Məhkəmə qərarları › İş №2-2(105)-6/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-6/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-6/2022 21.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 və savabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2(119)-33/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2(119)-33/2021 saylı qətnaməsi ilə (hakim Z.T.Məmmədov) iddia təmin edilərək Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 82938.85 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin hüquqi şəxsin Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan anbarında ümumi dəyəri 99266.86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqlarının ixtisaslaşdırılmış açıq hərracda satılması, Cavabdehndən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh MMC-nin direktoru apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-2(105)-75/2021 saylı qətnaməsi ilə (sədrlik edən Z.İ.Məmmədov, hakimlər – H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilərək Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2(119)-33/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-2(105)-75/2021 saylı qətnaməsinin ləğv edilməsi, apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 15 sentyabr 2021-ci il tarixli, 2-2(102)-418/2021 saylı qərarı ilə (sədrlik edən B.Qəribov, hakimlər – B.Məmmədli və A.Abbasov) iddiaçının kassasiya şikayətinin qismən təmin olunması, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-2(105)-75/2021 saylı qətnaməsinin ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 24.08.2018-ci il tarixə yaranmış 82938.85 manat vergi borcunun, işsizlikdən sığorta fonduna ödənilməmiş 50,79 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan ümumi dəyəri 99266,86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqlarının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehnə vergi borcunun ödənilməsinə dair bildiriş verilərək yaranmış borc öhdəliyinin Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin borc öhdəliyi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməmişdir. Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq borc öhdəliyinin cavabdehin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması ilə əlaqədar olaraq kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan Sərəncam verilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehin 24.08.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 83638.85 manat məbləğində vergi borcuna görə ümumi dəyəri 99266.86 manat olan 22 adda məişət və elektrik avadanlıqları siyahıya alınmışdır (siyahıya alınmış əmlakların siyahısı iddia ərizəsinə əlavə edilir). İddia tələbində o da vurğulanır ki, əmlakın siyahıya alınması haqqında cavabdehin nümayəndəsinin və müşahidəçilərin iştirakı ilə 17.09.2018-ci il tarixli **********4 nömrəli Protokol tərtib edilmiş və siyahıya alınmış əmlak məsul saxlanma üçün müvafiq aktla cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə cavabdehə yazılı xəbərdarlıq verilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən 50.79 manat məbləğində işsizlikdən sığorta borcunun digər iddia tələbində ifadə edildiyindən həmin tələbin hazırkı iddiadan çıxarılmasını və 82938.85 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 99266,86 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh MMC-i tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-nin hazırki iddia ilə bağlı olaraq vergi borcu olmamış, əmlakın siyahıya alınması ilə əlaqədar qərarın qəbul edilməsinə əsas vergi orqanı tərəfindən kameral yoxlamanın nəticələrinə dair qərar olmuşdur ki, həmin qərar məhkəmə tərəfindən ləğv edilmiş və həmin dövrdə əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının qərarından məhkəməyə verdikləri iddia ərizəsi üzrə artıq mübahisə aradan qalxdığından geri götürülmüşdür. Həmin vaxtdan iki il keçdikdən sonra vergi orqanı tərəfindən yenidən iddia qaldırılmasını əsassız və qanuna zidd hesab edirlər. TƏRƏFLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, MMCnin vergi orqanlarına qarşı çoxsaylı iddiaları üzrə inzibati məhkəmələrin icraatında olan işlərin hamısında vergi orqanlarının əsassız vergi hesablamaları barədə qərarları ləğv edilmiş, hazırkı iş üzrə Ali Məhkəmənin qərarında qeyd edilən 24.08.2018-ci il tarixinə borcun məbləğinin dəqiqləşdirilməsinə dair göstərişilə bağlı onu deyə bilərlər ki, iddiaçının kassasiya şikayətinə əlavə etdiyi "xxxx"da göstərilən ümumi borc 61582,5295 manatın, 43989,25 manatı əsas borc, 17593,2795 manat isə faiz borcu kimi qeyd edilməsi əsassızdır. Belə ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi 7332,98 manat azalma əvvəla 24.08.2018-ci ilədək olan hesaba hesablana bilməz. Çünki hesabatda həmin azalma 19.09.2018-ci ildə olması qeyd edilib, yəni sonradan olan azalma necə keçmiş borca hesablana bilər. Bu onu göstərir ki, iddiaçının Ali Məhkəməyə təqdim etdiyi iş materialında 168-169 vərəqəsində olan "xxxx"da göstərilən ümumi borc 61582,5295 manat, 43989,25 manatı əsas, 17593,2795 manatı isə faiz kimi qeyd edilən məbləğlər heç MMC-nin şəxsi hesab vərəqəsində olan hesabatlarnan da üst-üstə düşmür. Bu da özü-özlüyündə iddiaçının izah da edə bilmədiyi məbləğlərdir ki, əsassız olaraq MMC-nin adına yazılır. Həmin dövrdə MMC-nin iddiaçı ilə çox saylı məhkəmə mübahisələri olmuş və məhkəməyə də təqdim etdikləri 03.12.2019-cu il tarixli Ali Məhkəmənin qərarından da görünür ki, 23.10.2018-ci ilə MMC-dən tələb edilən əsassız borclar məhkəmə qərarlarına əsasən ləğv edilib və Ali Məhkəmədə də həmin qərar qüvvədə qalıb. Əgər MMC-nin 23.10.2018-ci ilə iddiaçıya heç bir borcu yoxdursa iddiaçı hansı əsasla MMC-dən 24.08.2018-ci ilədək “Tədiyyələr üzrə borc barədə” hesabatda göstərilən 61582,5295 manat borcu tələb edir. Xahiş edirlər ki, məhkəmə göstərilənləri nəzərə alsın, ona görə də apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəməyə təqdim etdikləri bu şəxsi hesab vərəqində 11.08.2018-ci il tarixə cavabdehin 54489,18 manat əsas borcu, 17538,10 manat faiz borcu olub və bu borc ümumilikdə edir 72027,28 manat. Ali Məhkəməyə təqdim edilən, iş vərəqi 168-169 olan "xxxx"dan görünən ümumi borc 61582,5295 manatın, 43989,25 manatı əsas borc, 17593,2795 manat isə faiz borcudur. Ali Məhkəmənin qərarında vurğulanıb ki, məhkəmə cavabdehin tələb edilən dövr üçün 24.08.2018-ci il üçün borcunun olub-olmaması dəqiq araşdırılmalıdır. İddiaçı olaraq hesab edirlər ki, "xxxx"da qeyd edilən borc məbləği 61582,5295 manat cavabdehin 24.08.2018-ci ilə olan borcudur və bu borc indi məhkəməyə təqdim etdikləri şəxsi hesab vərəqində 11.08.2018-ci il tarixə cavabdehin qeyd edilən 54489,18 manat əsas borcu, 17538,10 manat faiz borcudur. Düzdür təqdim etdiyi bu borc məbləği 72027,28 manat təşkil edir, amma cavabdehin azalması olub ondan çıxılıb, yəni azalma təqdim etdiyi şəxsi hesab vərəqində 19.09.2018-ci ildə cavabdehin 7332,98 manat azalması göstərilir və 72027,28 manatdan 7332,98 manat çıxanda 64.694,3 manat qalır. Ali Məhkəməyə təqdim edilən sənəddə 61582,5295 manat borcun olması görsənməsini, indi isə təqdim edilən sənəddə 64.694,3 manat borcun görsənməsindəki uyğunsuzluğun nədən ibarət olmasını izah edə bilmir, sədəcə onu deyə bilər ki, hazırda cavabdehin iki milyondan artıq vergi borcu vardır. Hazırkı mübahisənin 24.08.2018-ci ilə olan borcla bağlı olması da aydındır. Hesab edirlər ki, təqdim etdikləri şəxsi hesab vərəqində göstərilən bütün məbləğlər Ali Məhkəməyə təqdim edilən "xxxx"ında göstərilən məbləğlərə aiddir və bu da onu təsdiq edir ki, cavabdehin 2018ci ilin 24 avqustuna olan ümumi borcunun 61582,5295 manat təşkil etməsi əsaslıdır. Ali Məhkəmə hazırkı iş üzrə qərarında qeyd etdiyi məsələ ilə bağlı onu da əlavə bildirmək istəyir ki, hazırkı tələb üzrə əsasları yalnız şəxsi hesab vərəqəsidir və bu sənəddən başqa məhkəməyə hər-hansı sübut təqdim edə bilmirlər. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası işə apelyasiya şikayəti həddində baxır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçini və tərəflərin izahatlarını dinləyib, Ali Məhkəmənin hazırkı iş üzrə qərarında qeyd edilən hüquqi mövqeyi əsas tutaraq, apelyasiya şikayətinin dəlillərilə əlaqəli şəkildə araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, “Vergi borcunun ödənilməsinə dair” 24.08.2018-ci il tarixli, **********181200 nömrəli bildirişdən görünür ki, ümumilikdə 83638,85 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdeh "xxxx" MMC-yə xəbərdarlıq edilmiş, 17.09.2018-ci il tarixli **********4 nömrəli protokola əsasən vergi borcuna görə cavabdeh "xxxx" MMC-yə məxsus əmlakın siyahıya alınması qərara alınaraq cavabdehin 99266,86 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMCnin şəxsi hesab vərəqəsinə əsasən 24.05.2017-ci il tarixdən 24.08.2020-ci il tarixədək olan dövrü əhatə etməklə 16.09.2020-ci il tarixə həmin vergi ödəyicisinin cəmi ödənməli borcu 1.905.294,54 manat, habelə sosial ödənişlər 197,19 manat təşkil edir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən isə qeyd edilən məbləğ 11.11.2020-ci il tarixə 2.166.786,75 manat təşkil edir. Cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə məhkəmə iclaslarında vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarını mübahisələndirildiyini bildirdiyindən məhkəmə qərarlarının təqdim edilməsi üçün məhkəmə iclaslarının bir neçə dəfə təxirə salınmasına baxmayaraq məhkəməyə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.11.2019-cu il tarixli 2- 1(102)-3019/2019 saylı qərarının və Sumqayıt İnzibati Məhkəməsinin 27.01.2020-ci il tarixli 2-1(118)-29/2020 saylı qərardadının surətləri təqdim etmişdir ki, həmin qərarların hazırkı işlə hər-hansı əlaqəsi müəyyən olunmur. Məhkəmə kolegiyası qeyd edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 15.09.2021-ci il tarixli 2-2(102)-418/2021 saylı qərarında göstərilmişdir ki, işə apellyasiya qaydasında baxılarkən işin hallarının hərtərəfli araşdırılmamasının və sübutların düzgün qiymətləndirilməməsinin nəticəsidir ki, apellyasiya məhkəməsi əmlakın siyahıya alınması haqqında 2018-ci il 24 avqust tarixli, **********4 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin Cavabdeh tərəfindən geri götürülməsinə və iddiaçı tərəfindən 48.378,94 manat vergi borcuna azalma verilməsinə istinad etməklə iş üzrə nəticəyə gəlmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 8 oktyabr tarixli, 2-1(118)-23/2020 saylı qərardadında (iddia ərizəsinin geri qaytarılması barədə) həmin iş üzrə mübahisələndirilən borc məbləğinin vergi orqanı tərəfindən ləğv edilməsinə istinad edilməməsinə, həmçinin iddiaçı tərəfindən 48.378,94 manat vergi borcunun azaldılsa da, şəxsi vərəqədə aparılan hesablamalar və azalmalar üzrə əməliyyatların nisbətində mübahisələndirilən dövr üzrə borc qalığının mövcudluğu məsələsini tam araşdırmamış, bu isə sonda işin həqiqi hallarına uyğun olmayan əsassız və qanunsuz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, işin hallarının hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, cavabdehin tələb edilən dövr üçün (2018-ci il 24 avqust tarixə) nə qədər borcunun olub-olmadığı dəqiq müəyyən edilməli, mövcud və əldə ediləcək sübutların məcmusundan asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir. Həmçinin, işə təkrar baxan məhkəmə nəzərə almalıdır ki, vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılmasını tələb edə bilər. Ali Məhkəmənin qərarında vurğulanan halların aydınlaşdırılması məqsədilə kollegiya tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, iddiaçı tələbinin əsası kimi, Ali Məhkəməyə təqdim etdiyi kassasiya şikayətinə əlavə olunmuş (iş materialında 168-169 vərəqədə olan) "xxxx"da göstərilən ümumi borc məbləğinin 61582,5295 manat olmaqla, o cümlədən bunun 43989,25 manatı əsas, 17593,2795 manatı isə faiz kimi qeyd edilməsi və bu məbləğlərin cavabdehin şəxsi vərəqində qeyd edilən borc məbləğlərilə təsdiq edilməsidir. Məhkəmə kollegiyasının iclasında, iş materialının 168-169 vərəqəsində olan "xxxx"da göstərilən 43989,25 manatı əsas və 17593,2795 manat faiz olmaqla 61582,5295 manat ümumi borc məbləğinin istər iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi MMC-nin şəxsi hesab vərəqəsindəki, istərsə də iş materialının 121-145-ci vərəqində olan MMC-nin şəxsi hesab vərəqəsindəki göstəricilərə uyğun gəlməməsi müəyyən edilmişdir. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasının iclasında MMCyə aid təqdim edilmiş şəxsi hesab vərəqində 11.08.2018-ci il tarixə cavabdehin 54489,18 manat əsas borcu, 17538,10 manat faiz borcu olmasının qeyd edilməsinin iş materialının 126-cı vərəqində olan MMC-nin şəxsi hesab vərəqindəki 20.08.2018-ci il tarixə qeyd edilən 54489,18 manat əsas borcu, 17538,10 manat faiz borcu ilə eyni olması müəyyən edilsə də, lakin bu borc məbləğinin ümumilikdə 72027,28 manat təşkil etməsi, "xxxx"da göstərilən 43989,25 manatı əsas və 17593,2795 manat faiz olmaqla 61582,5295 manat ümumi borc məbləği ilə ziddiyyət təşkil edir. Eyni zamanda "xxxx"da göstərilən 43989,25 manatı əsas və 17593,2795 manat faiz olmaqla 61582,5295 manat ümumi borc məbləğinin əhatə etdiyi 20.04.2017-22.01.2018-ci dövr üzrə hesabatlar (i.v.168-169) ilə iş materialının 121-145-ci vərəqində olan MMC-nin şəxsi hesab vərəqəsindəki hesabatlarla, o cümlədən 1-ci halda (i.v.168-də) 20.04.2017-ci ildə cəmi borc 37696,91 manat (27576,07 əsas və 10120,84 faiz) göstərilib, 2-ci halda (i.v.124-də) 20.04.2017-ci ildə cəmi borc məbləği kimi 73924,97 manat əsas, 9.413,99 manat isə faiz borcu göstərilib, bundan başqa yenə də 1-ci halda (i.v.168-də) 20.06.2018ci ildə cəmi borc 5247,0135 manat (4945,35 əsas və 301,6635 faiz) göstərilib, 2-ci halda (i.v.126-da) 20.06.2018-ci ildə cəmi borc məbləği kimi 43.948,65 manat əsas, 16.910,80 manat isə faiz borcu kimi göstərilmişdir. Qeyd edilən ziddiyyətlə bağlı iddiaçının nümayəndəsi kollegiya iclasında əsaslı dəlil irəli sürə bilməyərək Ali Məhkəməyə təqdim edilən iş vərəqi 168-169 olan "xxxx"da göstərilən ümumi borc məbləğini təşkil edən 61582,5295 (43989,25 manat əsas, 17593,2795 manat faiz) manatın cavabdehin 24.08.2018-ci ilə olan borcu olması təsdiq etsə də, borcla bağlı məhkəməyə təqdim etdiyi şəxsi hesab vərəqində 11.08.2018-ci il tarixə cavabdehin 54489,18 manat əsas borc, 17538,10 manat faiz borcu olmaqla ümumilikdə 72027,28 manat təşkil etməsini onunla izah etmişdir ki, 19.09.2018-ci ilə cavabdehin 7332,98 manat azalması olub və bu çıxılan zaman cavabdehin 64.694,3 manat borcu qalır. O ki, qaldı Ali Məhkəməyə təqdim edilən sənəddə 61582,5295 manat borcun olması görsənməsi, indi isə təqdim edilən sənəddə 64.694,3 manat borcun görsənməsindəki uyğunsuzluğun nədən ibarət olmasını izah edə bilməyərək sədəcə hazırda cavabdehin iki milyondan artıq vergi borcunun olmasını vurğulamışdır. Cavabdehin nümayəndəsinin kollegiyanın iclasında iddiaçının arqumentlərinə qarşı gətirdiyi dəlili ondan ibarət olmuşdur ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi 7332,98 manat azalma əvvəla 24.08.2018-ci ilədək olan hesaba hesablana bilməz. Çünki hesabatda həmin azalma 19.09.2018-ci ildə olması qeyd edilib, yəni sonradan olan azalma keçmiş borca hesablana bilməz və bu onu göstərir ki, iddiaçının Ali Məhkəməyə təqdim etdiyi iş materialında 168-169 vərəqədə olan "xxxx"da göstərilən ümumi borc 61582,5295 (43989,25 manat əsas, 17593,2795 manat faiz) manat məbləği heç MMC-nin şəxsi hesab vərəqəsində olan hesabatlarnan da üst-üstə düşmür. Bu da özü-özlüyündə iddiaçının izah da edə bilmədiyi məbləğlərdir ki, əsassız olaraq MMC-nin adına yazılıb. Həmin dövrdə MMC-nin iddiaçı ilə çoxsaylı məhkəmə mübahisələrinə dair qərarları olmuş və məhkəməyə təqdim etdikləri 03.12.2019-cu il tarixli Ali Məhkəmənin qərarına əsasən 23.10.2018-ci ilə MMC-dən tələb edilən əsassız borclar məhkəmə qərarlarına əsasən ləğv edilib və Ali Məhkəmədə də həmin qərarlar qüvvədə qalıb. Əgər MMC-nin 23.10.2018-ci ilə iddiaçıya heç bir borcu olmaması təsdiq edilirsə iddiaçı hansı əsasla MMC-dən 24.08.2018-ci ilədək “Tədiyyələr üzrə borc barədə” hesabatda göstərilən 61582,5295 manat borcu tələb etməsi anlaşılan deyildir. Kollegiya onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03.12.2019-cu il tarixli 2- 1(102)-3018/2019 saylı qərarından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı 23.10.2018-ci il tarixli vergilərin hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19.02.2019-cu il tarixli qərarından apelyasiya şikayəti vermiş cavabdeh İdarənin apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.06.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, həmin qərarla razılaşmayan cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayəti də təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10.06.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözü gedən qərarlarla "xxxx" MMC-yə 2018-ci ilin avqust ayı üzrə 94.295,56 manat hesablanmış ƏDV məbləğinin əsassız olması təsdiq edildiyindən həmin məbləğin "xxxx" MMC-dən tutulmaması nəticəsinə gəlinmişdir(i.v.250-256). Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddia ilə bağlı cavabdehin 24.08.2018-ci ilə borcunun olması iddiaçı tərəfindən təqdim edilmiş "xxxx"da göstərilən məbləğlərin cavabdeh MMC-nin işdə olan şəxsi hesab vərəqəsindəki məbləğlərlə ziddiyyət təşkil etməklə uyğun gəlmədiyindən, o cümlədən məlum məhkəmə qərarları ilə cavabdeh MMC-nin 2018-ci ilin avqust ayı üzrə hesablanmış 94.295,56 manat məbləğin əsassız olması səbəbindən ləğv edildiyindən məhkəmə kollegiyasının iclasında araşdırılmış yuxarıda şərh olunan sübutlara əsasən iddia üzrə tələb olunan borc məbləği təsdiq edilmədiyindən iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 24-cü maddəsinə əsasən vergi orqanının vəzifələrinə vergilərin düzgün hesablanmasına, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə və s. aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(119)-33/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 392, 393, 402, 405-ci və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(119)-33/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar