Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-55/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma və cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Quba rayonu ərazisində İddiaçı icarəsində olan 19 nömrəli “Bulanlıq” adlanan 128 hektar yay otlaq sahəsindən çıxarılması və həmin torpaq sahəsindən İddiaçı istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X2 ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). Buna səbəb kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin yalnız Cavabdeh2 tərəfindən imzalanması göstərilmişdir. Cavabdeh2 Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)- 15/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən verilən apellyasiya şikayətinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva). Birinci instansiya məhkəməsi qəbul etdiyi qərardadda öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti yalnız Cavabdeh2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir... Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır... Ona görə də məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Bununla razılaşmayan Cavabdeh2 qərardaddan verdiyi şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli, 2- 2(119)-15/2025 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti qanunvericiliyin tələbinə uyğun tərtib edilərək hər iki cavabdeh tərəfindən imzalanmış və skan olunaraq məhkəməyə elektron kabinet vasitəsilə göndərilmişdir. O, məhkəmə təcrübəsi ilə maraqlanmış və məlum olmuşdur ki, əvvəllər də apellyasiya şikayətləri eyni qaydada şikayət vermiş şəxslər tərəfindən imza edilməklə skan olunaraq kabinetə əlavə olunmuş və apellyasiya məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılmışdır. Ona görə də hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsi onun apellyasiya şikayətini əsassız olaraq geri qaytarmışdır. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinin tələblərinə görə “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1, 1.1.5, 1.1.15 və 1.1.18-ci maddələrində verilmiş anlayışlara uyğun olaraq gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd; sertifikatlaşdırılmış elektron imza vasitələri isə - müəyyən olunmuş tələblərə uyğunluğu sertifikatlaşdırma qaydaları əsasında təsdiq edilmiş elektron imza vasitələridir. Həmin Qanunun 6.1-ci maddəsinin tələblərinə görə, dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici dövlət hakimiyyəti orqanlarının informasiya sistemlərində, o cümlədən onun tərkib hissəsi olan “Elektron Məhkəmə” informasiya sistemində elektron sənəd kimi istisnasız olaraq sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə gücləndirilmiş elektron imza ilə rəsmiləşdirilmiş sənədi hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, elektron məhkəmə informasiya sistemi vasitəsilə verilmiş şikayətlərin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən elektron imza ilə təsdiq edilməsi üçün sistemdə müvafiq dəyişikliklər edilmişdir. Qeyd edilən funksionallıq (dəyişiklik) 2022-ci il 1 oktyabr tarixindən istifadəyə verilmişdir. Beləliklə, 2022-ci il 1 oktyabr tarixindən sonra məhkəmə aktlarından verilən bütün şikayətlər bu dəyişikliyə cavab verməli, şikayət onu verən hər bir şəxs və ya onun nümayəndəsi, olduğu halda vəkili tərəfindən elektron qaydada imzalanmalıdır. Lakin, konkret halda “Elektron Məhkəmə” informasiya sistemindən görünür ki, apellyasiya şikayəti elektron qaydada yalnız Cavabdeh2 tərəfindən imzalanmış, digər Cavabdeh1 tərəfindən isə elektron qaydada imzalanmamışdır. Qanunvericiliyin tələbi baxımından belə hal apellyasiya şikayətinin digər cavabdeh tərəfindən imzalanmaması mənasını ehtiva edir. MPM-in 363.1.5-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə görə, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətini düzgün olaraq geri qaytarmışdır. Cavabdeh2 şikayəti birinci instansiya məhkəməsinin müvafiq qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “apellyasiya şikayətinin geri qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1, 361, 363, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-15/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-2(119)- 15/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-55/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-55/2025
29.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver