Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-64/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Elman Məmməd oğlu Əhmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 445/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2020 tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 35471,51 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 211670,19 manat və İşsizlikdən sığorta fonduna ödənilməmiş 7930,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 45000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2- 2(119)445/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2021-ci il tarixli e-2-2(119)-445/2021 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərilməmişdir. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, eləcə də 45000 manat məbləğində əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********7 nömrəli protokol tərtib edilmiş, 30 gün müddətində dövlət büdcəsinə olan borc ödənilmədiyi təqdirdə həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Əmlakın siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********7 saylı protokolda siyahıya alınmış əmlakların adı, yerləşdiyi yer, məbləği və digər xarakterik əlamətləri barədə məlumatlar mövcuddur Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-445/2021 saylı xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və kommersiya işi ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə cavabdehin 45000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində “45000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etməklə, iddia tələbində ümumi ifadə olan “əmlak” anlayışından istifadə etmiş və konkret olaraq mübahisə predmeti üzrə hansı əmlakın (əmlakların) satılmalı olması, yəni satışa çıxarılması üçün siyahıya alınmış əmlakın (əmlakların) adını, yerləşdiyi yeri və digər xarakterik əlamətlərini iddia tələbində göstərməyərək, iddia tələbini dəqiq və düzgün qeyd etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90-cı maddəsinin tələblərinə görə, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə vergi orqanının müraciətlərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Kollegiya qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatında həll edilməli olan mübahisəni dəqiq ifadə edən hallar və zəruri əlamətlər iddia tələbində və iddia tələbinin əsaslandırılmasında göstərilməli olduğundan - “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə verilmiş həmin iddia ərizəsində də “siyahıya alınmış əmlakın” hansı əmlak (əmlaklar) olması (əmlakın adı, fərqləndirici və zəruri əlamətləri qeyd edilməklə) iddia tələbində dəqiq göstərilməli və həmçinin, iddia ərizəsinin əsaslandırıcı hissəsində də həmin əmlakların qeyd olunan əlamətləri sadalanmaqla, onların harada saxlanması və mübahisənin düzgün həlli üçün zəruri olan digər hallar qeyd edilməlidir. Yalnız bu halda iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş hesab oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Kollegiya şikayətin “siyahıya alınmış əmlaklar barədə tərtib edilmiş Protokolun iddia ərizəsinə əlavə edilməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin “protokol” yalnız mübahisənin mahiyyəti üzrə baxıldığı zaman müzakirə predmeti ola bilər. Eləcə də, həll edilməli olan mübahisəni dəqiq ifadə edən hallar, xüsusatlar və zəruri əlamətlər iddia tələbində göstərilməli olduğundan - “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə verilmiş hazırki iddia tələbində də “siyahıya alınmış əmlakların” hansı əmlaklar olması (əmlakın adı, fərqləndirici və zəruri əlamətləri qeyd edilməklə) iddia tələbində dəqiq göstərilməli və həmçinin, iddia ərizəsinin əsaslandırıcı hissəsində isə həmin əmlakların qeyd olunan əlamətləri sadalanmaqla, onların harada saxlanması və s. qeyd edilməlidir. İddiaçı tələbinə aid bütün halları iddia ərizəsinin özündə göstərməli və əsaslandırmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlər və yaxud, həmin sənədlərdə olan məlumatlar - iddia ərizəsinin və iddia tələbinin məzmununu və formasını əvəz etmir (həmin sənədlərdən iddia tələbi üzrə mübahisənin həlli zamanı sübut kimi istifadə oluna bilər). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbləri lazımi qaydada yerinə yetirməmiş və iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlara yol vermişdir. Bu səbəbdən xx xxxx 2021-ci il tarixli e-2-2(119)-445/2021 saylı qərardadı ilə iddia ərizəsini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarmaqda məhkəmə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395- 396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-445/2021 saylı xx xxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-64/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-64/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver