Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-134/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(119)-2005/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli e-2-2(119)- 2005/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi öz qərardadında göstərmişdir ki, iddia ərizəsinin məzmununda tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı ilə əlaqədar məlumatlar göstərilməmişdir. Halbuki İddiaçı ASC xx.xx.2022-ci il tarixində elekron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə birgə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı da təqdim etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi öz qərardadında göstərmişdir ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının adı və ünvanı göstərilmiş olsa da, digər proses iştirakçısı olan cavabdehin ünvanı göstərilməmişdir. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onun ünvanı göstərilən hissədə vergi uçotu orqanının ünvanı giriş hissədə yazılmışdır. Qərardadda qeyd edilmişdir ki, iddia tələbi Sığorta münasibətlərini nizamlayan Qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada əsaslandırılmamışdır. Halbuki, subroqasiya tələbi konkret olaraq Mülki Məcəllənin 936-cı maddəsində göstərilmişdir. Qeyd etmək lazımdır ki, sığorta münasibətləri də mülki qanunvericiliklə tənzimlənir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci, 149.2.4- 1, 149.2.3-cü maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçının adı və ünvanı göstərilmiş olsa da, digər proses iştirakçısı olan cavabdehin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Bundan başqa, şikayətdə qeyd olunmuşdur ki, iddia ərizəsi ilə birgə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış da təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Göründüyü kimi, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149.2.2, 149.2.4-1 və 149.2.3-cü maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Kollegiya qeyd edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan bir sıra normalarının tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-2005/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-2005/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-134/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-134/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver