Məhkəmə qərarları › İş №2-2(105)-75/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-75/2023

22.05.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-75/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı kommersiya işi üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “qərarın etibarsız sayılması, əqdlərin ləğvi və maddi ziyanın əvəzinin ödənilməsi” barədə kommersiya mübahisəcinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-2(119)-355/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı1 (bundan sonra – “İddiaçı1”) və İddiaçı2 (bundan sonra – “İddiaçı2”) cavabdeh Bakı-Quşçuluq ASC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2020-ci il 10 aprel tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin səhmdarlarının 2011-ci il 29 aprel tarixli ümumi yığıncağında qəbul olunmuş bütün qərarlarının, 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında qəbul olunmuş cavabdehin borclarının ödənilməsi üçün onun əmlakının satılması qərarının ləğv edilməsi, həmin qərar əsasında bağlanılmış əqdlərin etibarsız hesab olunması və bu əqdlərin bağlanması nəticəsində onlara vurulmuş maddi ziyanın İddiaçı1 131.500 manat və İddiaçı2 26.300 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçılar 18 sentyabr 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehin səhmdarlarının 2011-ci il 29 aprel tarixli ümumi yığıncağında qəbul edilmiş bütün qərarların və 2011-ci il 11 iyul tarixli ümumi yığıncağında qəbul olunmuş cavabdehin borclarının ödənilməsi üçün onun əmlakının satılması qərarının etibarsız hesab olunması, həmin qərar əsasında bağlanılmış əqdlərin ləğv edilməsi və bütün bu hərəkətlərin nəticəsində mülkiyyət hüquqlarının pozulduğunu nəzərə alaraq onlara vurulmuş maddi ziyanın İddiaçı1 131.500 manat və İddiaçı2 26.300 manat olmaqla ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2-2(119)- 355/2022 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9099,22 (doqquz min doxsan doqquz manat 22 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı1 xeyrinə tutulması, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1829,47 (min səkkiz yüz iyirmi doqquz manat 47 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı2 xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət ediılmişdir.

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, e-2-2(119)-355/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişlər.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2-2(105)-65/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən – İlqar Dəmirov, hakimlər – Zaur Məmmədov və Zahid Məmmədov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Həmin qətnamədən İddiaçı1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 iyul 2022-ci il tarixli, 2-2(105)- 65/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 13 dekabr 2022-ci il tarixli 2-2(102)-753/2022nömrəli Qərarı ilə İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 4 iyul tarixli, 2-2(105)-65/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayət və şikayətin dəlilləri

8. Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-2(119)- 355/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 05 aprel 2023-cü tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməməsini əsaslandırmamışdır. Belə ki, məhkəmə Cəmiyyət tərəfindən qəbul olunan qərarları sadalayaraq onların AR Mülki Məcəlləsinə uyğun olaraq qəbul edilibedilmədiyini göstərməmişdir. Mülki Məcəllənin 107-5.2-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının gündəliyinə daxil edilməmiş məsələlər üzrə qərar qəbul edilə bilməz. Lakin, məhkəmə "digər məsələlər” adı altında gündəliyə daxil edilən cümləni Qətnamədə əks etdirir, lakin bu məsələyə dair münasibət bildirmir. Açıq Səhmdar Cəmiyyətlər ilə bağlı olan mübahisələrdə səhmdarın tələbinə baxılan zaman ilkin olaraq qəbul olunan qərarın qanuna uyğun qəbul edilib-edilmədiyi müəyyən olunmalıdır. Bunun üçün ilkin sənəd kimi, gündəlik çıxış edir. Məhz bu cür manipulyasiyalar bu sahədə olan qanun pozuntuları artırır və səhmdarlara nəticədə külli miqdarda ziyan vurulur. Bundan əlavə olaraq, işdə olan iki fərqli protokola da məhkəmə münasibət bildirməmişdir. İşdə olan hər protokol üzrə məhkəmə həmin protokolun qanuni olmasını yoxlamalı idi. Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul olunan hər bir qərar yalnız qanunvericiliyə uyğun olaraq qəbul edildiyi təqdirdə qanunidir. Digər hallar onu sübut edir ki, Cəmiyyət tərəfindən bağlanan əqdlər ayrı-ayrı şəxslərin mənafelərinə xidmət edir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, səhmdarlara vurulan ziyan sübut edilməmişdir. Lakin, ölkədə ayrı-ayrı şəxslərin qanunsuz əməlləri nəticəsində adi insanlara vurulan ziyanın hesablanma qaydası mövcud deyil. İddiaçılar qeyd edir ki, bu əqdlərin bağlanması mülkiyyət hüquqları ilə bağlı pozuntulara yol açmışdır. Həmin səhmlərin satışı və girova qoyulması mümkünsüz olmuşdur və demək olar ki, mülkiyyət hüquqları məhdudlaşdırılmışdır.Saxta protokollar əsasında bağlanılan əqdlər iddiaçıların mülkiyyətində olan səhmləri dəyərdən salmışdır. "xxxx" ASC-yə məxsus olan əmlakların qeyri-qanuni yol ilə satılması birbaşa bütün səhmdarlara ziyan vurmuşdur. Bu faktı sübut edən hal iş materiallarında olan saxta protokollardır.Yalnız prosedur üzrə düzgün qəbul edilmiş qərar olduğu halda bu cür iddialar əsassız ola bilər. Məhkəmə qətnaməsində kommersiya mübahisələrində real zərəri müəyyən etməyib və öz qərarını əsaslandırmayıb. Bundan əlavə, məhkəmə Cəmiyyətin protokoluna əsasən müəyyən olunmuş pul məbləğinin iddiaçılara verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Həmçinin qeyd olunmuş məbləğ səhmdarların adına açılmış bank hesabına köçürülməli idi və səhmdarların ilkin tələbi əsasında onlara verilməlidir. Hakim bu faktı nəzərə almalı və məhz səhmlərə düşən ləğvetmə kompensasiyasını Cəmiyyətin icra orqanının üzərinə qoymalı idi. Belə ki, AR Mülki Məcəlləsinin 49.4-cü maddəsi məhz hüquqi şəxsin icra orqanının məsuliyyət dairəsini müəyyən edir və bu cür saxtakarlıq nəticəsində vurulan ziyanın ödənilməsi də məhz icra orqanının üzərinə qoyulmalıdır. Məhkəmə qətnaməsində səhmlərə düşən kompensasiya Cəmiyyət tərəfindən müəyyən olunmuşdur və mübahisə predmetini təşkil etmirdi. İddia saxta protokollar nəticəsində bağlanmış əqdlərə görə iddiaçılara maddi ziyanın vurulması ilə bağlıdır. Lakin məhkəmə bu məsələlərə hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

11. Etiraz onunla əsaslandırılmışdır ki, sözü gedən iş üzrə qanuni qüvvəyə minmiş Ali Məhkəmənin qərarı mövcuddur. Məlum olduğu kimi, kommersiya işləri üzrə icraat pretenziya ilə bağlı tələblər təmin edildikdən sonra başlayır. Bundan əlavə olaraq, elektron məhkəmə sistemi üzərindən hüquqi şəxslər ilə bağlı olan bütün məhkəmə bildirişlər və digər sənədlər hüquqi şəxslərə çatdırılır. Belə olan halda, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qəbul edilməsi mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq, AR MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişlər.

12. Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, etiraz ərizəsində göstərilənlərin nəzərə alınmasını xahiş etdi.

14. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 422. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Kommersiya kollegiyasının qərarlarına təqdimat, şikayət və ya protestlə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda əlavə kassasiya qaydasında yenidən baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu şikayət, ərizə və ya protestə yazılı icraat qaydasında baxır. Maddə 423.1. Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər. Maddə 423.4. Şikayət və ya protest məhkəmə aktının işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, ərizə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər tərəfindən məhkəmə aktı barədə məlumatlı olduqları gündən 2 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizənin verilməsinə yol verilmir. Maddə 423.5. Şikayət və ya ərizə onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və onu tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-2(119)-355/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməlidir.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 14 aprel 2023cü il tarixli, 2-2(105)-75/2023 nömrəli qərardadı ilə cavabdehin şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.

18. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmənin qanuni qüvvəsini almış yekun məhkəmə aktları mövcuddur.

19. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bu baxımdan demək olar ki, hazırkı şikayətə apellyasiya qaydasında baxılması mülki-prosessual qanunverciliyin tələblərinə uyğun deyildir.

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-2(105)- 75/2023 nömrəli qərardadı ləğv edilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.

24. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və cavabdehə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna şikayət etmək hüququ izah olunmalıdır.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366, 400, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldi:

Şikayətin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 14 aprel 2023-cü il tarixli, 2-2(105)-75/2023 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2-2(119)-355/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Cavabdeh "xxxx" ASC-nə Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna şikayət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver