Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-112/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlundan və X1 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-167/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-167/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, xx xxxx 2019-cu il tarixinə Dövlət Büdcəsinə ödənilməmiş 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış bir ədəd “Membran Pres”in (Almaniya istehsalı) ixtisaslaşdırılmış açıq hərracda satılması, cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 10 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat hissəsinin ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh “SumqayıtAğac Emalı” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN**********) məxsus 100000 (yüz min) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün hüquqi şəxs “X5” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN**********) Dövlət Büdcəsinə vergi borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, vergi borcunun büdcəyə ödənilməsi üçün cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də büdcəyə ödənilməmiş və cavabdehin xx xxxx 2019-cu il tarixə Dövlət Büdcəsinə 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat məbləğində ödənilməmiş vergi borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında vergi ödəyicisi “X5” Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2019-cu il tarixə yaranmış vergi borcuna görə cəmi 100000 (yüz min) manat məbləğində əmlakı siyahıya alınaraq, bu barədə xx xxxxxx 2019-cu il tarixli **********9 saylı protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə vergi orqanı tərəfindən cavabdehə xx xxxxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, açıq hərracda satılması barədə qərar verilmiş əmlak, Almaniya istehsall olan "Membran Pres” avadanlığı cavabdehin sahibliyində deyildir. İcra məmuru tərəfindən dövlət orqanının qərarı ila icra edilərək başqa şəxsə verilmişdir. Məhkəmə bu halı araşdırmamış, üçüncü şəxsin hüquqlarını əhatə etdiyi halda da əmlak barədə qərar vermişdir. Halbuki, bu bir daha sübut edir ki, məhkəmə qanunsuz va əsassız qərar qəbul etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları da sübuta yetirməmiş, iddianı təmin etmişdir. Cavabdehin borcu iddia tələbində bildirilən məbləğdə deyildir. Həddən çox hesablanmış, əsaslandırılmamışdır. Vergi borcunun ödənilməsi üsulu kimi əmlakın açıq hərraca çıxarılması nəticə verməyəcəkdir. Başqa şəxsə olan borcun təminatıdır. Həmin əmlakın başqa bir borc üçün təminat olması cavabdehin təqsiri deyildir. Məhkəmə araşdırmasının natamamlığı qanunsuz nəticələrə səbəb olacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün qanuni təmsilçisi X2 olduğu hüquqi şəxs “X5” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə xx xxxx 2019-cu il tarixə hesablanmış vergi borcunun 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat hissəsi ödənilməmişdir. Vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və həmin qərar əsasında vergi ödəyicisinin xx xxxx 2019-cu il tarixinə olan 73595,70 (yetmiş üç min beş yüz doxsan beş manat 70 qəpik) manat məbləğində ödənilməmiş vergi borcuna görə 100000 (yüz min) manat məbləğində qiymətləndirilmiş əmlakı siyahıya alınmış və bu barədə xx xxxxxx 2019-cu il tarixli **********9 saylı protokol tərtib edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, həmin protokol əsasında vergi ödəyicisinin mebel sexində yerləşən bir ədəd “Membran Pres” (Almaniya istehsalı) dəzgahı siyahıya alınmış və həmin avadanlıq siyahıya alındıqdan sonra saxlanılması üçün qanuni təmsilçi X2 məsul saxlancına verilərək, bu barədə xx xxxxxx 2019-cu il tarixli “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” akt tərtib edilmişdir. Həmin protokolda və aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri qanuni təmsilçi X3 elan edilmiş və sonuncu həmin sənədləri imzalamışdır. Bundan sonra iddaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi) hazırkı iddia ərizəsi ilə cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 16.1.1, 77.1, 23.1.6, 89.1, 89.2, 89.11, 89.14.7, 90.1 və 90.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və vergi ödəyicisinin mebel sexində yerləşən bir ədəd “Membran Pres” dəzgahı siyahıya alınmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh apelyasiya şikayətində siyahıya alınmış əmlakın siyahıya alındıqdan sonra “X5” Açıq Səhmdar Cəmiyyətinin borcuna görə başqa şəxsə verildiyini göstərmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, cavabdeh tərəf öz etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu apelyasiya şikayətinə əlavə etməmiş, nə də məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməyərək, məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-167/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-2(105)-112/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-112/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver