Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-93/2021 13.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-96/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-96/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 16 sentyabr 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12193,67 (on iki min yüz doxsan üç manat 67 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 23 sentyabr 2020-ci il tarixli **********2 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu, Güzdək kəndinin “Qayaaltı sahəsi” ərazisindəki daş karxanasında yerləşən Cavabdehnə (VÖEN **********) məxsus 1 (bir) ədəd daş kəsən kombaynın və 1 (bir) ədəd xətt vuran (şırımaçan) maşının ixtisaslaşdırılmış açıq hərracda satılması, Cavabdehndən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 16 sentyabr 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 12193,67 (on iki min yüz doxsan üç manat 67 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 23 sentyabr 2020-ci il tarixli **********2 nömrəli protokol əsasında siyahıya alınmış Abşeron rayonu Güzdək kəndinin “Qayaaltı sahəsi” ərazisindəki daş karxanasında yerləşən Cavabdehnə (VÖEN **********) məxsus 7000 manat dəyərində 1 ədəd daş kəsən kombaynın və 6000 manat dəyərində 1 ədəd xətt vuran (şırımaçan) maşının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs Cavabdeh (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin, borcun büdcəyə ödənilməsi üçün vergi ödəyicisi Cavabdeh MMC-yə bildiriş verilməsinə baxmayaraq, həmin borc məbləği yenə də büdcəyə ödənilməmiş və vergi ödəyicisinin 16 sentyabr 2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 9557,5 manat əsas borc və 2636,17 manat faiz borcu olmaqla, cəmi 12193,67 (on iki min yüz doxsan üç manat 67 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə uyğun olaraq vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 16 sentyabr 2020-ci il tarixli qərar qəbul etmiş və həmin qərar əsasında vergi ödəyicisi Cavabdeh 16 sentyabr 2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcuna görə Abşeron rayonu, Güzdək kəndinin “Qayaaltı sahəsi” ərazisindəki daş karxanasında yerləşən həmin vergi ödəyicisinə məxsus 7000 manat dəyərində 1 ədəd daş kəsən kombayn və 6000 manat dəyərində 1 ədəd xətt vuran (şırımaçan) maşın siyahıya alınaraq, 23 sentyabr 2020-ci il tarixli **********2 nömrəli protokol və digər müvafiq sənədlər tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən 23 sentyabr 2020-ci il tarixli **********2 saylı protokolun tərtib olunması zamanı MMC-yə bildiriş verilməmiş və protokolun tərtib olunması əsası barədə MMC-yə rəsmi məlumat verilməmişdir. 16 sentyabr 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna 9557,5 manat əsas borc və 2636,17 manat faiz borcu olmaqla, cəmi 12193, 76 manat məbləğində borc yarandığı göstərilir. Borcun yaranma əsasları və borcun hesabat dövrü üzrə borcun yaranması barədə məlumat verilməmişdir. Belə məlumat olsaydı borcun nədən yaranmasını qarşılıqlı aydınlaşdırar və borc məbləğinin artırılmasına şərait yaranmazdı. MMC-yə qarşı irəli sürülən borc tələbinin aydınlaşdırılması ilə bağlı iddiaçıya dəfələrlə müraciət etsələr də, müraciəti cababsız qalmışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib olunmuş 23 sentyabr 2020-ci il tarixli **********2 saylı protokolun mübahisələndirilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.6, 77.1, 89.1 və 90.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “Muzdlu və qeyri-muzdlu işdən əldən edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” 14.08.2020-ci il tarixli, **********9 nömrəli bildirişdən görünür ki, ümumilikdə 12193,67 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16.09.2020-ci il tarixli, **********2 nömrəli qərardan görünür ki, vergi borcuna görə Cavabdeh MMC-nin əmlakının siyahıya alınması qərara alınmışdır. İş materiallarında olan vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 23.09.2020-ci il tarixli, **********2 nömrəli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 13000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və vergi ödəyicisinə məxsus 1 (bir) ədəd daş kəsən kombayn və 1 (bir) ədəd xətt vuran (şırımaçan) maşın siyahıya alınmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin əmlakın siyahıya alınmasına dair protokol tərtib edilən zaman bildirişin verilməməsi barədə dəlilləri ilə bağlı qeyd edir ki, vergi qanunvericiliyində əmlakın siyahıya alınmasına dair vergi ödəyicisinə bildiriş verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 89.9-cu maddəsinə əsasən, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri vergi ödəyicisinə (onun nümayəndəsinə) siyahıya alınma haqqında vergi orqanının rəhbərinin qərarını və özlərinin səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər. Həmin Məcəllənin 89.10-cu maddəsinə əsasən, siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Əmlakın siyahıya alınmasına dair 23.09.2020-ci il tarixli, **********2 nömrəli protkoldan görünür ki, əmlak siyahıya alınarkən əmlakın siyahıya alınmasına dair 16.09.2020-ci il tarixli qərar təqdim edilmiş, protokol cavabdeh MMC-nin direktoru X1 və iki müşahidəçinin iştirakı ilə tərtib edilmiş və protokol həmin şəxslərin iştirakı ilə oxunmuş, əmlakın siyahıya alınması ilə bağlı cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələr izah edilmişdir. Borcun yaranması və protokolun tərtib edilməsi əsasları barədə rəsmi məlumat verilməməsi barədə apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan “Muzdlu və qeyri-muzdlu işdən əldən edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” 14.08.2020-ci il tarixli, **********9 nömrəli bildirişdən görünür ki, ümumilikdə 12193,67 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. Həmçinin, bildirişdə sığorta haqqı üzrə borc məbləği qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən borcun alınması məqsədi ilə vergi ödəyicisinə məxsus əmlakların (daşınar və ya daşınmaz əmlakların) siyahıya alına bilməsinə dair xəbərdarlıq edilmiş və vergi qanunvericiliyinin digər tələbləri izah edilmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmlakın siyahıya alınması haqqında protokol inzibati akt hesab edilmir. Bundan başqa, işdən görünür ki, əmlakın siyahıya alınması barədə yuxarıda adı çəkilən protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-96/2021 saylı, 14 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-93/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-93/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver