Məhkəmə qərarları › İş №2-2(105)-20/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-20/2025

31.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-20/2025 31.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e- 2-2(119)-18/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli 06/01943 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək istifadə haqqı 4500 manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilmişdir.

2. “Texniki vəziyyət haqqında” 13 may 2022-ci il tarixli 06/01943 Akt 1-ə əsasən iddiaçının Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan 1 ədəd “SR-2045” markalı taxılyığan kombayn (buraxılış ili - 2014-cü il; Dövlət qeydiyyat nömrəsi: 53-T-231; Mühərrik: № Z29712, Şassi: № 561337) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.

3. İddiaçı ASC-nin İdarə Heyətinin sədrinə ünvanlanmış 13 may 2022-ci il tarixli iltizama əsasən Cavabdeh 12 may 2022-ci il tarixli 06/01943 nömrəli müqavilə əsasında müvəqqəti istifadəyə götürdüyü 1 ədəd “SR-2045” markalı taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərinin vaxtında həyata keçirməyi, istismar zamanı yaranmış nasazlığı müqavilə (istifadə) müddəti ərzində öz hesabına aradan qaldırmağı, istismar zamanı GPS avadanlığı dəstinin qorunub saxlanmasını və müqavilə (istifadə) müddəti bitdikdən sonra texnikanı saz və dəst təhvil verməyi və müqavilə müddəti (istifadə) bitməmişdən əvvəl təhvil verməyindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, yuxarıdakı cədvəldə nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür.

4. İddiaçı ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli Akta əsasən mexanizator Cavabdeh xəstəliyi ilə əlaqədar 1 ədəd “SR-2045” markalı taxılyığan kombaynı müqavilə müddəti bitdiyində Siyəzən-Xızı bölməsinin bazasına təhvil verə və sənədlərə imza ata bilməmişdir. Kombayn 01 sentyabr 2022-ci il tarixdə Siyəzon-Xızı bölməsinin rəhbəri və mexanizatorları tərəfindən Xızı rayon Yarımca kənd ərazisindən bölmənin bazasına gətirilmişdir. Texnikaya baxış zamanı mühərrikin yanacaq nasosunda nasazlıq aşkar edilmişdir. Mexanizator nasazlığın 10 gün ərzində aradan qaldırılacağına söz vermişdir.

5. İddiaçı ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli Qüsur aktına əsasən 12 may 2022-ci il tarixli 06/01943 nömrəli İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi" barədə müqavilə əsasında istifadəçi Cavabdeh istifadəsinə verilmiş bir ədəd “SR-2045” markalı taxılyığan kombayna baxış zamanı mühərrikin yanacaq nasosunda nasazlıq aşkar edilmişdir.

6. “Texniki vəziyyət haqqında” 02 sentyabr 2022-ci il tarixli 06/01943 nömrəli Akt 2-yə əsasən İddiaçı ASC-nin Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan 1 ədəd “SR2045” markalı taxılyığan kombayn mexanizator Cavabdeh yanacaq sistemi nasaz vəziyyətdə təhvil alınmışdır.

7. “SR-2045” markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər barədə” arayışa əsasən "xxxx" ASC-nin Xaçmaz Rayon Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsinin istifadəsində olan və mexanizator Cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli 06/01943 nömrəli müqavilə əsasında operativ lizinqə götürülmüş 561337 şassi nömrəli “SR-2045” markalı taxılyığan kombayn bölməyə təhvil verilərkən kombaynda nasazlıq müəyyən olunmuş, texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 1800 manat (yanacaq nasosunun təmiri 1800 manat) hesablanmışdır.

8. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Respublika X1 X6 X5 1618 nömrəli çıxarışdan (epikrizdən) görünür ki, Cavabdeh 01 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həmin xəstəxanada müalicə olunmuşdur.

9. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 23 fevral 2023-cü il tarixli pretenziya məktubda texnikaya dəymiş 1800 manat məbləğində zərərin tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş edilmiş, əks halda texnikaya dəymiş maddi ziyan üzrə borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir.

10. 03 oktyabr 2024-cü il tarixli 9/5771 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Sampo Rosenlew SR- 2045” markalı 53-T-231 dövlət qeydiyyat nişanlı taxılyığan kombaynın təmir-bərpa xərci 02 sentyabr 2022-ci il tarixə təxminən 1800 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 0 manat, təmir-bərpa işlərinin qiyməti – 1800 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sampo Rosenlew SR-2045” markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 1800 (min səkkiz yüz) manat məbləğində dəymiş maddi ziyan və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 1860 (min səkkiz yüz altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 may tarixli 2022-ci il 06/01943 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Bildirilir ki, lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombayna baxış keçirilmiş və nəticədə texnikaya 1800 (min səkkiz yüz) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, Sampo Rosenlew SR-2045 markalı taxılyığan kombaynın tam bərpası üçün 1800 (min səkkiz yüz) manat dəymiş maddi ziyan hesablanmışdır.

13. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, kombayn onun istifadəsinə nasaz vəziyyətdə verilmişdir. O, 01-06 sentyabr 2022-ci il tarixlərdə xəstəxanada olmuş, buna görə kombaynı iddiaçıya təhvil verə bilməmiş və həmin vaxt kombayn işlək vəziyyətdə olmuşdur.

14. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 18/2024 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq X3 ödənilməsi qət edilmişdir.(hakim H.Əliyeva)

15. Məhkəmə öz qətnaməsini Mülki Məcəllənin 751, 697.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1, 124.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

17. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflər arasında bağlanmış kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əmlak kirayə müqaviləsinin xüsusi növü kimi yanaşmış və əmlak kirayə müqaviləsi üzrə iddia müddətini əsas götürməklə iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən kirayə hüquq münasibətlərinin şərtlərinin istinad olunması deyil, tərəflər arasında mübahisə predmetinə müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilməlidir. Məhkəmə tərəfindən tərəflər arasında mübahisə predmeti olan lizinq münasibətlərinə icarə və ya əmlak kirayə münasibətlərinin tətbiq etməsi yolverilməzdir. Çünki lizinq hüquq münasibətləri icarə və ya kirayə hüquq münasibətlərindən obyektiv və subyektiv cəhətlərinə görə fərqlənir. İcarədardan fərqli оlaraq lizinq alan əmlakın sığortasını, оnun teхniкi хidmət haqqını və əmlaкın məhv оlma və ya korlanması zamanı mülkiyyətçinin zərərini ödəyir. Eyni zamanda kirayə müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin predmetini bəhər və gəlir verə bilən obyektlər təşkil edir. Hazırki mübahisə predmeti üzrə dövlət əmlakı olan texnikaları mövsümi olaraq operativ lizinq müqaviləsi ilə götürmüş fərdi sahibkar statusuna malik cavabdehin əsas məqsədi gəlir götürməkdən ibarət olmuşdur. Lakin məhkəmə yuxarıda qeyd edilənləri diqqətə almamış və əsassız olaraq iddia tələbini rədd etmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 751. Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olma yan qaydaları tətbiq edilir.

Maddə 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” 12 mart 2020-ci il tarixli Qərarı. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 may 2022-ci il tarixli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilə ilə taxılyığan kombayn mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 01 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək istifadə haqqı 4500 manat müəyyən edilməklə cavabdehin istifadəsinə verilmiş, 02 sentyabr 2022-ci il tarixli aktlara əsasən texnikada nasazlıq aşkar edilmişdir. Hazırda iddiaçı həmin hala əsaslanaraq texnikaya 1800 manat məbləğində zərərin dəydiyini iddia edir.

25. Birinci instansiya məhkəməsi işin yuxarıda istinad edilən hallarına əsaslanmış və mövqeyini qətnamənin 20-21-ci bəndində qeyd edilən normaları ilə əsaslandırmaqla iddianı rədd etmişdir.

26. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və tərəflər arasında mübahisə predmetinə müqavilə tələbləri üzrə iddia müddətinin tətbiq edilməli olması, lizinq münasibətlərinə icarə və ya əmlak kirayə münasibətlərinin tətbiq edilməsinin yolverilməzliyi ilə bağlı şikayətin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.

27. Mülki Məcəllənin 751-ci maddəsi lizinq barəsində əmlak kirayəsi müqaviləsinin Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiq edildiyini müəyyən etmişdir. İddiaçı isə həmin mövqe ilə razılaşmır və qeyd edir ki, lizinq münasibətlərinə icarə və ya əmlak kirayə münasibətlərinin tətbiq edilməsi yolverilməzdir.

28. Kollegiya bununla bağlı qeyd edir ki, tərəflər arasında olan münasibətlərin müqavilə münasibətləri olması işin mübahisəsiz halı olsa da, mülki qanunvericilik həmin münasibətlərə əmlak kirayəsi müqaviləsinin Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqini mümkün hesab etmişdir. Belə ki, lizinq müqaviləsi üzrə digər tələblər (borcun, dəbbə pulunun ödənilməsi və s) üzrə müqavilə münasibətlərinə üç illik iddia müddətinin tətbiqi qaydasını qəbul etsə də, hazırki “zərərin ödənilməsi” tələbi üzrə Mülki Məcəllənin 697.4-cü maddəsində qeyd olunan kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddialara 6 aylıq müddətin tətbiqi qanunun imperativ tələbi kimi müəyyən olunmuşdur. Yəni, kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşdüyündən hazırki iddia tələbi, müvafiq olaraq apellyasiya şikayəti də təmin oluna bilməz.

29. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4-cü maddəsinin müddəalarını tətbiq edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. Məhkəmə kəsici müddətin keçməsi səbəbilə aradan qalxmış olan bir haqqın (hüququn) təmin olunmasına dair qərar çıxara bilməz. Belə ki, kəsici müddətin ötürülməsi nəticəsində haqqın (hüququn) mövcudiyyəti də aradan qalxdığına görə, artıq məhkəmə tərəfindən təmin edilməli olan bir haqq da olmur.

30. Şikayətin digər bir dəlili isə onunla bağlıdır ki, dövlət əmlakı olan texnikaları mövsümi olaraq operativ lizinq müqaviləsi ilə götürmüş fərdi sahibkar statusuna malik cavabdehin əsas məqsədi gəlir götürməkdən ibarət olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, lizinq obyektinin dövlət əmlakı olması və cavabdehin gəlir götürmək məqsədi məhkəmənin vəzifəsi kimi müəyyən olunmuş kəsici müddətin tətbiqini isitisna edən hal kimi qiymətləndirilə bilməz.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

32. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və qanunvericiliyin müddəaları düzgün tətbiq olunmaqla əsaslandırılmışdır.

33. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver