Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-136/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı siyahıya alınmış əmlakın ixtisaslaşmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-727/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-727/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 05.03.2021-ci il tarixə olan 5989,97 manat məbləğində Dövlət Sosial Müdafiə Fonduna borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus 4100 manat məbləğində siyahıya alınmış əmlakın – Quba şəhəri, Heydər Əliyev prospekti, 202 ünvanında yerləşən plastik qapı-pəncərə sexində 2 ədəd “Özçelik” markalı elektrik mişarı, 1 ədəd “Mikmak” markalı qaynaq aparatı, 1 ədəd “Özçelik” markalı çərtmə makinası və 1 ədəd “TOYOH” markalı dizel generatorunun açıq hərracda satılması, cavabdehdən 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 05.03.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 5989,97 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 4100 manat məbləğində siyahıya alınmış əmlakın (Quba şəhəri Heydər Əliyev prospekti, 202 ünvanında yerləşən plastik qapı-pəncərə sexində 2 ədəd “Özçelik” markalı elektrik mişarı, 1 ədəd “Mikmak” markalı qaynaq aparatı, 1 ədəd “Özçelik” markalı çərtmə makinası və 1 ədəd “TOYOH” markalı dizel generatoru) ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün Cavabdeh 05.03.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 5989,97 manat məbləğində borcu yaranmış və həmin borca görə vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 10.03.2021-ci il tarixli **********7 nömrəli protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 15.03.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun Dövlət Sosial Müdafiə Fonduna ödəməyi üçün hesablanmış 880 manat dəbbə pulunun miqdarını azaldaraq 50 manat miqdarında müəyyən edərək, ümumi borcun 4100 manat məbləğində müəyyən edilməsinə və 4100 manat siyahıya alınmış 2 ədəd “Özçelik” markalı elektrik mişarını, 1 ədəd “Mikmak” markalı qaynaq aparatını, 1 ədəd “Özçelik” markalı çərtmə makinası və 1 ədəd “Toyon” markalı dizel generatorun üzərindən həbsin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pandemiya fəaliyyət göstərdiyi qapıpəncərə sexinin də fəaliyyətinə təsir etmişdir, ona görə də sosial ödənişləri ödəyə bilməmiş, nəticədə 4110 manat Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır, həmin borcu da ödəməyə etiraz etmir, fəaliyyətini bərpa edib Dövlət Sosial Müdafiə Fonduna olan borcunu ödəyəcək. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə artıq hesablanmış dəbbə faiz pulu və sexində olan istehsal üçün zəruri olan dəzgahların hərracda satılması hissəsi ilə razılaşmır, qətnamə həmin hissədə qanunsuz və ədalətsiz maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən təmin edilməməlidir. Belə ki, onun Dövlət Sosial Müdafiə Fonduna olan faktiki borcu 4110 manatdır, 3 saylı Ərazi Vergilər İdarəsi isə əsassız olaraq 880 manat dəbbə və cərimə pulu, 1010 manat da faiz borcu hesablanmışdır. 3 saylı Ərazi Vergilər idarəsinin əməkdaşları 10.03.2021-ci il tarixdə işlədiyi sexə gələrək 4100 manat dəyərində sexində istehsala yararlı bütün əmlakını siyahıya alaraq açıq hərracda satılmasını tələb etmiş və Sumqayıt Kommersiya Məhkəməsində həmin tələbi təmin etmişdir. Rəhbərlik etdiyi qapıpəncərə sexində 6 nəfər işçi fəaliyyət göstərir, öz ailələrini dolandırmaq üçün əmək haqqı alırlar, əgər siyahıya alınmış əmlaklar açıq hərracda satılarsa 6 nəfər şəxsin ailəsi acsusuz qalar. Dövlət Sosial Müdafiə Fonduna borclu olduğu 4110 manat pulu hissə-hissə ödəyəcək, lakin əmlakı siyahıya alınıb satılarsa nə borcu ödəyə, nə də işçilərlə olan əmək müqaviləsini qüvvədə saxlaya biləcək. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.6, 77.1, 89.1 və 90.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “Muzdlu və qeyri-muzdlu işdən əldən edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” 23.06.2020-ci il tarixli, **********5 nömrəli bildirişdən görünür ki, ümumilikdə 5213,65 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 10.03.2021-ci il tarixli, **********7 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 4100 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və vergi ödəyicisinə məxsus 2 ədəd “Özçelik” markalı elektrik mişarı, 1 ədəd “Mikmak” markalı qaynaq aparatı, 1 ədəd “Özçelik” markalı çərtmə makinası və 1 ədəd “TOYOH” markalı dizel generatoru siyahıya alınmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh borc məbləğinin düzgün hesablanmadığını göstərsə də, bununla bağlı nə vergi orqanına müraciət etmiş, nə də hesablanmış vergi borcunu məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-727/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-136/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-136/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver