Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-242/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı MMC-nin Ağdam filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı xam-pambığın alğı-satqı müqaviləsinə əsasən 2020-ci il mövsümü üzrə cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür.
2. Həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən satıcı 20 ha torpaq sahəsində pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığın bütünlüklə mövcud standartlara və 27 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam-pambığın yığılması və tədarükünə dair təlimat”ın tələblərinə əsasən Azərbaycan X1 Pambıqtəmizləmə Sənayesi üzrə filialı tərəfindən hazırılanmış və alıcıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin 15 noyabr 2020-ci il tarixindən gec olmayaraq təhvil verilir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir.
3. 20.05.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir.
4. 06.06.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 2022-ci il 1 aprel tarixinə 12.019,68 manat əsas, 6053.82 manat cərimə borcu mövcuddur.
5. Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 yanvar 2023-cü il tarixli, 15 saylı arayışında göstərilmişdir ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi zamanı Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisinə atılan mərmilər düşməsinə baxmayaraq, həmin kəndin ərazisində döyüş getməmişdir.
6. Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 361 saylı arayışında göstərilmişdir ki, Cavabdeh 2020-ci ildə Kəbirli kəndindən 15 km aralı məsafədə yerləşən sahədə pambıq əkmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin əraziyə vətəndaşların buraxılması mümkün olmamışdır. Bu səbəbə görə pambıq yığımı mümkün olmamışdır. Lakin bir hissəsini əvvəldən yığmış, qalan hissəsi isə məhv olmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borca görə 12.019 manat 68 qəpik, hesablanmış cəriməyə görə 6053 manat 82 qəpik və ödənilmiş mediasiya xərcinə görə 200 manat olmaqla, cəmi 18.273 manat 50 qəpik pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin “MKT-Ağcabədi” filialı və cavabdeh arasında bağlanmış ********* saylı, 2020- ci il mövsümü üzrə xam-pambığın alğısatqı müqaviləsinə əsəsən, cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 25.461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 12.425,2 kq, 8041,76 manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da həm müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12.019,68 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ağcabədi” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 6053,82 manat təşkil edir.
8. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi X6 izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir.
9. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, borcu qəbul etmir. Belə ki, aqronom tərəfindən pambıq əkilən sahə ona məsləhət bilinmiş və ona köməklik ediləcəyi vəd olunmuşdur. Lakin həmin ərazidə su çatışmamazlığı olmuş, həmçinin ərazi döyüşlərin getdiyi ərazilərə yaxın olduğundan müharibə dövrünə düşdüyünə görə kombayının pambıq yığılmalı olan sahədə işləməsi mümkün olmamış, müharibədən sonra yığım olmuş və nəticədə nəzərdə tutulmuş məhsul əldə edilə bilməmişdir.
10. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddianın tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4251., 425.2, 443.7, 446.4, 446.7, 448.2 və 448.4 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78, 218.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı MMC apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət elan olunduğu üçün cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra olunması qeyri-mümkün olmuşdur. Halbuki, mülki məhkəmə icraatı zamanı cavabdeh müqavilə üzrə öhdəliklərinin yetərincə yerinə yetirilməməsinin başlıca səbəbi kimi istifadəsində olan torpaq sahəsində su çatışmazlığını əsas gətirmişdir. Məhkəmənin yuxarıda qeyd olunan dəlilinə münasibətdə bildirilir ki, Respublika ərazisində hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı saat 21.00-dan saat 06.00- dək komendant saatının tətbiq edilməsi vətəndaşların bütün konstitusion hüquqlarının məhdudlaşdırılmasını ehtiva etmir. Belə ki, “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən, hərbi vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq, Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində müvəqqəti tətbiq edilən siyasi, iqtisadi, inzibati, hərbi və digər tədbirlər kompleksini nəzərdə tutan, Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların hüquqlarının və qanuni mənafelərinin qismən və müvəqqəti məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən xüsusi hüquqi rejimdir. Eyni Qanunun 19.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edir. Beləliklə, hərbi vəziyyətin tətbiq edilməsi cavabdeh tərəfindən onun istifadəsinə mövcud olmuş torpaq sahəsində zəruri aqrotexniki tədbirlərin aparılmasına, o cümlədən pambıq yığımının həyata keçirilməsinə maneəçilik törədə bilməzdir. İş materiallarında mövcud olan aqrotexniki işlərin aparılmasına dair 02-461285 saylı iş aktının məzmunundan müəyyən etmək olar ki, Respublika ərazisində tətbiq edilmiş hərbi vəziyyət zamanı Ağcabədi rayonu, Kəbirli kəndi ərazisində yerləşən cavabdehin istifadəsində olan torpaq sahəsində pambıq istehsalı ilə bağlı görülən işlərdən biri də ümumi 20 ha sahənin 12 ha hissəsində 30 sentyabr 2020-ci il tarixdə kombayn vasitəsilə aparılmış aqrotexniki iş (zəhər səpini) olmuşdur. Bundan sonra, cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı vaxtlarda, yəni xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə xam-pambıq məhsulu təhvil verilmişdir ki, sözügedən tarixlər döyüş əməliyyatlarının bitdiyi dövrə təsadüf etmişdir. Belə olan halda, cavabdehin müqavilə öhdəliklərini yerinə yetirə bilməməsini həmin ərazidə döyüş əməliyyatlarının aparıldığı ilə əlaqələndirilməsindən söhbət gedə bilməz. Beləliklə, cavabdehin istifadəsində olan torpaq sahəsində döyüşlərin getməsi ilə məhsuldarlığının aşağı olması arasında birbaşa əlaqəli səbəb sübuta yetirilməmiş, yəni hər hansı fotoşəkil, videogörüntü, akt və sair cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Bundan başqa, xam-pambığın alğı-satqı müqaviləsinin 5.3-cü bəndində nəzərdə tutulmuşdur ki, fors major şəraitindən sonra tərəflər faktiki borca görə məsuliyyət daşıyır. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işin hallarına hüquqi qiymət verilməmiş və ədalətli məhkəmə araşdırılması aparılmamışdır. Sadalanan normaların tələblərinə uyğun olaraq, cavabdehin istifadəsində olan torpaq sahəsi ərazisində döyüşlərin getməsi ilə məhsuldarlığının aşağı olması arasında birbaşa əlaqəli səbəb məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər Ş.Rzaquliyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Hüseynzadə) xx.xx.2023-cü il tarixli, 2-2(104)-49/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddianın qismən təmin edilməsi Cavabdeh 12.019,68 (on iki min on doqquz manat 68 qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 (iki yüz) manat mediasiya rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-342/2023 saylı qərarı ilə (hakimlər K.Abıyeva (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Dadaşov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-49/2023 saylı qətnaməsinin qismən- iddianın təmin edildiyi ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
a) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(115)-1284/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) X5 şikayətin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecidirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsiliyyət daşıyır. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi kassasiya instansiyası məhkəməsi olaraq iş üzrə buraxılmış pozuntulara hüquqi qiymət vermiş və həmin pozuntunun aradan qaldırılması məqsədilə işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
28. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(104)-49/2023 nömrəli qətnaməsi qismən yəni, iddianın təmin edildiyi hissədə ləğv edilmiş və həmin hissədə baxılması üçün təkrar apellyasiya icraatına göndərilmişdir. Odur ki, məhkəmə kollegiyası hazırkı icraat zamanı birinci instansiya məhkəməsinin qərarının əsaslığını iddianın bu hissəsi üzrə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 2020-ci il mövsümü üzrə xam-pambığın alğı-satqı müqaviləsinə əsəsən, cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 25.461,44 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Cavabdeh tərəfindən 8041,76 manat dəyərində 12.425,2 kq xam pambıq təhvil verilmişdir ki, bu da həmin müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 5400 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 12.019,68 manat əsas borcu yaranmış, həmçinin iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən ona 6053,82 manat cərimə hesablanmışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı MMC-nin Ağdam filialı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilənin 5.1-ci maddəsinə əsasən, fors major şəraitində (hərbi vəziyyət, blokada şəraiti, tərəflərdən asılı olmayan ümumi sel, daşqın, zəlzələ) müqaviləyə əsasən götürülmüş öhdəliklərin yerinə yetirilməsi qeyri-mümkün ola bilər. Həmin müqavilənin 5.2ci maddəsində isə qeyd edilmişdir ki, fors major şəraitinin mövcud olması ilə əlaqədar tərəflərdən biri fors major şəraitdədirsə və müqavilə öhdəliyini vaxtında yerinə yetirə bilmirsə, fors major şəraiti qurtaranadək öhdəliyin yerinə yetirilməsindən azad edilir.
33. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020- ci il 27 sentyabr tarixli, 1166 nömrəli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Həmin Fərmana əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2020-ci il tarixli, 1201 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilmişdir.
34. İş materiallarında olan Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 yanvar 2023-cü il tarixli, 15 saylı arayışında göstərilmişdir ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi zamanı Ağcəbədi rayonunun Kəbirli kəndi ərazisinə atılan mərmilər düşməsinə baxmayaraq, həmin kəndin ərazisində döyüş getməmişdir.
35. Göründüyü kimi, tərəflər hərbi vəziyyət halını müqavilədə fors major hal kimi müəyyənləşdirmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Ağcabədi rayonu da daxil olmaqla bütün Respublika ərazisində hərbi vəziyyət elan edilmiş, eyni zamanda, müvafiq arayışla hərbi vəziyyət vaxtı cavabdehə məxsus əkin sahəsinin yerləşdiyi əraziyə mərmilərin düşdüyü qeyd olunmuşdur.
36. Həmçinin Ağcəbədi rayon İcra Hakimiyyəti başçısının Kəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 361 saylı arayışında göstərilmişdir ki, Cavabdeh 2020-ci ildə Kəbirli kəndindən 15 km aralı məsafədə yerləşən sahədə pambıq əkmişdir. 2020-ci ildə Vətən müharibəsi zamanı həmin əraziyə vətəndaşların buraxılması mümkün olmamışdır. Bu səbəbə görə pambıq yığımı mümkün olmamışdır. Lakin bir hissəsini əvvəldən yığmış, qalan hissəsi isə məhv olmuşdur.
37. Beləliklə, müvafiq icra nümayəndəliyinin də arayışlarından göründüyü kimi, pambıq bitkisinin əkildiyi sahə Kəbirli kəndindən aralı ərazi yerləşmiş və Vətən müharibəsinin gedişatında həmin əraziyə vətəndaşların daxil olaraq kənd təsərrüfatı işləri ilə məşğul olmaları mümkün olmamışdır. Digər tərəfdən, cavabdeh tərəfindən yetişdirilməsi nəzərdə tutulan pampıq isə kənd təsərrüfatı bitkisidir, təbii şəraitdə becərilir və payız aylarında yığılır. Həmin aylarda yığılmadığı halda itkiyə məruz qalması labüddür. Göründüyü kimi, məhsulun itkiyə məruz qalması isə borclunun məsuliyyət daşımadığı hallardan yaranmışdır.
38. Beləliklə müəyyən olunur ki, Vətən müharibəsi zamanı pambıq əkilmiş sahədə aktiv döyüş əməliyyatları getməsə də, mərmilərin düşdüyü ərazi olmuş və vətəndaşların kənd təsərrüfatı təyinatlı işləri görə bilmələri üçün həmin əraziyə gedib-gələ bilmələri mümkün olmamışdır. Bu hal isə öz-özlüyündə işçi qüvvəsi və texnikanın pambıq sahəsində hərəkət etməklə hazır məhsulun tədarükünü qeyri-mümkün etmişdir.
39. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 2018-ci il 7 sentyabr tarixli qərarında “qarşısı alınmaz qüvvə (fors major)” ifadəsindən istifadə edilməklə, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyrimümkün edən hal kimi müəyyən olunmuşdur.
40. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, öhdəliyin tam olaraq yerinə yetirilməməsi müqavilədə nəzərdə tutulmuş fors major şəraitlə əlaqədar olduğundan hazırkı tələbin təmin edilməsi əsasları da aradan qalxmışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi :
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1284/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh 12.019,68 (on iki min on doqquz manat 68 qəpik) manat əsas borc, 200 (iki yüz) manat cərimə və ödənilmiş mediasiya xərcinə görə 200 (iki yüz) manat mediasiya rüsumunun əvəzinin tutulmasına dair tələbin təmin edilmədiyi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.