Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-107/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(115)-82/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh 323,80 manat məbləğində icarə haqqı üzrə borcun alınıb dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-82/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı torpaq icarə müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-82/2023 saylı qətnaməsinin ləğv edilməsi və Cavabdeh torpaq icarəsi üzrə borcun alınması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”sinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən nəzarəti Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir. Azərbaycan Resbupliksı Ağstafa Rayonu İcra Hakimiyyətinin müavini ilə Cavabdeh arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən hər ilinə 120 manat icarə haqqı təşkil etməklə 120 hektar torpaq sahəsi beş il müddətinə cavabdehə icarəyə verilmişdir. İcarəçinin xx.xx.2022-ci il tarixə 323,80 manat borcu qalmışdır. Borcun dövlət büdcəsinə ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmırlar və xx.xx.2023-cü il tarixli e-2-2(115)-82/2023 saylı qətnaməni əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası Ağstafa Rayonu İcra Hakimiyyətinin müavini ilə Cavabdeh (VÖEN:**********) arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən hər ilinə 120 manat icarə haqqı təşkil etməklə 120 hektar torpaq sahəsi beş il müddətinə cavabdehə icarəyə verilmişdir. İcarəyə götürülən torpaq sahəsinə görə cavabdehin ümumilikdə xx.xx.2022-ci il tarixə torpaq icarə haqqı üzrə 323.80 manat borcu ödənilməmiş qalmışdır. Borcun dövlət büdcəsinə ödənilməsi barədə cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlığın alınmasına baxmayaraq, icarə haqqı üzrə borc ödənilməmişdir. Gəncə Kommersiya Məhkəməsi ərizənin rədd edilməsi əsası kimi göstərmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Məhkəmə iddianı təmin etməməklə Cavabdeh icarə haqqı üzrə borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə iddianı təmin etməməklə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsi ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. İş üzrə Cavabdeh aid vergi orqanında olan şəxsi hesab vərəqəsindəki icarə haqqı üzrə dövlət büdcəsinə 323.80 manat olan borcu onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmə iddiaçının ərizəsini təmin etməməklə mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. 14 saylı Ərazi Vergilər İdarəsində olan uçot məlumat bazasına əsasən Cavabdeh vergi ödəyicisi kimi 03 may 2017-ci il tarixdən Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmış və ona ********** VÖEN verilmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin 20 fevral 2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinə 31 oktyabr 2016-ci il tarixdə xitam verilməsi barədə sərəncamını vergi ödəyicisi Cavabdeh 05 yanvar 2022-ci il tarixdə məktubla vergi orqanına göndərmişdir. Bu da onu deməyə əsas verir ki, Cavabdeh 03 may 2017-ci il tarixdə vergi uçotuna alındığını və Ağstafa Rayon İcra Hakimiyyətinin 20 fevral 2013-cü il tarixdə bağlanmış icarə müqaviləsinə 31 oktyabr 2016-ci il tarixdə xitam verilməsi barədə sərəncamını 05 yanvar 2022-ci il tarixdə vergi orqanına daxil olduğunu nəzərə alaraq iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, Mülki Məcəlləsini 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Gəncə Kommersiya Məhkəməsi işin hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. Şikayətimizin yuxarıda göstərilən dəlillərindən də göründüyü kimi, Cavabdeh vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən icarə haqqı üzrə 323.80 manat dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Bu baxımdan verdikləri ərizəni təmin etməməkdə məhkəmə haqlı olmamışdır. Аpellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-82/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh və Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağstafa rayon İcra Hakimiyyəti başçısının 20 fevral 2013-cü il tarixli 38 saylı sərəncamından görünür ki, Ceyrançöl qış otlağının 167 saylı sahəsində yerləşən 30 hektar, 181 saylı sahədən 90 ha örüş otlaq sahəsinin Cavabdeh icarəyə verilməsi qərara alınmışdır. İş materiallarında olan 20 fevral 2013-cü il tarixli 10/13 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, 120 hektar dövlətə məxsus torpaq sahəsi kənd təsərrüfatı üçün 5 il müddətinə Cavabdeh icarəyə verilmiş, icarə haqqı olaraq hər il üçün 120 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon İcra Hakimiyyəti başçısının 31 oktyabr 2016-cı il tarixli 249 saylı sərəncamından görünür ki, Ağstafa rayonu ərazisindəki Ceyrançöl qış otlaqlarından Ağstafa RİH başçısının sərəncamı ilə Cavabdeh icarəyə verilmiş torpaq sahəsi üzərində icarə hüququna xitam verilmiş, sərəncamın imzalandığı tarixdən torpaq icarə haqqının ödənilməsini təmin etmək 14 saylı Ərazi Vergilər idarəsindən xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə 120 manat ödəniş etmiş, onun xx.xx.2016-cı il tarixinə 323,80 manat borcu qalmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsidir. Həmin Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İş materiallarından göründüyü kimi tərəflər arasında 20 fevral 2013-cü il tarixdə bağlanılmış icarə müqaviləsinə 31 oktyabr 2016-cı il tarixdə xitam verilmiş, icarə haqqının tutulması ilə bağlı tədbir görülməsi 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilmişdir. Buna baxmayaraq 14 saylı Ərazi Vergilər İdarəsi 31 oktyabr 2016-cı il tarixindən 6 il keçdikdən sonra, yəni 04 noyabr 2022-ci il tarixdə məhkəməyə icarə haqqının tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, iddia müddətini üzürsüz səbəbdən ötürmüşdür. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən məhkəmə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olduğuna, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğuna görə həmin şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-82/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-107/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-107/2023
06.03.2023 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver