Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-108/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(115)-184/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2395,48 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 743,07 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə vəsatət göndərərək işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(115)-184/2023 nömrəli qərardadı ilə (hakim K.Vəliyev) Maraqlı şəxs işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Maraqlı şəxs Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2- 2(115)-184/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonunda qeydiyyatda olsa da uzun müddətdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Lakin, onun işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Belə ki, onun qeydiyyatda olduğu Ağdam rayonu 30 ildən artıq idi ki, işğal altında idi və həmin müddətdə də o, Ağdam rayonunda qeydiyyatda idi. Məhkəmənin gəldiyi nəticəyə uyğun olaraq yanaşılsa, belə çıxır ki, o, Ağdam işğal altında olanda da orada yaşamışdır. Bu isə absurd bir yanaşmadır. Həmçinin, əlçatanlıq baxımından da işə bakı şəhərində baxılması məqəsədə müvafiqdir. Gəncə Kommersiya Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, e-2-2(115)-184/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası qanunun 3-cü maddəsinə istinad etməklə, fiziki şəxsin yaşayış yerinin yalnız şəxsiyyət vəsiqəsi ilə müəyyən edildiyini əsas gətirib, işin aidiyyəti üzrə düzgün verilməsi qənaətinə gəlmişdir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Maraqlı şəxs daimi yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olsa da, iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektorunun 17 yanvar 2023-cü il tarixli, 259 nömrəli arayışından görünür ki, o, Ağdam rayonundan məcburi köçkün statusunda olmaqla, ünvan 2 ünvanında müvəqqəti qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinin tələbinə əsasən isə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllədə fiziki şəxlərə qarşı qaldırılan iddialara dair ərazi aidiyyəti üzrə şəxsin rəsmi qeydə alındığı yer (rəsmi yaşayış yeri), yaşayış yeri və olduğu yer anlayışları fərləndirilməkdədir. Mülki Prosessual Məcəllənin 35 və 36-cı maddələrində rəsmi qeydə alındığı yer (rəsmi yaşayış yeri) anlayışı qeyd olunsa da, Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsində bundan fərqli olaraq, ərizənin fiziki şəxslərin yaşadığı və ya olduğu yer üzrə məhkəməyə verilməsi nəzərdə tutulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 2-ci maddəsinin birinci abzasına əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Məcburi köçkünlərin müvəqqəti qeydiyyatı isə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən aparılır ki, iş materiallarında olan Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektorunun 17 yanvar 2023-cü il tarixli, 259 nömrəli arayışı ilə də maraqlı şəxsin məcburi köçkün statusunda olmaqla, ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olması müəyyən edilməkdir. Bu fakta əsasən Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinin tələbi baxımından Maraqlı şəxs yaşadığı və olduğu yer Bakı şəhəri hesab olunur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almadan, Mülki Prosessual Məcəllənin normalarını düzgün tətbiq etməyərək, əsassız olaraq vəsatəti təmin etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(115)-184/2023 saylı qərardadı və həmin qərardadla bağlı 02 fevral 2023-cü il tarixli, e-2-2(115)-184/2023 saylı qərardadı ləğv edilməli və ərizəyə baxılması üçün iş Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(115)-184/2023 saylı qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, e-2-2(115)-184/2023 qərardadı və həmin qərardadla bağlı 02 fevral 2023-cü il tarixli, e-2-2(115)-184/2023 qərardadı ləğv edilsin. İş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-108/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-108/2023
01.03.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat) - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüqu
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver