Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-145/2023 18.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "pul tələbi" barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-613/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən Cavabdehnə 02 iyun 2021-ci ildən 28 iyun 2022-ci il tarixinədək Türkiyə Respublikasından Azərbaycan Respublikasına müvafiq malların daşınması ilə bağlı cəmi 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsi üçün 66 (altmış altı) ədəd elektron sənəd təqdim olunmuşdur.
2. 49 (qırx doqquz) ədəd bank ödəniş sənədindən görünür ki, 09 iyun 2021-ci il tarixdən 24 avqust 2022-ci il tarixinədək Cavabdeh tərəfindən “İddiaçı”nə cəmi 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları ödəniş həyata keçirilmişdir.
3. Bank hesabı üzrə cari hərəkət cədvəlindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları dəyərində yük daşıma xidməti göstərilmiş, Cavabdeh tərəfindən İddiaçınə cəmi 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları pul vəsaiti ödənilmiş və 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları borcu qalmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən yol verilmiş mülki hüquq pozuntusu nəticəsində İddiaçınə dəymiş 3786,55 ABŞ dolları (üç min yeddi yüz səksən altı dollar əlli beş sent) məbləğində zərərin, iddiaçı tərəfindən vəkil xidmətləri üçün ödənilmiş 822,76 (səkkiz yüz iyirmi iki avro yetmiş altı sent) avronun və 84,37 (səksən dörd manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021-ci il tarixində daşıma müqaviləsi imzalanmışdır. Daşıma müqaviləsinə əsasən İddiaçı Cavabdeh tərəfindən verilən sifarişlər üzrə daşınmanı, Cavabdeh isə hər daşınma üçün təqdim edilən invoyslar üzrə ödənişlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Qeyd edilən daşıma müqaviləsi üzrə ərizəyə qoşma kimi əlavə edilən cari əməliyyatlar siyahısına əsasən xx.xx.2022-ci il tarixli son təqdim edilən invoys üzrə borc 13881,55 ABŞ dolları təşkil etmişdir. Sonrakı tarixlərdə borc üzrə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində 10163 ABŞ dolları və xx.xx.2022-ci il tarixində 932 ABŞ dolları ödənilmişdir. Cavabdeh tərəfindən qalan qalıq borc məbləği–3786,55 ABŞ dollar isə ödənilməyərək müqavilə üzrə öhdəliklər tam şəkildə həyata keçirilməmişdir. Nəticədə İddiaçınə müqavilə üzrə öhdəliklərin həyata keçirilməməsi ilə əlaqədar maddi ziyan dəymişdir. xx.xx.2023-ci il tarixdə Cavabdehnə borcla bağlı pretenziya məktubu göndərilsə də, məktubda bildirilən tələblərin icrası nəticəsiz qalmışdır. Mübahisənin həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif qarşı tərəfə göndərilmiş və təklif nəticəsiz qalmışdır. Bundan sonra 1 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və xx.xx.2023-cü il tarixdə “ilkin medasiya sessiyasında iştirak edilməməsi arayışı” verilmişdir.
6. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.
8. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-613/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 2786,55 (iki min yeddi yüz səksən altı dollar əlli beş sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 1 (bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 67,37 (altmış yeddi manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşıyıcı İddiaçı Cavabdehnə aid malları 02 iyun 2021-ci ildən 28 iyun 2022-ci il tarixinədək Türkiyə Respublikasında Azərbaycan Respublikasına daşımış və həmin yük daşımalarının haqqı kimi 136139 (yüz otuz altı min yüz otuz doqquz) ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehə müvafiq elektron sənədlər göndərmişdir. Cavabdeh tərəfindən həmin yük daşıma xidmətlərinin haqqından 133352,45 (yüz otuz üç min üç yüz əlli iki dollar qırx beş sent) ABŞ dolları məbləğində ödəniş edilsə də, onun 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 427.3, 442, 850.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1-1, 9.4, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 88, 119.1, 119.2, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: - cavabdehin iddiaçıya borcunun olması barədə iş materiallarından heç bir subut yoxdur və iddiaçının təqdim etdiyi sənədlər isə borcun olmasını təsdiq etmir. Eyni zamanda, iddiaçı bəzi sənədləri qətnamə qəbul ediləndən sonra elektron məhkəmə sisteminə əlavə etmişdir ki, bunlar da sübut kimi nəzərə alına bilməz. Məhkəmə isə iddiaçının əsassız izahatına və öz mülahizəsinə əsaslanaraq işə subutlar əsasında deyil, formal əsaslarla baxıb səhv nəticəyə gəlmişdir. - Azərbaycan Respublikası Mülki Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Mülki işdən göründüyü kimi məhkəmə işə baxarkən bu hüquq normasının da tələbini pozmuşdur. - Məhkəmə qulluq mövqeyindən istifadə edib hüquqları və prosessual qanunvericiliyin tələbini pozub iddiaçının sübut edə bilmədiyi tələbinin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbuletmişdir. - İddiaçı tələbi üzrə istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehə isə etirazın əsaslarını subut etməyə imkan yaradılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
15. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, cavabdeh qeyd edir ki, iddianın əsaslılığı sübutlarla təsdiq olunmur.
18. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuşdur. İddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi iddianın əsasını təşkil edən iş materiallarında olan sənədlərə istinad etmiş və tələb edilən borc məbləği hissəsində iddianı təmin etmişdir.
19. Belə ki, bank ödəniş sənədlərindən görünür ki, 09 iyun 2021-ci il tarixdən 24 avqust 2022-ci il tarixinədək cavabdeh tərəfindən iddiaçı Şirkətə cəmi 133352,45 ABŞ dolları ödəniş həyata keçirilmiş, bank hesabı üzrə cari hərəkət cədvəlinə əsasən, iddiaçı tərəfindən cavabdehə 136139 ABŞ dolları dəyərində yük daşıma xidməti göstərilmiş, cavabdeh iddiaçıya cəmi 133352,45 ABŞ dolları pul vəsaiti ödəmiş və 2786,55 (iki min yeddi yüz səksən altı dollar 55 sent) ABŞ dolları borcu qalmışdır.
20. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
22. Məhkəmə kollegiyası hesab edir ki, işin halları və təqdim olunmuş sübutlarla cavabdehin iddiaçıya borcunun olması öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-613/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.