Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-10/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dövlət büdcəsinə ödənilməmiş 2510 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakın (dəyəri 3000 manat olan 1 ədəd daş qıran avadanlıq) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə iddiası təmin edilərək Cavabdeh MMC-nin xx.xx.2020 il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2510 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 3000 manat məbləğində siyahıya alınmış əmlakın (dəyəri 3000 manat olan 1 ədəd istifadəyə yararlı daş qıran avadanlıq) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması qət edilmişdir. İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı X3 (bundan sonra iddiaçı və ya 13 saylı X3) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh və ya Cavabdeh MMC) qarşı “dövlət büdcəsinə ödənilməmiş 2510 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakın (dəyəri 3000 manat olan 1 ədəd daş qıran avadanlıq) ixtisaslaşdırılmış açıq hərracda satılması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh məcburi dövlət sosial sığorta ilə bağlı öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2020-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2510 manat məbləğində borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********9 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********9 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 3000 manat olan 1 ədəd istifadəyə yararlı daş qıran avadanlıq siyahıya alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, sonuncunun ünvanı üzrə xx.xx.2020-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş üzrə Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh MMC apellyasiya şikayəti verərək Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Belə ki, Cavabdeh MMC -nin Şəxsi hesab vərəqəsi (ŞHV-) üzrə - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər üzrə - MDSS üzrə 393.55 AZN, penya üzrə 2115.62 AZN qalıq borcu mövcuddur. Bildirmək istəyirik ki, xx.xx.2019 tarixdə MDSS üzrə qalıq məbləğlər köçürülərkən səhvə yol verilmişdir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının x xxxx 2018-ci il tarixli 1042-VQ saylı Qanunun 2-ci maddəsinə əsasən, Cavabdeh MMC-nin xx.xx.2018-ci il tarixədək ödənilməmiş penya üzrə borcu silinmiş və 2018-ci ilin 4-cü rübün əvvəlinə MDSS üzrə borc məbləğləri aşağıdakı kimi olmuşdur: MMDS üzrə borc 937.17 AZN,penya üzrə borc məbləği 0 AZN. (ELEKTRON HOKUMET PORTALİ üzrə ƏƏSMN üzrə hesabatlarda görünür) “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində (Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) qeyd olunur ki, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Lakin, qalıqların köçürülməsi zamanı Cavabdeh MMC tərəfindən səhvən penya üzrə 1714.58 AZN borc köçürülmüşdür. Bundan başqa Cavabdeh MMC-nin etdiyi ödənişlər xx.xx.2018-ci il tarixdə 300 AZN, xx.xx.2018-ci il tarixdə 200 AZN ŞHV -nə xx.xx.2019 tarixdə işləndiyindən, xx.xx.2019cu il tarixə MDSS üzrəborc məbləği 912.14 AZN əvəzinə 1411.97 AZN görünür və əlavə olaraq penya hesablanmasına səbəb olmuşdur. Yaranmış bu problemlərlə bağlı "Cavabdeh” MMC tərəfindən dəfələrlə aidiyyatı dövlət orqanlarına müraciət olunmuş, lakin, həmin problem bu gündək həll edilməmişdir. İşin yuxarıda qeyd olunan hallarını məhkəmə mühasibatlıq ekspertizası təyin etmək və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin tələblərini nəzərə almaqla araşdırmaq mümkündür. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh MMC-in nümayəndəsi X2 izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının tarixi, vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmənin elektron kabinetinə məktub göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan icraat materialları iddiaçı tərəfindən elektron qaydada məhkəməyə təqdim olunmuşdur. Aşağıda sadalanan həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2020-ci il tarixli **********9 nömrəli qərarı, əmlakın siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli **********9 nömrəli protokolun surəti, xəbərdarlıq və bildiriş və digər sənədlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “sığortaedənin üzərinə qanunla müəyyən edilmiş sosial sığorta haqlarını ödəmək vəzifəsi qoyulduğundan iddia tələbi təmin edilməli və cavabdehin dövlət büdcəsinə xx.xx.2020-ci il tarixə yaranmış 2510 manat məbləğində sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 3000 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalıdır.”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İşin həqiqi hallarından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2510 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2020-ci il tarixli **********9 nömrəli qərarı əsasında xx.xx.2020-ci il tarixli **********9 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 3000 manat olan 1 ədəd istifadəyə yararlı daş qıran avadanlıq siyahıya alınmışdır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır Azərbaycan Respublikasında sosial sığorta haqlarının ödənilməsinin əsasını “Sosial sığorta haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu və 11-ci maddələri ilə sığortaçının üzərinə sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, sığorta olunanın üzərinə isə sosial sığorta haqqını vaxtında ödəmək vəzifələri qoyulmuşdur. 18-ci maddəsinin ikinci hissəsinə əsasən, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. İstinad edilən maddi hüquq normalarını və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, cavabdehin xx.xx.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2510 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Göründüyü kimi, borcun ödənilməsi Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən iddiaçı məhkəmədə hazırda baxılan iddianı qaldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, bununla bağlı araşdırma aparmış və həmin sübutlara MPM-in 88-ci maddəsinin (məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur) tələbləri baxımından hüquqi qiymət verərək iddia tələbini təmin etmişdir. Kollegiyaya görə, apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X4 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(117)-398/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-10/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-10/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver