Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-75/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2, Cavabdehin nümayəndələri Nümayəndə2 və X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2(119)-33/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin 24.08.2018-ci il tarixə yaranmış 82938.85 manat vergi borcunun, işsizlikdən sığorta fonduna ödənilməmiş 50,79 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan ümumi dəyəri 99266,86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqlarının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən 50.79 manat məbləğində işsizlikdən sığorta borcunun digər iddia tələbində ifadə edildiyindən həmin tələbin hazırkı iddiadan çıxarılmasını və 82938.85 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 99266,86 manat məbləğində siyahıya alınmış əmlakın açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdehnə vergi borcunun ödənilməsinə dair bildiriş verilərək yaranmış borc öhdəliyinin Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin borc öhdəliyi cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə yerinə yetirilməmişdir. Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə müvafiq olaraq borc öhdəliyinin cavabdehin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması ilə əlaqədar olaraq kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan Sərəncam verilsə də, borcun ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehin 24.08.2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 83638.85 manat məbləğində vergi borcuna görə ümumi dəyəri 99266.86 manat olan 22 adda məişət və elektrik avadanlıqları siyahıya alınmışdır. (Siyahıya alınmış əmlakların siyahısı iddia ərizəsinə əlavə edilir). Əmlakın siyahıya alınması haqqında cavabdehin nümayəndəsinin və müşahidəçilərin iştirakı ilə 17.09.2018-ci il tarixli **********4 nömrəli Protokol tərtib edilmiş və siyahıya alınmış əmlak məsul saxlanma üçün müvafiq aktla cavabdehin nümayəndəsinə təhvil verilmişdir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə cavabdehə yazılı xəbərdarlıq verilmişdir. Cavabdehin 24.08.2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 82938.85 manat ödənilməmiş borcu qalmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2(119)- 33/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 82938.85 manat məbləğində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə həmin hüquqi şəxsin Abşeron rayonu, Xırdalan qəsəbəsi ünvanında olan anbarında ümumi dəyəri 99266.86 manat təşkil edən 22 adda məişət və elektrik avadanlıqlarının ixtisaslaşdırılmış açıq hərracda satılması, Cavabdehndən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmişdir. Təmsil etdiyi şirkətin hazırki iddia ilə bağlı olaraq vergi borcu olmamış, əmlakın siyahıya alınması ilə bağlı qərarın qəbul edilməsinə əsas vergi orqanı tərəfindən kameral yoxlamanın nəticələrinə dair qərar olmuşdur ki, həmin dövrdə əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının qərarından məhkəməyə verdikləri iddia ərizəsi artıq mübahisə aradan qalxdığından geri götürülmüşdür. Həmin vaxtdan iki il keçdikdən sonra vergi orqanı tərəfindən yenidən iddia qaldırılmasını əsassız və qanuna zidd hesab edirlər. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə hesablanmış borc artıq silinmişdir. Borc məbləği ləğv olunduğundan və şəxsi hesab vərəqindən silindiyindən, cavabdeh vergi orqanının qərarı üzrə hesablanmış borc məbləği ilə bağlı gedən inzibati məhkəmə icraatında iddiadan imtina barədə ərizə yazmış və həmin iş üzrə icraata xitam verilmişdir. Şəxsi hesab vərəqələrini məhkəmədə təqdim edə bilməməsinə səbəb isə firmanın həmin vaxt mühasibi işləmiş keçmiş əməkdaşı tərəfindən vərəqələrin düzgün təqdim olunmaması və aidiyyəti olmayan vərəqələrin təqdim olunması, hazırki əməkdaşın isə məhkəmə prosesləri gedən dövrdə koronavirus infeksiyasına yoluxması olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi tərəfindən əsaslı sənədə istinad olunmamışdır. İddiaçı qanunsuz vergi hesablamaları, əsassız borclar əsasında siyahıya alma həyata keçirir, həmin borclar isə məhkəmə qərarları ilə ləğv edilir. Firmanın elə borcları olsaydı, artıq cinayət işi açılmış olardı. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 digər nümayəndənin izahatına uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin hal-hazırda büdcəyə vergi borcu mövcuddur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(119)-33/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, cavabdehin nümayəndəsi Nümayəndə2 iş üzrə məhkəmə iclaslarında vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərarını mübahisələndirildiyini bildirsə də, məhkəməyə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.11.2019-cu il tarixli 2-1(102)-3019/2019 saylı qərarının və Sumqayıt İnzibati Məhkəməsinin 27.01.2020-ci il tarixli 2-1(118)-29/2020 saylı qərardadının surətləri təqdim etmişdir ki, həmin qərarların hazırkı işlə hər-hansı əlaqəsi müəyyən olunumur. Cavabdeh həmin qətnamə ilə razılaşmamış və hesab etmişdir ki, əmlakın siyahıya alınması ilə bağlı qərarın qəbul edilməsinə əsas vergi orqanı tərəfindən kameral yoxlamanın nəticələrinə dair qərar olmuşdur ki, həmin dövrdə əmlakın siyahıya alınması ilə bağlı vergi orqanının qərarından məhkəməyə verdikləri iddia ərizəsi artıq mübahisə aradan qalxdığından geri götürülmüşdür. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırki iş üzrə cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş Ali Məhkəmənin 2-1(102)-520/2019 saylı, 06.02.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 24 avqust 2018-ci il tarixli, **********4 saylı qərarı ilə müəssisənin siyahıya alınmış əmlakları ilə bağlı hər hansı hərəkətlərin edilməsinin qadağan olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2-1(85)- 2725/2018 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2-1(105)-683/2018 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ali Məhkəmənin istinad olunan 2-1(102)-520/2019 saylı, 06.02.2019-cu il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 noyabr 2018-ci il tarixli, 2- 1(105)-683/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə kollegiyasına həmçinin Sumqayıt İnzibati Məhkəməsinin 08.10.2020-ci il tarixli, 2-1(118)-23/2020 saylı qərardadı təqdim olunmuşdur. Həmin qərardaddan görünür ki, iddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “xxxx” MMC barəsində vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 24.08.2018-ci il tarixli, **********4 saylı qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 08.10.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında həmin iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi Həmidov Canbulat Əsgər oğlu Sumqayıt İnzibati Məhkəməsinə ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 08.10.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 həmin iddia ərizəsindən imtina etməsini onunla əsaslandırdı ki, həmin iş üzrə mübahisəlndirilən borc məbləği artıq vergi orqanı tərəfindən ləğv edildiyindən və mübahisə predmeti olmadığından, həmçinin şəxsi hesab vərəqində həmin borc məbləği azaldıldığından həmin ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəxsi hesab vərəqənin birinci instansiya məhkəməsinə təqdim olunmamasını isə nümayəndə onunla izah etdi ki, firmanın həmin vaxt mühasibi işləmiş keçmiş əməkdaşı tərəfindən vərəqələr düzgün təqdim olunmamış və aidiyyəti olmayan vərəqələr təqdim olunmuş, sonradan iş üzrə səlahiyyətli nümayəndə, müəssisənin yeni mühasibi həmin zaman koronavirus infeksiyasına yoluxmuş və bu səbəbdən şəxsi hesab vərəqələrinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə2 həmçinin məhkəmə iclasında şəxsi hesab vərəqi təqdim etmişdir. Vərəqədən görünür ki, 24.05.2017-ci il tarixə iddiaçı tərəfindən cavabdehə 48.378.94 manat vergi borcu hesablanmış, həmin borc üzrə 07.08.2020-ci il tarixdə iddiaçı tərəfindən 48.378.94 manat vergi borcuna azalma verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən həmin borc məbləği silinmiş, bu səbəbdən də hazırki iş üzrə cavabdeh olan “xxxx” MMC inzibati iş üzrə məhkəmədə iddiasından imtina etmişdir. Bunu şəxsi hesab vərəqində həmin dövrlər üçün edilmiş azalma da sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24-cü maddəsində vergi orqanının vəzifələri öz əksini tapmışdır. Həmin normada qeyd olunan vəzifələrdən göründüyü kimi vergilərin düzgün hesablanmasına, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə, vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Kollegiya qeyd edir ki, iddiaçı vergi borcunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası MPM-in 372.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-in 380.1-ci maddəsinə əsasən tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(119)-33/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 392, 393, 402, 405-ci, 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27.01.2021-ci il tarixli e-2-2(119)-33/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-75/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-75/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver