Məhkəmə qərarları › İş №2-2(107)-132/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-132/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-132/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, iddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 və cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativin nümayəndələri X3 və X5 iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı “Cavabdehin 26.10.2020-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 15000 manat məbləğində siyahıya alınmış əmlakın (15000 manat dəyərində istifadəyə yararlı qeyri-yaşayış binasının (sahəsi 62 kv.metr olan birmərtəbəli Mağaza binası) açıq hərracda satılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2-2(117)-618/2021 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: İddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Balakən rayon İstehsal-İstehlak Kooperativinə qarşı məhkəmədə iddia qaldıraraq “cavabdehin 26.10.2020-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 15000 manat məbləğində siyahıya alınmış əmlakın (15000 manat dəyərində istifadəyə yararlı qeyri-yaşayış binasının (sahəsi 62 kv.metr olan birmərtəbəli Mağaza binası) açıq hərracda satılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2-2(117)-618/2021 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. İşin halları: Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun 26.10.2020-ci il tarixə sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödənilməmiş 11102 manat məbləğində vergi borcu vardır. 16.04.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 26.10.2020-ci il tarixli **********9 nömrəli qərarı, 31.03.2021-ci il tarixli əmlakın siyahıya alınmasına dair qərar üzrə icraatın təzələnməsi haqqında **********423000 nömrəli qərarına əsasən, 13.04.2021-ci il tarixli **********9 protokolla cavabdehə məxsus dəyəri 15000 manat olan qeyri-yaşayış binası (62kv.m mağaza binası, 1 mərtəbəli tikili) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh Balakən rayon İstehsal-İstehlak kooperativinin sədri X9 və nümayəndəsi X3 izahatlarında bildirmişdir ki, vergi orqanının siyahıya aldığı əmlak Balakən rayon İstehsal-İstehlak kooperativinin mülkiyyətində deyildir. Belə ki, 21.04.2021-ci il tarixli ******* nömrəli Daşınmaz əmlakın Alqı-satqı müqaviləsinə əsasən Balakən rayon İstehsal-İstehlak kooperativi Balakən rayon Katex kəndində yerləşən 62 kv.m qeyri yaşayış binasının (mağaza) X1 İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 16.1.1, 89.2, 89.11-ci maddələrinin tələblərini pozmuşdur. Bundan başqa daşınmaz əmlak 13 aprel 2021-ci il tarixdə vergi orqanı tərəfindən siyahıya alınmış və siyahıya alınma zamanı həmin əmlak cavabdeh “Balakən rayon İstehsal- İstehlak Kooperativi'nin mülkiyyətində olmuşdur (X11 Məhkəməsinə təqdim olunmuşdur) Daşınmaz əmlakın alqı-satqısı isə 21 aprel 2021-ci il tarixdə, yəni siyahıya alınma prosesi həyata keçirilib, yekunlaşdıqdan sonra həyata keçirilmişdir Bununla da cavabdeh vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 89-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Siyahıya alınma prosesi vergi orqanının müvafiq qərarı əsasında Vergi Məcəlləsinin tələblərinə uyğun həyata keçirilərək. "Əmlakın siyahıya alınması haqqında Protokol və digər sənədlər tərtib edilmişdir. Yuxarıda qeyd olunduğu kimi. 15000 (on beş min) manat məbləğində daşınmaz əmlak qismində qeyri-yaşayış binası (62 m/mağaza binası. 1 mərtəbəli tikili) siyahıya alınmış və bu barədə 13.04 2021-ci il tarixli. **********9 nömrəli protokol protokola əlavə (siyahıya alınmış əmlakın siyahısı), vergi ödəyicisinə siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirılməsinə. gizlədilməsinə və dəyişdirilməsinə görə*Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303- cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Vergi ödəyicisinin rəhbəri xəstəlik səbəbi ilə əlaqədar siyahıya alınma prosesində iştirak edə bilməmiş və buna görə də tərtib olunmuş materiallar rəsmi poçt vasitəsilə 19 aprel 2021-ci il tarixdə vergi Ödəyicisinin rəhbəri Tahir Məmmədova təhvil verilmişdir (Poçtun məktubu şikayətə əlavə olunur). Göründüyü kimi, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesi Vergi Məcəlləsinin 89-cu maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir və buna görə də Şəki Kommersiya Məhkəməsi iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul etməli idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsi, Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2-2(117)-618/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Balakən rayon İstehsal- İstehlak Kooperativin nümayəndələri X3 və X9 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. MPM 57.1-ci maddəsinə əsasən X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində kollegiyanın təşəbbüsü ilə işdə iştirak etməyə cəlb olunda da işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2- 2(117)-618/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər, lakin bu normada həmin şəxsin mülkiyyətində olan əmlak nəzərdə tutulub. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cavabdehin 26.10.2020-ci il tarixdə dövlət büdcəsinə ödənilməmiş vergilər üzrə 11102 manat borcu yaranmış və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməlidir. Lakin cavabdehin dövlət büdcəsinə 26.10.2020-ci il tarixə yaranmış 11102 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 15000 manat dəyərində siyahıya alınmış əmlakı (qeyri-yaşayış binası (62kv.m mağaza binası, 1 mərtəbəli tikili) 21.04.2021-ci il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Balakən rayon İstehsal-İstehlak kooperativi həmin mağazanı X2 və həmin daşınmaz əmlak 16.05.2021-ci il tarixli **********09-06301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən yeni mülkiyyətçinin adına hüquqi qeydiyyatdan keçmişdir. Belə olan halda,məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qanunvericilik sistemi mülkiyyətçinin hüquqlarının dövlət tərəfindən qorunmasına və həmin hüquqlara təminat verməsini nəzərə alaraq iddianın təmin edilməsi üçüncü şəxsin mülkiyyətin hüquqlarını pozması ilə nəticələnəcəyi səbəbindən qanunsuz və əsassız olardı. Bununla baglı kollegiya qeyd edir ki, mübahisələndirilən əmlak 13.04.2021-ci il tarixdə vergi orqanı tərəfindən dövlət büdcəsinə olan borcun ödənilməsi məqsədi ilə siyahıya alınmış, 16.04.2021-ci il tarixli Çıxarışa əsasən mübahisəli əmlak cavabdehin mülkiyyətində olmuş, qeyd edilən əmlak üzrə alqı-satqı isə 21.04.2021-ci il tarixində həyata keçirilmişdir. İddiaçı olan vergi orqanının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının bank və ya digər kredit təşkilatının nümayəndəsi tərəfindən həyata keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş, iddiaçı bu məsələ ilə bağlı aidiyyəti üzrə müraciət edə bilər. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2-2(117)-618/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tаrixli, e-2-2(117)-618/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar