Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-80/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(119)-287/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1612 (min altı yüz on iki) manat məbləğində maddi ziyanın, hüquqi yardım ilə əlaqədar vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində xərcin və 36,12 (otuz altı manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında İddiaçı adından X1 ilə Cavabdeh arasında 27 may 2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili icarəyə götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən “Ravon Nexia R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 iyun 2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin qəzalı olduğu, təmirə ehtiyacı olduğu müəyyən edilmiş, bununla bağlı akt tərtib edilmiş və aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh məlumat verilmiş, lakin o, heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının bərpası üçün 1612 (min altı yüz on iki) manat tələb olunmuşdur. Qüsur aktında motorun yağ yediyi, bütün remkomlekt, antifriz, filtrlər və yağ, şaravoy, iç qranat plnik,alt çaşka, filyans, salaçka sol (buferisaxlayan) hissələrin dəyişdirildiyi göstərilmişdir. Həmin ehtiyat hissələrinin məbləği cəmi 482 (dörd yüz səksən iki) manat, usta xidməti 1130 (min yüz otuz) manat təşkil etmişdir. Cavabdehə bu barədə şifahi məlumat verilməsinə baxmayaraq o, qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə avtomobilin təmirinə görə 1612 (min altı yüz on iki) manat ödəmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməkdən boyun qaçırmışdır. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunur ki, iddiaçı hüquqi yardım ilə əlaqədar vəkilə 300 (üç yüz) manat vəkilə xidmət haqqı, məhkəməyə iddia ərizəsi verilərkən 36,12 (otuz altı manat on iki qəpik) manat dövlət rüsumu və məhkəmədə təmsil olunması üçün etibarnamə alınması ilə əlaqədar 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat dövlət rüsumu ödəmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(119)-287/2025 nömrəli qətnaməsi ilə idiaçı İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(119)-287/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni qaydada əsaslandırmış və həmçinin qeyd etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsi iddia tələbi üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakterini düzgün müəyyən edə bilməmiş və bu baxımdan səhv olaraq tərəflər arasındakı hüquq münasibətlərinə kəsici müddət tətbiq etməklə iddianı rədd etmişdir. Məhkəməyə verilmiş iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu (delikt) təşkil edir. Cavabdeh iddiaçıdan icarə əsasında götürdüyü avtomobilə maddi zərər vurmuşdur. Baxmayaraq ki, tərəflər arasında icarə müqaviləsi var, lakin hüquq münasibətlərinin xarakteri baxımından zərərin əsası mülki hüquq pozuntusu nəticəsində yaranmışdır. Mülki hüquq pozuntularından irəli gələn münasibətlərə kəsici müddət tətbiq edilə bilməz. Həmin münasibətlərə Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərə tutulmuş iddia müddəti təbiq edilə bilər. Yəni tərəflər arasında müqavilə olduğu üçün 3 illik iddia müddəti tətbiq edilə bilərdi. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsi yanlış nəticəyə gəlməklə iddianı rədd etməkdə haqlı olmamış və maddi hüquq pozuntusuna yol vermişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi vəkil Nümayəndə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, apellyasiya şikayətini müdafiə etdiyini və təmin olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 27 may 2024-cü il tarixli 27.xx.xx/00916 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 20 iyun 2024-cü il tarixli Aktda göstərilir ki, avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil 20 iyun 2024-cü il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman avtomobilin qəzalı olduğu və təmir ehtiyacı olduğu qeyd olunmuşdur. Nöqsanlar və qəza nəticələri sürücünün nəzərinə çatdırılmış, lakin Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən ehtiyat hissələrinin qiyməti 482 (dörd yüz səksən iki) manat, usta xidmətləri 1130 (min yüz otuz) manat nəzərə alınmaqla “Ravon Nexia R3 minik” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1612 (min altı yüz on iki) manat müəyyən edilir. İş materiallarında olan 24 iyun 2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 482 (dörd yüz səksən iki) manat, təmir-usta işlərinin qiyməti 1130 (min yüz otuz) manat olmaqla, cəmi 1612 (min altı yüz on iki) manat “Ravon Nexia R3 minik” markalı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh 16 noyabr 2024-cü il tarixdə məktub göndərilərək təqsirli hərəkətləri nəticəsində avtomobilə 1612 (min altı yüz on iki) manat məbləğində zərər dəydiyi bildirilmiş və bununla əlaqədar 20 iyun 2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair akt ona göndərilmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 27 may 2024-cü il tarixli 27.xx.xx/00916 nömrəli icarə müqaviləsi bağlanılmış və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri müəyyən olunmuşdur. Həmin müqavilə əsasında “Ravon Nexia R3 minik” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 20 iyun 2024-cü il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur akt tərtib edilərək avtomobilə dəymiş zərərin 1612 (min altı yüz on iki) manat olması müəyyən edilmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsi barədə pretenziya göndərilsə də o, yaranmış həmin məbləği ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.4-cü maddəsinə əsasən kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, icarəyə verənin maddi zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun icarəyə verilmiş əşyanı, əmlakı geri aldığı andan başlanır. Mülki Məcəllənin 697.4-cü maddəsində müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir və qanunda bu müddətin dayandırılması və ya kəsilməsi mümkünlüyü müəyyən edilməmişdir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçı əmlakı icarəçidən geri aldığı andan 6 (altı) ay ərzində həmin əmlaka dəymiş maddi ziyanın ödənilməsinə dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə iddiaçı bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. İş materiallarında olan avtomobilin iddiaçıya geri qaytarılmasına dair tərtib edilmiş “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 20 iyun 2024-cü il tarixli aktdan görünür ki, nəqliyyat vasitəsi 20 iyun 2024-cü il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır və avtomobilə baxış keçirilərək zərər dəydiyi müəyyən olunmuşdur. Belə olduğu təqdirdə iddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu 20 iyun 2024-cü il tarixdə bilmiş, hazırkı iddianı isə xx.xx.2025-ci il tarixdə, yəni hüququnun pozulduğunu bildiyi vaxtdan 6 ay 18 gün sonra qaldırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə əsasən kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən hesab etmişdir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçının cavabdehə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ olsa da, onun tələb etmək hüququ Mülki Məcəllənin 697.4-cü maddəsinin tələbinə uyğun olaraq müddətin keçməsinə görə qüvvədən düşdüyündən iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələb üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 697.4-cü maddəsini tətbiq edilməsinə dair mövqeyi ilə razılaşır. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Həmin normada müəyyən edilmiş 6 aylıq müddət kəsici müddətdir, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 20 iyun 2024-cü il tarixli aktdan görünür ki, nəqliyyat vasitəsi 20 iyun 2024-cü il tarixdə iddiaçı tərəfindən təhvil alınmışdır. Belə olduğu təqdirdə, iddiaçı öz hüquqlarından vaxtında istifadə etməmiş, hazırkı iddianı 6 ay 18 gün sonra qaldırmışdır. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 697.4-cü maddəsinin tələblərində kirayə müqaviləsi üzrə zərərin əvəzinin ödənilməsi üçün 6 aylıq kəsici müddət olduğu aydın şəkildə yazılmışdır.Belə olduğu halda Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərə tutulmuş iddia müddətinin tətbiq edilməsi əsassızdır. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli, e-2-2(119)- 287/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-80/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-80/2025
09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver