz borcu və 678.623 avro cərimə borcu, kredit müqaviləsi üzrə 29 dekabr 2013-cü il tarixdən 12 oktyabr 2021-ci il tarixədək, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 817.542 avro məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 4.076.683 avro borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli e-2-2(113)-4931/21 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin 26 oktyabr 2021- ci il tarixli iddia ərizəsinə əlavəsinə əsasən iddiaçının tələbi yalnız cavabdeh "xxxx" MMC-yə qarşı “borcun tutulması” tələbidir. Yəni iddiaçının “Trade-Prod Co.LTD”-dən və “Alpha&X3 Limited”-ə qarşı hər hansı bir tələbi yoxdur. Məhkəmə isə əsassız olaraq “Trade-Prod Co.LTD”-dən və “Alpha&X3 Limited”-ə iddia ərizəsinə əlavənin göndərilməməsi (pretenziya qaydasına əməl olunmaması) səbəbi ilə iddia ərizəsini baxılmamış saxlamışdır. Bakı Kommersiya Məhkəməsinin 06.04.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin surətinin cavabdehlərə çatdırılması barədə qəbz məhkəməyə təqdim etmədiyi üçün iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən maddi və prosessual normaların tələblərini pozmuşdur. Belə ki, ərizənin baxılmamış saxlanmasının əsasları Mülki Prosessual Məcəlləsinin maddə 259-cu maddəsində sadalanmışdır. Lakin birinci instansiya məhkəməsinin istinad etdiyi hal (iddia ərizəsinin surətinin cavabdehlərə çatdırılması barədə qəbzin məhkəməyə təqdim edilməməsi) həmin əsaslardan heç birinə aid deyildir. Məhkəmənin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində də həmin hal nəzərdə tutulmamışdır. Belə ki, həmin maddədə 3 hal nəzərdə tutulmuşdur. Birincisi ərizə Mülki Prosessual Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən tərtib edilmiş, ikincisi ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmiş (MPMin 150.1.2) və üçüncüsü ərizəyə onu imzalanmış şəxsin buna səlahiyyətli olmasını təsdiq edən sənəd əlavə edilməmişdir (MPM-in 150.1.3). Bu baxımdan kollegiya hesab edir ki, həmin əsasla ərizə baxılmamış saxlanıla bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, əgər məhkəmə iddia tələbinin həcminin artırılması və ya azaldılması barədə ərizələrin cavabdehə çatdırılmadığına istinad edirdisə (qərardadda bu məsələ aydın şəkildə qeyd edilməyib), bu halda məhkəmə yalnız Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən həmin ərizələrin geri qaytarılması nəticəsinə gələ bilərdi. Məhkəmə isə bütövlükdə ərizənin baxılmamış saxlanılması nəticəsinə gəlmişdir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 20.12.2021-ci il tarixli e-2-2(113)-4931/2021 saylı qərardadı ləğv edilsin. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver