Məhkəmə qərarları › İş №2-2(103)-821/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-821/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-821/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1356/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2085 manat məbləğində icarə haqqı üzrə borcunun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.05.2021-ci il tarixli e-2-2(113)-1356/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayon İcra Hakimiyyətinin 30 may 2014-cü il tarixli 163 saylı sərəncamı ilə Cavabdeh əkinçilik məqsədi ilə X2 45 ha torpaq sahəsi uzunmüddətli istifadə etmək məqsədi ilə 20 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. Biləsuvar rayon İcra Hakimiyyəti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 30 may 2014-cü il tarixli 38 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 45 ha torpaq sahəsi əkinçilik məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. İddiaçı bildirir ki, icarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə 16.12.2020-ci il tarixə torpaq icarə haqqı üzrə 2085 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunan icarə haqqı üzrə borcun 7 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin olunması barədə cavabdehə 22.10.2020-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli torpaq sahəsi 2014-cü ildə ona təhvil verilsə də, həmin torpaq sahəsinə icarə hüququnu təsdiq edən çıxarışı yalnız 2019cu ildə almamışdır. İcarə müqaviləsində isə həmin müqavilənin icarə hüququna dair şəhadətnamənin verildiyi vaxtdan qüvvəyə minməsi göstərilmişdir. Bundan əlavə çıxarışı almadığından 2019-cu ilə qədər əkinçiliklə məşğul olmaq üçün subsidiyalardan istifadə edə bilməmişdir. Buna görə də hesab edir ki, 2019-cu ilədək yaranmış icarə haqqını ödəməli deyil. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 710.3-cü maddəsinə görə icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci abzasına görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Həmin Qanunun 19-cu maddəsinə görə icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aiddir. Biləsuvar rayon İcra Hakimiyyəti (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 30 may 2014-cü il tarixli 38 saylı müqavilənin 2.10-cu bəndinə görə icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aiddir. Eyni zamanda həmin müqavilədə icarə haqqının ödənilməsi ilə bağlı fərqi qaydalar müəyyən edilməmişdir. Qeyd olunan maddi hüquq normaları və icarə müqaviləsinin şərtlərindən müəyyən olunur ki, torpaq icarəsi müqaviləsi üzrə icarə haqqı icarəçi tərəfindən icarəyəverənə ödənilməli və yalnız sonuncu onun ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi isə qeyd olunan 30 may 2014-cü il tarixli 38 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə icarəyəverən deyil, lakin həmin müqavilə üzrə icarə haqqının ödənilməsini tələbini irəli sürür. Göründüyü kimi iddiaçı hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Çünki həmin hüquq qanunla icarəyəverən Biləsuvar rayon İcra Hakimiyyətinə aiddir. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadan rədd olunmalıdır. Hazırki iddianın qaldırılması əsası kimi iddiaçının istinad etdiyi dəlillər isə əsaslı hesab edilə bilməz Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin sonuncu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. İddiaçı da bu normalara istinad edərək hazırki iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin sonuncu abzasında qeyd olunan “nəzarət” sözü icarə müqavilələri üzrə icarəyəverənin hüquqlarının Dövlət Vergi Xidmətinə keçməsi və icarə haqlarının icarəçi tərəfindən ödənilməsinin tələb etməsi ilə bağlı hüquqların yaranması anlamına gəlmir. Çünki torpaq icarə müqaviləsi Mülki Məcəllənin 386.1 və 389.1-ci maddələri baxımından öhdəlikləri əmələ gətirən və mülki hüquq və vəzifələri müəyyənləşdirən müqavilədir. Ona görə də, həmin müqavilə üzrə tələb hüququnun başqa şəxsə keçməsi yalnız Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq tələbin güzəşt edilməsi ilə mümkündür. Lakin iddiaçı ilə 30 may 2014-cü il tarixli 38 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə icarəyəverən olan Biləsuvar rayon İcra Hakimiyyəti arasında belə müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 4.0.27-ci yarımbəndinə əsasən Xidmətin hüquqlarına icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmağın aid edilməsinə dair kollegiya qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1356/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 16.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı cavabdehdən 2085 manat məbləğində icarə haqqı üzrə borcunun alınıb dövlət büdcəsinə ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar