Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-132/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçı Ağayev Asif Mirzəxan oğlunun Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadından iddiaçı Ağayev Asif Mirzəxan oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ağayev Asif Mirzəxan oğlu Cavabdehnə qarşı “müqavilə üzrə yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən iddiaçının xeyrinə tərəflər arasında bağlanmış müqavilə öhdəliyi üzrə 16203 manat borc məbləği, habelə vəkilə ödənilmiş 300 manat xidmət haqqının, işin məhkəmədə baxılması üçün ödənilmiş 141 manat dövlət rüsumunun, 10000 manat vurulmuş zərərin və 5000 manat mənəvi zərərin əvəzi olmaqla ümumilikdə 31644 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qəradadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır (hakim İslam Əliyev). İddiaçı Ağayev Asif Mirzəxan oğlu Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qəradadından şikayət verərək, qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iddiaçı Ağayev Asif Mirzəxan oğlunun Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün kommersiya işi ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim İslam Əliyev). Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaəti və bu qənaətə gəlməsinin əsasları ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması MPM-in 150.1.4 və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin hazırkı iş üzrə yuxarıda qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış, bununla da iddia ərizəsi MPM-in 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı qərardaddan şikayətində qeyd etmişdir ki, o, cavabdehin vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetinə dəfələrlə pretenziya məktubu göndərmiş, şikayətinə də bunu təsdiq edən sübutlar (şəkillər) əlavə etmişdir. Ona görə də hesab edir ki, MPM-in 150.2-ci maddəsinin tələblərini pozmamışdır. Lakin məhkəməyə iddia ərizəsinin verilməsi zamanı iddiaçı tərəfindən başqa prosessual tələblərin də pozuntusuna yol verilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 30 sentyabr 2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə müvafiq olaraq iddiaçı hazırkı iddia ərizəsinin verilməsinə görə 184,93 manat məbləğində dövlət rüsumu ödəməlidir. Göründüyü kimi, iddiaçı dövlət rüsumunu natamam (kəsirlə) ödəmişdir. Digər tərəfdən, 30 sentyabr 2024-cü il tarixli ********** nömrəli "dövlət rüsumunun ödənilməsi barədə” qəbzlə müəyyən olunur ki, iddiaçı tərəfindən dövlət rüsumu iddia ərizəsinin Sumqayıt Şəhər Məhkəməsinə verilməsi üçün ödənilmişdir. Qeyd etmək lazım gəlir ki, iddiaçı qərardaddan verdiyi şikayət üzrə də dövlət rüsumunu kəsirlə (50 manat əvəzinə 10 manat məbləğində) ödəmişdir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə, iddiaçı tərəfindən "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş iddia ərizəsinin "Ərizəni imzalayan şəxs haqqında məlumat” bölməsində imzalayan şəxs kimi Nümayəndə ilə yanaşı cavabdeh "İron-Beton Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı qeyd olunmuşdur. Göstərilən çatışmazlıqlara görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, MPM-in tələblərinə riayət edilməklə verilmədiyindən iddiaçının cavabdehə qarşı "müqaviləyə əsasən yaranmış borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən yuxarıda qeyd edilən nöqsan və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada yenidən müraciət olunmasını məqsədəuyğun hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Ağayev Asif Mirzəxan oğlunun iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “ərizənin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı Ağayev Asif Mirzəxan oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1843/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-132/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-132/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver