Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-165/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-2(115)-165/2023 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 8642,92 manat borcun silinməsi və ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsində istixana fəaliyyəti ilə məşğul olur, müqavilə əsasında Cavabdeh İstehsalat Biriliyindən qaz yanacağı alır. Cavabdeh “Azəriqaz İB”-in əməkdaşları tərəfindən istixanada olan qaz sayğacı batareyanın istifadə müddəti bitdiyindən xx.xx.2022-ci il tarixli 02904 saylı akt əsasında açılaraq labaratoriyaya göndərilmişdir. Labaratoriyada onun iştirakı olmadan yoxlama aparılmışdır. Yoxlamanın nəticəsinə dair “Azəriqaz İB”-nin Meterologiya Deportamentində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, yoxlama üçün sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir, göstəricilər arasında fərq var, Termonaqilin termoyatağa birləşən izolyasiya qatı pozulub. Daha sonra yoxlayıcı qənaətə gəlib ki, sayğac minimal təzyiqdə sərfiyyatı qeydə almır. Aktın müayinənin göstəriciləri hissəsində heç bir rəqəm və hesablamalar, ölçmələr göstərilmədən məlum olmayan rəqəmlərlə “477393-361438=115855 və 115855x0,3391=39286 kub.m.” yazılmışdır. Bundan sonra tərtib eilmiş xx.xx.2022-ci il tarixli aktda sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilməsi yazılmaqla əvvəlki aktda qeyd edilən hesablama rəqəmləri yenidən eyni qaydada qeyd edilməklə “minimal sərfiyyatda sayğacın hesabat aparmaması” yazısı əlavə edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli,1124 saylı “Hesab Faktura” ilə ona cəmi 8.642,92 manat məbləğində əlavə qaz sərfiyyatına görə borc hesablanmışdır. Qaz sayğacının lobaratoriyada yoxlanması zamanı ona məlumat verilməmiş, yoxlamada onun iştirakı təmin edilməmişdir. Bundan başqa labaratoriya yoxlama zamanı iddia olunan nasazlıq nəticəsində minimal təzyiqlə qeydə alınmayan qaz sərfiyyatının hesablanması da mülahizələr əsasında həyata keçirilmişdir. İstehlak etdiyi qazın hansı hissəsinin minimal təzyiq altında verilməsi fiksasiya edilmədiyindən, sonradan ümumilikdə istehlak edilmiş qazın neçə kub metrinin hansı təzyiq altında keçməsini, hansı tarixdən sözügedən nasazlığın yaranmasının təqribi hesablama ilə məyyən edilməsi qanunsuz və əsassızdır. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-2(115)-165/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən hesablanmış 8642.92 (səkkiz min altı yüz qırx iki manat doxsan iki qəpik) manat borcun İddiaçı abonent hesabından silinməsi və Cavabdeh tərəfindən 106,42 (bir yüz altı manat qırx iki qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli, SS 29/1640-01744-18 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktın surətindən görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü daxildədir. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Termonaqilin termoyatağa birləşən hissədən izolyasiya qatı pozulub. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.15 bar, korreksiya olunmuş maksimal qaz həcmi 0.1 m3, korreksiya olunmamış qaz həcmi 0.2 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 0.95-0.98 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 772 gün qalıb. Temperatur və təzyiq çevriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 351 m3 çoxdur. Pbaza=1.01325 bar, Tbaza=200 C. Minimal sərfiyyatda sayğac hesabat aparmır. Baterya tələb olunur. xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, sayğac göstəricilərinin xətasının Aərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir, aktın qeyd hissəsində “minimal sərfiyyatda sayğac hesabat aparmır” qeyd edilmişdir. Aparılmış əlavə sərfiyyat 39286 kubmetr həcmində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 1124 nömrəli hesab-fakturadan görünür ki, 39286 kubmetr əlavə sərfiyyata görə İddiaçı ödəniş sənədi verilmişdir. Abonent saldosundan görünür ki, abonent İddiaçı hesabına 2022-ci il sentyabr ayı üzrə 8642.92 manat borc məbləği əlavə edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-2(115)-165/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsaəsn zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Bu barədə İddiaçı qaz sayğacının yenisi ilə əvəzlənməsinə təşəbbüs göstərməmiş, bununla bağlı təchizatçı Cavabdehnə və ya X7 İstismarı İdarəsinə heç bir müraciət etməmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Qaz sayğacı sənaye tipli olduğundan istehlakçı İddiaçın öz vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda, yenisi ilə əvəz edilməsi üçün səy göstərməmişdir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İddiaçı tərəf sahibkar olduğundan sayğacın işlək vəziyyətdə saxlanılması bötövlükdə sahibkarın üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, SS №29/1640-01744-18 saylı qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən qaz sayğacının arxiv yaddaşı oxunmuş və məlum olmuşdur ki, sayğacdan keçmiş, lakin qaz sayğacı minimal sərfiyyatda 39286 m3 qaz sərfini qeydə almamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2-ci maddəsinin 10-cu bəndinə əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Halbu ki, qaz sayğacının dövrü yoxlama vaxtı olduğu üçün iddiaçının iştirakı ilə şəbəkədən açılaraq dövlət yoxlamasına göndərilmiş və aşağıda qeyd olunanlar aşkarlanmışdır. İlkin baxış zamanı sayğacın daxilinin çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsünün daxildə olduğu, sayğaca hava vurulduğu, hesablayıcı mexanizminin işlək olduğu, lakin göstəricilər arasında fərq yarandığı, termonaqilin termoyatağa birləşən hissədən izolyasiya qatının pozulduğu müəyyən edilmişdir. Sayğac yuyulmuş, təmizlənmiş, hava vurulmuş, mexaniki hissənin işlək olduğu, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.15 bar, korreksiya olunmuş maksimal qaz həcmi 0.1 m , korreksiya olunmamış qaz həcmi 0.2 m qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyatın xx.xx.2022-ci il tarixdə qeydə alındığı, temperatur və təzyiq çeviricilərinin normal olduğu, elektron göstəricinin V mexaniki göstəricidən 351 m çox olduğu, P =1.01325 bar, T =20 C olduğu müəyyən edilmişdir. Buna baxmayaraq məhkəmə sayğacın növbəti dövrü yoxlama vaxtı çatdığından istixananın daxilində, yəni sahibkarlıq obyekti olan əraziyə daxil olmadan sayğacın şəbəkədən açıldığını nəzərə almamışdır. 2022-ci ilin sentyabr ayında müəyyən edilmiş sayğacdan keçmiş, lakin hesabata alınmayan 39286 kubmetr qaz sərfinin 8642.92 manat məbləğin hamısının silinməsini qət etmişdir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 izahat verib bildirmişdir ki, cavabdeh “Azəriqaz İB”-in əməkdaşları tərəfindən istixanada olan qaz sayğacı yoxlamaya aparılması üçün çıxarılmış və labaratoriyaya göndərilmişdir. Labaratoriyada onun iştirakı olmadan yoxlama aparılmış və akt tərtib edilmişdir. Həmin aktda sayğacın minimal sərfiyyatda hesabat aparmaması qeyd olunaraq, əlavə hesabat aparılmışdır. Halbuki, onun sayğacı çıxarılan günədək keçən qazın həcmini qeydə almışdır. Məhkəmənin sualına cavabında isə bildirmişdir ki, sayğac yoxlanılarkən onun iştirakı təmin olunmamış, yoxlama onun iştirakı olmadan keçirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təqsdiq edilmiş Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər: 2.14. Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının istixnasını qazla təchiz edən qaz xəttinin üzərinə quraşdırılmış qaz sayağacı çıxarılaraq yoxlamaya göndərilmiş və yoxlama nəticəsində minimal sərfiyyatda sayğacın hesabat aparmaması müəyyən edilərək, buna dair xx.xx.2022-ci il tarixli, SS 29/1640-01744-18 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt tərtib edilmiş və iddiaçıya əlavə olaraq 39286 kubmetr həcmində, 8642.92 manat dəyərində hesabat aparılaraq iddiaçıdan tələb edilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, sayağac yoxlanılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təqsdiq edilmiş Ölçmə vasitələrinin yoxlanılması Qaydası 2.14-cü bəndinin tələbləri pozularaq, iddiaçının iştirakı yoxlamadan təmin edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2022-ci il tarixli, SS 29/1640-01744-18 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktda sayğacın minimal sərfiyyatda hesabat aparmaması qeyd olunsa da bunun hansı səbəbdən baş verməsi, ümumiyyətlə qaz sayğacına kənar müdaxilənin olması da qeyd olunmamışdır. Digər tərəfdən iddiaçının qaz sayğacının keçən qazın həcmini düzgün qeydə almaması işdə olan sübutlarla da təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, iddiaçı tərəfindən 2021-ci ilin oktyabr ayında 10048, noyabr ayında 16084, dekabr ayında 24560, 2022-ci ilin yanvar ayında 20774, fevral ayında 17840, mart ayında 20212 kubmetr həcmində, yeni sayğac quraşdırıldıqdan sonra isə 2022-ci ilin oktyabr ayında 3410, noyabr ayında 16313, dekabr ayında 20307, 2023-cü ilin yanvar ayında 23376, fevral ayında 22161, mart ayında isə 12524 kubmetr həcmində qaz istifadə edilmişdir. Göründüyü kimi qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi ilə yeni qaz sayğac quraşdırıldıqdan sonrakı aylarda istifadə edilmiş qazın həcmi arasında hər hansı bir ciddi fərq olmamış, əksinə yeni sayğac quraşdırıldıqdan sonra istifadə edilmiş qazın həcmində azalma baş vermişdir ki, bununla da qaz sayğacının keçən qazın həcmini düzgün qeyd etməməsi halı bu faktla istisna olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-2(115)-165/2023 saylı qətnaməsindən cavabdeh «Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 2-2(115)-165/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.