Məhkəmə qərarları › İş №2-2(105)-47/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-47/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-47/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, e-2-2(119)-245/2022 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 dekabr 2021-ci il tarixinə hesablanmış vergi borcunun Dövlət Büdcəsinə ödənilməmiş 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus 1000 manat məbləğində siyahıya alınmış bir ədəd “qaldırıcı” qurğunun ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmiş, lakin cavabdeh tərəfindən borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 13.12.2021-ci il tarixli **********285700 nömrəli qərar çıxarmışdır. 13.12.2021-ci il tarixli **********285700 nömrəli qərar əsasında vergi ödəyicisi Cavabdeh 10.12.2021-ci il tarixə yaranan 799.55 manat borcuna görə fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsində yerləşən “AVTOSERVİS” adlı obyektdə vergi ödəyicisinə məxsus minik avtomobillərinin təmirində istifadə olunan 1 ədəd “qaldırıcı” qurğu olmaqla, ümumilikdə 1.000,0 manat məbləğində əmlak siyahıya alınmış və bu barədə 13.12.2021-ci il tarixli **********285700 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 20.12.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 10.12.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 549.55 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh məhkəməyə 24 fevral 2022-ci il tarixli ərizə ilə müraciət edərək dövlət büdcəsinə olan 549.55 manat borcunu ödədiyini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə həyata keçirilmiş 01 fevral 2022-ci il tarixli ********* nömrəli, 01 fevral 2022-ci il tarixli ********* nömrəli və 22 fevral 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzlərini məhkəməyə təqdim etmişdir. Həmin ərizəyə əlavə edilərək, məhkəməyə təqdim olunmuş 01 fevral 2022-ci il tarixli ********* nömrəli, 01 fevral 2022-ci il tarixli ********* nömrəli və 22 fevral 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən 01 fevral 2022-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına 549,55 (beş yüz qırx doqquz manat 55 qəpik) manat məbləğində pul vəsaiti, 01 fevral 2022-ci il və 22 fevral 2022-ci il tarixlərdə isə Dövlət Vergi Xidməti – Milli Gəlirlər Departamentinin hesabına müvafiq olaraq 475 (dörd yüz yetmiş beş) manat məbləğində və 552 (beş yüz əlli iki) manat məbləğində ödənişlər həyata keçirilmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra, həmin iddia ərizəsində nəzərdə tutulan 10 dekabr 2021-ci il tarixinə hesablanmış borc Cavabdeh tərəfindən ödənilmiş və bununla da, hal-hazırda həmin borcun ödənilməsi üçün 13 dekabr 2021-ci il tarixli **********285700 nömrəli Protokol əsasında siyahıya alınmış bir ədəd “qaldırıcı” qurğunun hərrac vasitəsi ilə satılması zərurəti aradan qalxmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-245/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia tələbi təmin edilməmişdir (hakim Zülfüqar Sadiqov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh şəxsi hesab vərəqəsini nəzərdən keçirdikdə vergilər üzrə vərəqədə 24.02.2022-ci il tarixdə 552 manat ödənişin ödənildiyi aydın olur. Lakin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərini nəzərə alaraq həmin ödəniş əvvəlki mövcud borc məbləğlərinə aid edildiyindən hal-hazırda 129.50 borc məbəği hələ də qalmaqda davam edir. İddiaçı apellyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və vergi ödəyicisi Cavabdeh dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün həmin şəxsin siyahıya alınmış əmlakının açıq hərracda satılması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh məhkəməyə 05 may 2022-ci il tarixli ərizə ilə müraciət edərək dövlət büdcəsinə olan 129.50 manat borcunu ödədiyini bildirmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə həyata keçirilmiş 05 may 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzini məhkəməyə təqdim etmişdir. Ərizəyə əlavə olunmuş 05 may 2022-ci il tarixli ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı – X2 vasitəsi ilə dövlət büdcəsinə 129.50 manat borcunu ödəmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət olunduqdan sonra, həmin apellyasiya şikayətində nəzərdə tutulan dövlət büdcəsinə olan 129.50 manat borc Cavabdeh tərəfindən ödənilmiş və bununla da siyahıya alınmış əmlakın açıq hərracda satılması zərurəti aradan qalxmışdır. Beləliklə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-245/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar