Məhkəmə qərarları › İş №2-2(105)-53/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-53/2024

28.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-53/2024 28.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)- 71/2024 nömrəli qərardadından iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti 13 noyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsindən 10000 manat artıq ödənilmiş məbləğ, 658,30 manat faiz olmaqla, ümumilikdə 10658,30 manat məbləğin, habelə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 10000 manat məbləğin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə tam ödənilməsi tarixinədək bu məbləğə illik beş faiz hesablanması və bu məbləğin, eyni zamanda ödənilmiş dövlət rüsumunun tutularaq Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)-71/2024 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi barədə ilkin iddia ərizəsinə və Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinə qarşı verilmiş “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e- 22(119)-71/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxarkən birinci instansiya məhkəməsi sadalanan prosessual hüquq normasının tələblərini pozaraq məhkəmə baxışının ərazi aidiyyəti ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Sumqayıt Bələdiyyəsinin iddia tələbi bələdiyyə qərarı əsasında cavabdehin icarəsinə ayrılmış torpaq sahəsindən istifadəyə görə kompensasiya kimi icarə haqqının cavabdehdən Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulmasından və sözügedən torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətinə qaytarılaraq bələdiyyəyə təhvil verilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarında bu maddəyə aşağıdakı kimi şərh verilmişdir:”...Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur:- daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması;- daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi;-sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan)...” Göründüyü kimi, qanunvericiliklə daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə münasibətdə mülkiprosessual qanunvericiliyin müstəsna aidiyyət normalarının şamil olunması müəyyən edilmişdir. Hal-hazırki məhkəmə mübahisəsi üzrə iddiaçı Suqmayıt Bələdiyyəsi iki tələblə çıxış etmişdir ki, bunlardan biri torpaqdan istifadəyə görə pul tələbi, digər tələb isə icarə müddəti başa çatdıqdan sonra cavabdehin qeyri-qanuni istifadəsində qalmış torpaq sahəsinin geri qaytarılmasından və onun qanunsuz sahibliyindən alınmasından ibarətdir. Çıxarılmış məhkəmə qərardadından göründüyü kimi, Sumqayıt Bələdiyyəsi tərəfindən ilkin iddia tələbindən imtina edildiyi halda, məhkəmə həmin hissədə icraata xitam verməmiş, imtina edilmiş ilkin iddia tələbi ilə cavabdehin “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsini əsassız olaraq baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında şərh edilənlərə zidd olaraq mülki iş üzrə verilmiş iddialarla bağlı, o cümlədən ilkin iddia üzrə cavabdehin “pul tələbinə dair” iddia tələbi üzrə məhkəmə aidiyyəti qaydalarını pozmuşdur. Halbuki, sadalanan maddi hüquq normalarına əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) üzrə mübahisələrə müstəsna aidiyyət qaydası tətbiq edildiyindən, bələdiyyənin iddia tələbi əsasında icraatı aparılan işdə verilmiş qarşılıqlı iddia ərizəsinə də müstəsna aidiyyət qaydasında daşınmaz əmlakın olduğu yer üzrə baxılmalıdır. Birinci instansiyası məhkəməsi ərazi aidiyyəti ilə bağlı hüquq normalarını düzgün tətbiq və təfsir etməmişdir. Cavabdehin hüquqi ünvanının Bakı şəhərində olması ilkin tələbə qarşı cavabdeh tərəfindən irəli sürülmüş “pul tələbinə” Bakı Kommersiya Məhkəməsində baxılmalı olması anlamına gələ bilməz. Məhkəmənin məsələyə bu mövqedən yanaşması sadalanan maddi hüquq normaları ilə yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun da qeyd edilən şərhi ilə də açıq-aşkar ziddiyyət təşkil etmişdir. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. İş materillarından da göründüyü kimi, məhkəmənin ilk hazırlıq iclası günü, yəni 20 noyabr 2023-cü il tarixdə Suqmayıt Bələdiyyəsi tərəfindən məhkəməyə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə iddiadan imtina barədə ərizə verilmişdir. Həmin ərizə məhkəməyə daxil olduqdan sonra 20 noyabr 2023-cü il, 06 dekabr 2023-cü il, 21 dekabr 2023-cü il, 10 yanvar 2024-cü il və 23 yanvar 2024-cü il tarixdə məhkəmə hazırlıq iclasları keçirilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Lakin iddiadan imtina barədə ərizənin məhkəməyə daxil olduğu vaxtdan sonra 5 hazırlıq iclası keçirilsə də, nədənsə məhkəmə bələdiyyənin ərizəsinə hər hansı qiymət verməmiş və ilkin iddia tələbi üzrə icraata xitam verməli olduğu halda, bunu etməmişdir. Məhkəmə baxış iclasının keçirildiyi tarixdə də həmin ərizəyə hər hansı qiymət verməyərək, birdən-birə iddi tələblərinin həmin məhkəməyə aid olmaması barədə qəribə nəticəyə gəlmişdir. Yəni məhkəmə üçün iddia tələblərinin həmin məhkəməyə aid olmaması barədə nəticəyə gəlməsi üçün 5 hazırlıq və 1 baxış iclasının keçirilməsi lazım olmuşdur. Halbuki, ilkin iddia tələbindən Sumqayıt Bələdiyyəsi imtina etdiyindən və həmin tələbə məhkəmə tərəfindən baxılmalı olmaması səbəbindən, cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə ilkin iddiaya baxıldığı məhkəmədə baxılmalı olmasına dair norma tətbiq edilə biməzdi. Bu halda pul tələbinə dair cavabdehin qarşılıqlı iddia ərizəsinə adi iddia icraatı qaydasında Sumqayıt Bələdiyyəsinin hüquqi ünvanı üzrə, yəni Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olduğu halda, məhkəmə sadalanan prosessual normanın tələblərini pozaraq iddia tələblərinə Bakı Kommersiya Məhkəməsində baxılmalı olması kmi qanunsuz nəticəyə gəlmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-71/2024 xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardadını onunla əsaslandırmışdır ki, iddia tələbi ilə məhkəməyə müraciət olunduğu vaxt, tərəflər arasında torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Tərəflər arasında olan hazırkı mübahisə onların arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyi üçün kommersiya işinə ilkin iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, icarəyəverən Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsi ilə icarəçi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 06 oktyabr 2021-ci il tarixli 36 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyəverən Sumqayıt Bələdiyyəsinin 09 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10000 kv.m olan torpaq sahəsini müvəqqəti istifadə üçün icarəyə vermiş, icarəçi isə həmin torpaq sahəsini qəbul etmişdir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən icarə müqaviləsi 01 iyul 2021-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək bağlanılmışdır. Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh QSC-yə qarşı “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi ilə 30 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin Cavabdeh QSC-nin müvəqqəti istifadəsinə verilməsi ilə bağlı tərəflər arasında 27 oktyabr 2023-cü il tarixli 106 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmış və müqavilənin 6.1-ci bəndində müqavilənin 03 yanvar 2023-cü il tarixdən 03 yanvar 2033-cü il tarixədək bağlandığı qeyd olunmuşdur. Beləliklə, tərəflər arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmış və Sumqayıt şəhəri, Bakı-Quba yolunun sağ tərəfi ərazisində yerləşən ümumi sahəsi 10000 kv.m olan torpaq sahəsi həmin icarə müqavilələrinə əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh QSC-nin müvəqqəti istifadəsinə verilmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən “icarə haqqının tutulması və torpaq sahəsinin boşaldılması” tələbi ilə məhkəməyə müraciət olunduğu vaxt, yəni 30 oktyabr 2023-cü il tarixdə tərəflər arasında 27 oktyabr 2023-cü il tarixli 106 nömrəli torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında olan hazırkı mübahisə onların arasında yaranmış müqavilə münasibətlərindən irəli gəldiyi üçün kommersiya işinə ilkin iddia ərizəsi üzrə Cavabdeh QSC-nin ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ünvan 4 ünvanında rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Azərbaycan Respublikası Sumqayıt Şəhəri Sumqayıt Bələdiyyəsinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 fevral 2024-cü il tarixli e-2-2(119)-71/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver