Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-76/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)-205/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir (hakim Fərman Həmidli). İddiaçının nümayəndəsi 24 aprel 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda 05 may 2025-ci il tarixdə buraxılmış müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək sözügedən qətnamədən şikayətin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmiş və ərizə onunla əsaslandırılmışdır ki, qətnamə 22 mart 2025-ci il tarixdə (qeyri-iş günü hesab edilən bayram günü) elektron kabinetə yerləşdirilmiş, iş günü olmadığından həmin qətnamə ilə yalnız 01 aprel 2025-ci il tarixində tanış olmaq imkanları olmuş, məhz bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün müddətin axımının başlanğıcının həmin tarixdən hesablamışlar. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, iddiaçı tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və e-2-2(119)- 205/2025 nömrəli kommersiya işinin verilmiş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). İş üzrə cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verərək sözügedən qərardadın ləğv edilərək buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, prosessual müddət daxilində olan təqvim günlərinin iş günü hesab edilməyən günlərə təsadüf etməsi onların prosessual müddətlərə daxil edilməsini istisna etmir və bu halla əlaqədar prosessual müddət uzadılmış hesab edilə və ya həmin günlər hesabına buraxılmış müddət üzrlü sayıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllə müddətin başlanğıcının və ya gedişinin deyil, yalnız son gününün qeyri-iş gününə düşməsi ilə əlaqədar müddətin uzanmasını və müddətin qurtarma gününün qeyri-iş günündən sonrakı iş günü hesab olunmasını müəyyən edir (129.2-ci maddə). Lakin prosessual müddət daxilində olan təqvim günlərinin iş günü hesab edilməyən günlərə təsadüf etməsi səbəbindən prosessual müddətin uzanması qaydası mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu onunla əlaqədardır ki, iş günü hesab edilməyən gün (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü) anlayışı əmək hüququna aid olan institut olmaqla, işçi və işəgötürən arasında münasibətləri tənzim edir. Həmin müddətlər hər hansı şəxslə məhkəmə arasında prosessual müddətlərin tənzimetməsinə aid deyildir. Bu baxımdan prosessual müddət daxilində olan təqvim günlərinin iş günü hesab edilməyən günlərə təsadüf etməsi səbəbindən 2 gün buraxılmış prosessual müddət üzrlü hesab edilə bilməz. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın”. Prosessual müddət daxilində olan təqvim günlərinin iş günü hesab edilməyən günlərə təsadüf etməsi səbəbindən apellyasiya şikayətinin qətnamə rəsmi təqdim edildiyi gündən 1 ay müddətində deyil, 1 aydan sonra 2 gün gec verilməsi iddiaçının iradəsinə təsir edən, özü tərəfindən dəf edilməsi imkanını istisna edən, yaxud şikayət verilməsinə maneə törədən və ya məhdudiyyət yaradan hal (fakt) deyildir. Bu baxımdan prosessual müddət daxilində olan təqvim günlərinin iş günü hesab edilməyən günlərə təsadüf etməsi heç bir halda prosessual müddətlərin buraxılmasını üzrlü edən və müddətlərin uzanmasına əsas olan fakt kimi çıxış edə bilməz. Sumqayıt Kommersiya Məhkəməsinin 30 may 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)- 205/2025 nömrəli kommersiya işi üzrə qəbul edilmiş 19 may 2025-ci il tarixli e-2-2(119)- 205/2025 nömrəli qərardaddan həmin iş üzrə Cavabdeh nümayəndəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müddətin bərpa olunması barədə qərardadını onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə qarşı verilmiş “maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-205/2025 nömrəli kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 04 mart 2025-ci il tarixli e-2-2(119)-205/2025 nömrəli qətnaməsinin tam mətni 22 mart 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və həmin məhkəmə qətnaməsi elə həmin tarixdə elektron kabinetə yerləşdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarla aydın olur ki, iddiaçının nümayəndəsi 08 noyabr 2022-ci il tarixdən etibarən həmin informasiya sistemində elektron kabinetə malikdir. İddiaçının nümayəndəsi hazırkı apellyasiya şikayəti ilə apellyasiya şikayətinin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etsə də, müəyyən edilir ki, həmin müddət cəmi 2 gün təşkil edir. Eyni zamanda, müddətin axımının başlanğıcı olan 22 mart 2025-ci il tarixinin və növbəti bir neçə günün iş günü hesab edilməyən qeyri-iş günləri olması tərəfin məhkəmə müdafiəsindən istifadə etmək və məhkəməyə təkrar müraciət etmək hüquqlarının təmin edilməsi baxımından üzrlü hesab edilə bilər. Mülki Prosessual Məcəllənin: 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 135.6-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası qətnamənin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edildiyi 22 mart 2025-ci il tarixinin və növbəti bir neçə günün iş günü hesab edilməyən qeyri-iş günləri olması halını yuxarıda qeyd edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən də “üzrlü səbəblər” dairəsinə aid edilməsini daha ədalətli hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti prosessual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpa olunmasına dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün kommersiya işi Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 may 2025-ci il tarixli, e-2-2(119)-205/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Kommersiya işi qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-76/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-76/2025
25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver