Məhkəmə qərarları › İş №2-2(107)-4/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-4/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-4/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu, Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X4 Cavabdeh MMC-yə qarşı “xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1134,56 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 2265 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması” tələbinə dair iqtisadiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)-259/2019 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X6 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 2-2(84)-259/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş 1134,56 manat (min yüz otuz dörd manat əlli altı qəpik) borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 1500 (min beş yüz) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumunun dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları Vergi ödəyicisi olan cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyindən onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 1134,56 manat məbləğində borcu yaranmış və cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun xx.xx.2019-cu il tarixə 1134,56 manat borcu vardır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2019-cu il tarixli **********7 nömrəli qərarı əsasında xx.xx.2019-cu il tarixli **********7 nömrəli protokolla cavabdehə məxsus əmlak – dəyəri 700 manat olan kondisioner, dəyəri 300 manat olan enerji tənzimləyən (Andeli 5000 wt), dəyəri 500 manat olan plazma ekran (Pasanonic 42) və dəyəri 765 manat olan soyuducu (Atlas) siyahıya alımışdır. xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin dövlət büdcəsinə yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya məhkəmə sənədləri xx.xx.2019-cu il tarixdə təqdim olunsa da, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) gün müddət ərzində məhkəməyə təqdim etməmişdir. İş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)- 259/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Qətnamədən iş üzrə iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X6 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsi qərar çıxararkən nə üçün iddianın qalan hissəsini rədd etdiyini tam şəkildə əsaslandırmamışdır. Yalnız onunla kifayətlənmişdir ki, siyahıya alınmış əmlakın dəyəri vergi borcuna münasibətdə yüksək olduğundan iddia qismən təmin edilməlidir.Vergi ödəyicisinin əmlakı siyahıya alınarkən vergi öhdəliyinin və əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət edəcək qədər əmlak siyahıya alınmalıdır. Məcəllənin 90.3.20.4-cü maddəsinə görə birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrıayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər. Maddənin tələbinə əsasən bildiririk ki,-məhkəmə tərəfindən təmin edilmiş 1500 manat dəyərində əmlak üçüncü hərraca çıxarılacağı təqdirdə əmlakın satış qiyməti 900 manat olacaq ki, bu da 1134,56 manat iddia məbləğindən aşağıdır. Beləliklə, məhkəmə əmlakın satılmasından əldə edilən məbləğin tənbeh tədbirinə və icra xərcləri yönəldilməsini nəzərə almamışdır. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Əmlakın siyahıya alınması haqqında qərar vergi ödəyicisinin rəhbərinə təqdim edildikdən və o, bu qərarla tanış olduqdan sonra vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində 1134,56 (min yüz otuz dörd manat əlli altı qəpik) manat borcuna görə 2265 (iki min iki yüz altmış beş) manat məbləğində (dəyəri 700 manat olan 1 ədəd “AUX” kondisioner, dəyəri 300 manat olan 1 ədəd “Andeli 5000 VAT” enerji tənzimləyicisi, dəyəri 500 manat olan 1 ədəd “Panasonic” plazma ekran TV və dəyəri 765 manat olan 1 ədəd “ATLAS" soyuducu) əmlaklar siyahıya alınmış və bu barədə xx.xx.2019-ci il tarixli, **********7 nömrəli protokol, protokola əlavə (siyahıya alınmış əmlakın siyahısı), vergi ödəyicisinə siyahıya alınmış əmlakın məsul saxlamaya verilməsi haqqında akt və siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq tərtib edilmişdir. Protokol, siyahıya alınmış əmlaklar barədə protokola əlavə, akt və xəbərdarlıq vergi ödəyicisinin rəhbəri X1 (AZE 17777909, PİN 13C2HE9, xx.xx.1981-ci il təvəllüdlü) və müşahidəçilərin iştirakları ilə tərtib edilmiş və həmin şəxslər tərəfindən imzalanmışdır. Əmlakın siyahıya alınma zamanı vergi ödəyicisinin rəhbəri X1 tərəfindən təqdim edilmiş izahatda siyahıya alınmış əmlakların Cavabdeh MMC-yə məxsus olduğu qeyd edilmişdir. Siyahıya alınmış əmlakın, yəni qeyd olunan daşınar əmlakların qiymətləndirilməsi həmin vaxt respublika üzrə əmlakın orta bazar qiymətinə və siyahıya alınma zamanı MMC-nin rəhbərinin şəxsən özü tərəfindən göstərdiyi qiymətə uyğun olaraq qiymətləndirilmişdir. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-259/2019 nömrəli qətnaməsini qismən ləğv edərək, dövlət büdcəsinə ödənilməmiş 1134,56 (min yüz otuz dörd manat əlli altı qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2265 (iki min iki yüz altmış beş) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X4 nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-259/2019 nömrəli qətnaməsini qismən ləğv edərək, dövlət büdcəsinə ödənilməmiş 1134,56 (min yüz otuz dörd manat əlli altı qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2265 (iki min iki yüz altmış beş) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən sənədlərə əmlakın siyahıya alınmasına dair vergi orqanının xx.xx.2019-cu il tarixli **********7 nömrəli qərarı, iddiaçı tərəfindən cavabdeh barədə tərtib edilmiş əmlakın siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli **********7 nömrəli protokolun surəti, bildiriş və xəbərdarlıq daxildir. İddiaçınınapelyasiya şikayətində Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(84)-259/2019 nömrəli qətnaməsini qismən ləğv edərək, dövlət büdcəsinə ödənilməmiş 1134,56 (min yüz otuz dörd manat əlli altı qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 2265 (iki min iki yüz altmış beş) manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş, cavabdehin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 1134,56 manat borcu yaranmışdır və həmin borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək vəzifəsi qoyulduğundan və o, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan, habelə siyahıya alınmış əmlak vergi borcuna münasibətdə yüksək olduğundan iddia tələbi qismən təmin edilərək cavabdehin dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə yaranmış 1134,56 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə ona məxsus olan 1500 manat dəyərində siyahıya alınmış əmlakı (dəyəri 700 manat olan kondisioner, dəyəri 300 manat olan enerji tənzimləyən (Andeli 5000 wt), dəyəri 500 manat olan plazma ekran (Pasanonic 42)) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılmalı, iddia qalan hissədə rədd edilməsi ilə bağlı hissədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyəcisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.4-cü maddəsinə əsasən, əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Məhkəmə tərəfindən təmin edilmiş 1500 manat dəyərində əmlak üçüncü hərraca çıxarılacağı təqdirdə qiyməti 40% aşağı salınmaqlaəmlakın satış qiyməti 900 manat olacaq ki, bu da 1134,56 manat iddia məbləğindən aşağıdır.1500 х 40%= 600 manat və 1500 - 600= 900 manat. Eyni zamanda Şəki İnzibati-İqtisadi Məhkəməsi qərar çıxararkən əmlakın satılmasından əldə edilən məbləğin vergi öhdəliyinin ödənilməsində kifayət edəcəyini nəzərə alsa da, Vergi Məcəlləsinin 90.4-cü maddəsində qeyd edilən əmlakın satılmasından əldə edilən məbləğin tənbeh tədbirinin yönəldilməsini və əmlakın satışı üzrə xərclərin ödənilməsinə yönəldilməsini nəzərə almamışdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X6 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməli, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)-259/2019 nömrəli qətnaməsi Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1134,56 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 1500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində dəyişdirilərək həmin məbləğ 2265 manat müəyyən edilməli, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)-259/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı X6 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)-259/2019 nömrəli qətnaməsi Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 1134,56 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 1500 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması hissəsində dəyişdirilərək həmin məbləğ 2265 manat müəyyən edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-2(84)-259/2019 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Gündüz Abbasov Rövşən Rəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar