Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-23/2025 03.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı "qanunsuz tikililərin sökülməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçıya məxsus ticarət obyektindən cavabdehin istifadəsində olan kolxoz bazarına giriş-çıxışını təmin edən qapıların açılmasını və həmin ticarət obyektinin yanğından mühafizə zonasında cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin onun vəsaiti hesabına sökülərək həmin ərazinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 14 noyabr 2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək ərizədə hazırkı iş üzrə iddianın əsasını təşkil edən iddiaçıya məxsus texniki pasportun cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirildiyini, həmin mübahisə üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək, hazırkı kommersiya mübahisəsinə baxılmasının mümkün olmadığını, həmin mübahisə ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli 2-1(118)-4334/2024 nömrəli qərarından apellyasiya şikayəti verildiyini və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının icraatında həmin şikayətə baxıldığını bildirmiş və həmin mübahisə ilə bağlı məhkəmənin yekun aktı qanuni qüvvəyə minənədək hazırkı kommersiya işinin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsinin vəsatəti təmin edilərək iş üzrə icraat dayandırılmışdır (hakim Fərman Həmidli). Cavabdeh həmin qərardaddan şikayət verərək Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, iddianın əsası iddiaçının torpaq sahəsi üzərində ehtimal olunan hüquqları ilə bağlı olduğu üçün, iddiaçı tərəfindən torpaq sahəsi üzərində belə bir hüququnun mövcudluğunu təsdiq edən sübut təqdim edilməmiş, əksinə bu hüququn mövcud olmamasına dair sübutun cavabdeh tərəfindən təqdim edildiyi halda məhkəmə tərəfindən bu hüququn mövcud olub-olmaması aydınlaşdırılmamış və iddianın mahiyyətinə qiymət verilməmiş, həmçinin hazırkı kommersiya mübahisəsi Cavabdeh tərəfindən inzibati mübahisə daxilində qaldırılmış iddianın nəticəsindən asılı olmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadı ilə iddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin Cavabdeh qarşı “qanunsuz tikililərin sökülməsi” tələbi barədə kommersiya işi üzrə icraatın dayandırılması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)-1425/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi icraatın dayandırılmasına dair qərardadını Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə istinad edərək hazırkı iş üzrə Cavabdeh iddiaçı qismində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun onun (Gulnara Həbibovanın) xüsusi mülkiyyətində olan ümumi sahəsi 584.1 kv.m. olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyyət təşkil edən) və onun adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin həvalə edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan hazırkı iddia tələbində iddiaçı Mənzil Kommunal Təsərrüfat Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ona verilmiş qeyri yaşayış binasının texniki pasportuna istinad edərək “Azəri qardaşları” ÖTM-nə məxsus ticarət obyektindən Cavabdeh isitfadəsində olan kolxoz bazarına giriş-çıxışı təmin edən qapıların açılmasını və “Azəri qardaşları” ÖTM-nə məxsus ticarət obyektinin yanğından mühafizə zonasında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsini xahiş edir. Hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan inzibati işdə isə iddiaçı qismində olan Cavabdeh məhz “Azəri qardaşları” ÖTM-nə verilmiş həmin texniki pasportun onun mülkiyyətində olan sahəsi 584.1 kv.m. olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq qeyd edir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icraatın dayandırılması yekun nəticədə düzgün qərarın qəbul edilməsi məqsədinə yönəldiyindən əsaslı olmuşdur. Belə ki, inzibati qaydada işə baxılarkən preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi mümkündür. Belə olan halda tərəflər arasında hüquq münasibətləri başqa xarakter ala və digər hüquqi nəticələrə səbəb ola bilər. Bu isə hazırki iddia tələbi üzrə qəbul ediləcək yekun məhkəmə qərarına təsir etmiş olar. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli e-2-2(119)- 1425/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-23/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-23/2025
03.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver