Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-57/2022 10.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.04.2022-ci il tarixli Qərar əsasında cavabdehin həmin tarixə yaranan Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 5094,03 manat borcuna görə onun fəaliyyət göstərdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sol tərəfi - ünvanında yerləşən “İcarə obyekti” adlı təsərrüfat subyektində **********1 saylı Protokolla rəsmiləşdirimiş daşınmaz əmlak olmaqla, ümumilikdə 990400 manat dəyərində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardadının ləğv olunmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə (VÖEN: **********) qarşı cavabdehin 04.04.2022-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət sosial müdafiə fonduna 5094,03 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400,0 manat məbləğində siyahıya alınmış əmlakının hərrac vasitəsilə satılması tələbinə dair 1-ci dəfə 04.04.2022-ci il tarixli **********080200 nömrəli iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və məhkəmə tərəfindən araşdırma aparılaraq tələbin yönəldiyi siyahıya alınmış əmlakın adı, digər xarakterik əlamətlərinin qeyd edilməməsi səbəbindən vergi orqanı tərəfindən verilmiş iddia ərizəsinin 06.04.2022ci il tarixli e-2-2(119)-419/52022 nömrəli qərardad ilə iddiaçıya geri qaytarılması qərara alınmışdır. Lakin həmin qərardadda ərazi aidiyyətinin düzgün seçilməməsi barədə heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikası MPM-in 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Amma məhkəmə tərəfindən bu hal nədənsə nəzərə alınmamışdır. Daha sonra 06.04.2022-ci il tarixli e-2-2(119)-419/2022 nömrəli qərardadda qeyd olunan çatışmazlıqlar vergi orqanı tərəfindən aradan qaldırılaraq iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə yenidən müraciət edilməsi təmin edilmişdir. Lakin bu dəfə də eyni hakim tərəfindən işə baxılaraq iddia tələbi cavabdeh "xxxx" MMC-nə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən daşınmaz əmlakın (daşınmaz əşyanın) satılması ilə əlaqədar olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq həmin işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi əraziyə uyğun olaraq Bakı Kommersiya Məhkəməsində baxılmalı olması əsası ilə 13.04.2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardad ilə yenidən iddiaçıya geri qaytarılmışdır. Nədənsə məhkəmə eyni iş üzrə ilk olaraq qəbul etdiyi 06.04.2022-ci il tarixli e-2- 2(119)-419/2022 nömrəli qərardadında ərazi aidiyyətinə dair pozuntunun olmadığını müəyyən etmiş, lakin sonrakı 13.04.2022-ci il tarixli e-2- 2(119)-460/2022 nömrəli qərardadında isə bunun tam əksini vurğulamışdır. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə (VÖEN:**********) qarşı cavabdehin 20.02.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 6808,49 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 990400,0 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və cavabdeh "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməmiş 6808,49 manat borcun ödənilməsi təmin edildiyindən Sumqayıt Kommersiya Məhkəməsinin 19.11.2021-ci il tarixli e-2-2(119)-930/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədilə verilmiş iddia ərizəsinin qanunverciliyin tələbləri gözlənilməklə düzgün ərazi aidiyyəti üzrə verildiyi yoxlanılmış, daha sonra həmin məhkəmənin icraatına qəbul edilmiş, iş üzrə məhkəmə araşdırılması aparılmış və yekunda cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilməmiş borc məbləğinin tam şəkildə ödənilməsi səbəbilə iş üzrə iddia tələbi təmin edilməmişdir. Lakin Sumqayıt Kommersiya Məhkəməsi qərarında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad etməklə iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Həmin Məcəllənin 39.1-ci maddəsində aydın şəkildə qeyd olunmuşdur ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, qeyd olunanların vergi orqanının iddia tələbinə dair yəni, borcun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması predmetinə aidiyyəti yoxdur Həmçinin, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1- ci masddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli qərarı mövcuddur ki, həmin qərarda AR MPMin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyəti şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması: - daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi: - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrumetmə ilə əlaqədar olmayan) Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-460/2022 saylı 20 aprel 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri iddiaçıya geri qaytararkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müstəsna aidiyyət qaydalarını müəyyən edən 39.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, iddia tələbi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən daşınmaz əmlakın (daşınmaz əşyanın) satılması ilə əlaqədardır. Bu halda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulan müstəsna aidiyyətlə bağlı qaydalara uyğun olaraq həmin işə ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsində deyil, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi əraziyə uyğun olaraq Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Qeyd etmək lazımdır ki, hazırkı iddia ərizəsində verilmiş “daşınmaz əşyanın hərrac vasitəsilə satılması” tələbi - son nəticədə həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, mülkiyyətçinin dəyişməsi və yaxud, daşınmaz əmlak üzərində mövcud mülkiyyət hüquqları ilə əlaqədar digər dəyişikliklərlə nəticələnə biləcək tələbdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1- ci masddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.06.2021-ci il tarixli qərarında mövqeyi aşağıdakı kimi olmuşdur.: “Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.” Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan mövqeyinə istinad edərək qeyd edir ki, hazırki iş üzrə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) iddianın olduğu müəyyən olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinin şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərardadı ləğv edilməli, ərizənin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinin şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 13 aprel 2022-ci il tarixli e-2-2(119)-460/2022 nömrəli qərardadı və şikayət təmin edilmədən işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 20 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər X1 üzrə Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın hərrac vasitəsilə satılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-57/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-57/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver