Məhkəmə qərarları › İş №2-2(104)-104/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-104/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-104/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 18 aprel 2021-ci il tarixli, T/Y/006 saylı icarə müqaviləsinin şərtlərinə əsasən 3 aylıq icarə haqqının, yəni 12000 manat pulun, mediasiya xərci hesab olunan 200 manat məbləğində vəsaitin, ümumilikdə 12200 manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 18 aprel 2021-ci il tarixli, T/Y/006 saylı icarə müqaviləsi bağlanmışdır. Müqaviləni Cavabdeh MMCnin baş direktoru X4 imzalamışdır. Müqavilənin şərtlərinə əsasən o, yəni İddiaçı özünə məxsus ** GK *** qeydiyyat nişanlı “Kraz” su maşınını icarəçiyə, yəni Cavabdeh MMC-yə icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. İcarə haqqı bir ay üçün 4000 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə əsasən maşın 3 ay müddətində icarəçi tərəfindən istifadə edilsə də icarə haqqı ödənilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia təmin edilərək, Cavabdehndən 12000 (on iki min) manat və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 18 aprel 2021-ci il tarixli, T/Y/006 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən İddiaçı məxsus olan **-GK-*** qeydiyyat nişanlı “Kraz su maşını” aylıq icarə haqqı 4000 manat olmaqla, 3 ay müddətinə icarəçiyə icarəyə verməyi, icarəçi Cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasınıxahiş etmişdir. Cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən nəzərə almamışdır ki, onlar tərəfindən müqavilə şərtlərinə əməl edilmiş, icarə haqqı tam ödənilmiş və hazırda iddiaçıya ödənilməmiş icarə pulu ilə bağlı borcları yoxdur. Əksinə iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməmiş, yəni iddiaçı tərəfindən 18 aprel 2021-ci il tarixli müqavilə 3 ay müddətinə bağlanmasına və müqavilədə həmin müddət ərzində iddiaçı tərəfindən Kraz su maşını cavabdehin tam istifadəsinə verilməsi qeyd edilməsinə baxmayaraq, iddiaçı müqavilə şərtlərinə əməl etməyərək cavabdehə maddi cəhətdən ziyan vurmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən onların, yəni cavabdehin nümayəndəsinin iştirakının təmin etməmişdir ki, onlar apelyasiya şikayətində göstərilənlərlə bağlı sübutlarını məhkəməyə təqdim etsinlər. Ona görə hazırki işə apelyasiya məhkəməsində baxılan zaman sübutlarını təqdim edəcəklər. Həmçinin 18 aprel 2021-ci il tarixli müqavilə Bakı şəhərində bağlanmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulan ərazi aidiyyatı qaydalarına əməl edilməmiş və hazırki işə Gəncə Kommersiya Məhkəməsində baxılmışdır. Halbuki, Mülki Prosessaul Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar cavabdehin rəsmi qeydə alındığı yerə görə və ya müqavilənin icra yerinə görə verilə bilər. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayənədsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavadbeh tərəfindən onlara heç bir məbləğ ödənilməmişdir. Cavabdeh birinci ay pulu ödəmədikdə, iddiaçı pulunu tələb etmiş, lakin cavadbeh gördüyü işlərə görə ona pul veriləcəyini və pulun verildiyi vaxt icarə haqqını ödəyəcəyini bildirmişdir. İddiaçı da buna görə müqavilə müddətinin sonuna kimi pulun veriləcəyini gözləmiş, lakin cavadbeh tərəfin onun aldatdığını başa düşdüyündən, müqavilə müddətinin sonunda maşını geri götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavadbehin nümayənədisnin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bunula yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahat verib bildirmişdir ki, icarəyə götürülmüş “Kraz” su maşınını iddiaçı tərəfindən icarə müqaviləsi bağlandıqdan 40 gün sonra götürülmüşdür. Həmçinin iddiaçıya 2300 manat məbləğində pul ödənilmişdir. 40 günə görə qalıq məbləği ödəməyə razıdırlar. Su maşının təvil verilməsi barədə təhviltəslim aktı mövcuddur. Həmin aktın, o cümlədən 2300 manat ödəniş barədə sənədin məhkəməyə təqdim edilməsi üçün vaxt verilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab ki, Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X2 ilə Cavabdeh MMC ilə aralarında 18 aprel 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən İddiaçı özünə məxsus olan **-GK-*** qeydiyyat nişanlı “Kraz” markalı su maşınını aylıq icarə haqqı məbləği 4000 manat olmaqla, 3 ay müddətinə icarəçiyə icarəyə vermiş, icarəçi Cavabdeh isə icarə haqqını ödəməyi öhdəsinə götürsə də müqaviləyə əsasən üzərinə düşmüş öhdəliyi yerinə yetiməmişdir. Məhkəmə kollegiyası cavadbehin şikayətinin dəlillərini əsassız hesab etmişdir. Belə ki, cavabdeh tərəf icarəyə götürülmüş “Kraz” su maşınının iddiaçı tərəfindən icarə müqaviləsi bağlandıqdan 40 gün sonra götürüldüyünü, həmçinin icarə haqqından iddiaçıya 2300 manat məbləğində pul ödənildiyini iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi təhvil-təslim aktının və icarə haqının ödənilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatətinə əsasən məhkəmə iclası təxirə salınsa da növbəti məhkəmə iclasında iştirak etməmiş və sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin işə aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair apellyasiya şikaytinin dəlilini də əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan vergi ödəyicisinin məlumat vərəqindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdeh olan hüquqi şəxsin ünvanı ünvan 1ndığı yerə görə aidiyyət qaydası prosessual qanunvericilikdə nəzərədə tutulmamışdır. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinin tələbinə görə isə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər ki, bu da iddiaçının seçiminə görə mümkündür. Hazırkı mübahisə üzrə isə iddiaçının seçimi hüquqi şəxsin hüquqi ünvanı üzrə olmuşdur. Buna görə də işə baxılan zaman ərazi aidiyyət qaydalarının pozulması müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsindən cavabdeh «Turanyol Group” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, e-2-2(115)-604/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver