Məhkəmə qərarları › İş №2-2(103)-558/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-558/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-558/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Puta- Əyrici” Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(113)- 332/2020 nömrəli qərardadından iddiaçı tərəfdən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Vergilər Departamenti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin dövlət büdcəsinə olan 5.101.141,06 manat vergi borcunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-332/2020 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(113)-332/2020 nömrəli qərardadı ilə iddiaçı tərəfindən qərardaddan verilmiş şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-2(113)- 332/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Vahid Məhkəmə Portalında yeni şikayət qeydiyyata alınarkən məhkəmə işinin nömrəsini daxil etmək tələb olunur. Lakin məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2(113)-332/2020 nömrəli qərardadının nömrəsi həmin hissədə tapılmadığından ərizəni Vahid Məhkəmə Portalı vasitəsilə elektron şəkildə göndərmək mümkün olmamışdır. Göründüyü kimi, qeyd edilən hal Baş idarənin nöqsanı deyildir və iddiaçı şikayət verilməsi müddətini ötürməmək üçün məcburiyyət qarşısında qalaraq şikayəti dəftərxana vasitəsilə təqdim etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-332/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər iclasda öz nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(113)- 332/2020 nömrəli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-332/2020 nömrəli qərardadından şikayəti xx.xx.2020-ci il tarixdə elektron kabinet vasitəsilə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 10-1.3-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə başqa qaydada göndərilməsini istisna edir. İddiaçı şikayət ərizəsində qərardaddan şikayətin elektron formada göndərilməsinin texniki problem səbəbindən (Elektron Məhkəmə Portalında qərardadın nömrəsi tapılmadığı üçün) mümkün olmadığını göstərmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı araşdırma apararaq müəyyən etmişdir ki, elektron məhkəmə portalında mübahisələndirilən qərardad mövcud olduğundan həmin qərardaddan elektron kabinet vasitəsi ilə şikayət verilməsi mümkün olmuşdur. İş materiallarında iddiaçının şikayətinin göndərildiyi dövrdə hər hansı texniki problemlə üzləşdiyini təsdiq sübut (məhkəməyə müraciəti və s) mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(113)- 332/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020- ci il tarixli, 2-2(113)-332/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar