Məhkəmə qərarları › İş №2-2(107)-9/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-9/2022

17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-9/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “cavabdehin 16.04.2021-ci il tarixə qeyd olunan sosial sığorta haqları üzrə borc məbləğindən ödənilməmiş 11 357,78 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 12 000 manat məbləğində siyahıya alınmış açıq hərracda satılması” tələbinə dаir kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-672/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-672/2021 saylı qətnaməsi ilə (hakim Mübariz Hüseynov) iddia təmin edilmiş, Cavabdeh 16.04.2021ci il tarixə Dövlət Sosial Sığorta Fonduna olan 11357,78 manat sosial sığorta borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 12000 manat məbləğində siyahıya alınmış əmlakı generator (Aksu, 70 kilovatlıq) ixtisaslaşdırılmış açıq hərraclar vasitəsi ilə satılması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunu dövlət gəlirinə tutulması qət edilmişdir. İşin halları: Vergi ödəyicisi olan cavabdeh sosial sığorta öhdəliklərini yerinə yetirmədiyindən onun 16.04.2021-ci il tarixə sosial sığorta haqları üzrə ödənilməmiş 11357 manat məbləğində sosial sığorta borcu vardır. 09.06.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının 16.04.2021-ci il tarixli **********6 nömrəli qərarına əsasən, 02.06.2021-ci il tarixli **********6 protokolla cavabdehə məxsus dəyəri 12000 manat olan generator (Aksu, 70 kilovatlıq) siyahıya alınmışdır. Borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, vergi ödəyicisi öhdəliklərini yerinə yetirmədiyi üçün onun sosial sığorta borcu yaranmışdır. Lakin görülən tədbirlərə baxmayaraq, qeyd olunan borc məbləği bu günədək ödənilməmişdir. Vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar çıxarmış, həmin qərar əsasında cavabdehin sosial sığorta yaranan borcuna görə əmlakı siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Tərəflərə birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir ki, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçının nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin materiallara cavabdehin şəxsi hesab vərəqəsinin surəti, əmlakın siyahıya alınmasına dair vergi orqanının 16.04.2021-ci il tarixli **********6 nömrəli qərarı, 02.06.2021-ci il tarixli **********6 protokolun surəti, xəbərdarlıq və bildiriş daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, onun sahibkarlıq fəaliyyəti istixana şəraitində tərəvəz məhsullarının yetişdirilməsindən ibarətdir. Siyahıya alınmış Aksu, 70 kilovatlıq generator orada elektrik enerjisi kəsiləndə istixanada olan istilik çihazlarını elektiriklə təmin edir. İstilik cihazlarının 1-2 saat ərzində işləməməsi məhsulun tamamilə məhv olmasına səbəb ola bilər. Ona görə də həmin generatorun onun sahibkarlıq fəaliyyəti üçün həyati əhəmiyyəti vardır. Onun əmlakı siyahıya alınarkən orada başqa sahibkarlıq məqsədləri üçün o qədər də əhəmiyyəti olmayan (məsələn, 240 kilovatlıq transformator, kənd texnikaları) olmasına baxmayaraq iddiaçı məhz ona məxsus qeyd edilən generatoru siyahıya almışdır. Həmin generator isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.6-cı maddəsinə əsasən göstərilən tələbləri pozulmaqla siyahıya alınmışdır. Odur ki, Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2- 2(117)-672/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2- 2(117)-672/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh təkrar olaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş. Ona məxsus əmlakın olmasını təsdiq edən sənədi təqdim etməsi zərurəti olması barədə ***-***- **-** saylı nömrəsinə zəng edilib bildirilsə də o, həmin sənədi təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci və 24.0.1-ci maddələri ilə vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri ödəmək, vergi orqanının üzərinə isə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vəzifələri qoyulmuşdur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinin tələblərinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Cavabdeh apellyasiya şikayətində istehsal ücün zəruri olmayan və siyahıya alınmaqla satılası digər əmlakların olduğu dəlili ilə çıxış etsə də o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyаsiyа instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsində göstərilir ki, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyаsiyа şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-672/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, e-2-2(117)-672/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar