Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1491/2022 27.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndə və vəkilləri Vəkil2, Nümayəndə1, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılmasının qeyri-qanuni hesab edilməsi, 15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı Cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması, 3-cü şəxslərin icarə obyektindən çıxarılması, cavabdeh tərəfindən icarə obyektindən çıxarılmış icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçının istfadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi haqqında 15.01.2021-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlanılmışdır. İcarə müqaviləsinə əsasən iddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsini 15.01.2024cü il tarixinədək icarəyə götürür və bunun müqbilində cavabdehə hər ay vergilər xaric 2000 manat icarə haqqı ödəyir. İddiaçı sözügedən obyekti icarəyə götürməkdə məqsədi həmin sahədə restoran fəaliyyəti ilə məşğul olmaq olmuşdur. Buna uyğun olaraq iddiaçı həmin sahəni təmir etmiş, ora müvafiq avadanlıqları yerləşdirmiş və “Caffiesta” restoran adı altında həmin ünvanda fəaliyyətə başlamışdır. İcarə münasibətlərinə başlayandan sonra, iddiaçı vaxtlı-vaxtında icarə haqqını ödəmiş bununla bağlı tərəflər arasında heç bir problem yaranmamışdır. 2021-ci ilin aprel ayında cavabdeh 5 ayın pulun istəmiş və iddiaçı 28.04.2021-ci il qəbzlə cavabdehə 2021-ci ilin oktyabr ayına qədər nəzərdə tutulmuş 10000 manat icarə haqqını ödəmişdir. Bundan sonra 2021-ci ilin may ayında cavabdeh iddiaçıya icarə haqqını 5 dəfə artırmağı təklif etmiş, lakin iddiaçı həmin təklifi qəbul etməmişdir. Daha sonra, icarə haqqının 5 dəfə artırılması təklifi təklifdən tələbə keçmiş və icarədər icarə haqqının 10000 manat miqdarında artırılmadığı təqdirdə iddiaçının işləməyinə imkan verməyəcəyini bildirmişdir. Bunun nəticəsində 30.06.2021-ci il tarixdə cavabdehin etibarnamə üzrə nümayəndəsi və digər şəxslər icarə obyektinə daxil olaraq qüvvədə olan icarə müqaviləsinə əsasən iddiaçının istifdəsində olan qeyri-yaşayış sahəsinin qapılarının qıfıllarının sındırılmaq yolu ilə açarlarını dəyişdirmiş, işçi personalını qovaraq icarə müqaviləsinin bütün şərtlərini pozmuşlar. Bundan sonra, cavabdeh iddiaçıya məxsus avadanlıqları çıxartmış, reklam lövhələrini sökmüş və obyekti digər hüquqi şəxs "xxxx" MMC-yə icarəyə vermişdir. Hazırda "Baristica” MMC qeyd olunan sahədə restoran fəaliyyəti göstərir. Hazırda iddiaçıya məxsus, restorana aid əşyalar və qurğuların bir hissəsi yeni icarədarın istifadəsinə verilib, digər əşyalar isə icarə obyektinin zirzəmisində və Bakı şəhəri Xəzər rayonunda yerləşən cavabdehə məxsus anbarda yerləşməkdədir. Bununla bağlı iddianın təmin tədbirləri çərçivəsində Xəzər və Səbail rayon İcra Şöbəsi tərəfindən iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulmuşdur. Tərəflər arasında bağlanılmış müqaviləyə əsasən qarşılıqlı öhdəliklər 15.01.2024-cü ilə qədər nəzərdə tutulmuşdur. Müqavilənin 7-ci bəndində isə qeyd edilmişdir ki, “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir”. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 423.1-ci maddəsində qeyd edilmişdir ki, “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.” Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilə formasına uyğun olaraq notarial qaydada ləğv edilməli idi. Mülki işə əlavə edilmiş elektron notariat portalından çıxarılan müqavilənin üzərinə əks etdirilən yazılardan və çap tarixindən də görünüyü kimi icarə müqaviləsi hələ də qüvvədədir. Cavabdehin isə tərəflər arasında qüvvədə olan müqaviləyə rəğmən icarə obyektini digər tərəfə verməsi isə iddiaçının icarə hüququnun pozulması deməkdir. Beləliklə, tərəflər arasında bağlanılmış icarə müqaviləsinin müddətinin ötməməsinə, müqavilənin ləğv edilməsi barədə iddiaçıya yazılı ərizə göndərilməməsinə və müqavilənin notarial qaydada ləğvinə dair razılaşma bağlanılmamasına baxmayaraq cavabdeh faktiki icarə münasibətlərinə son qoymuşdur. Göründüyü kimi cavabdeh iddiaçı ilə aralarında qüvvədə olan müqaviləyə rəğmən onu məcburi qaydada icarə götürdüyü obyektdən çıxarmaqla müqavilə üzrə öhdəliklərini pozmuş və hazırda da pozmağa davam edir. Bakı Kommersiya Məhkəməsinin 04.04.2022-ci il tarixli, e-2-2(113)-1491/2022 saylı qərardadı ilə "xxxx" MMC, 13.05.2022-ci il tarixli qərardadı ilə Qanuni nümayəndə hazırkı iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilənin ləğvi ilə bağlı onlara hər hansı təklif ünvanlanmamışdır. Bundan əlavə, həmin müqavilənin ləğvi barədə tərəflərin hər hansı razılaşması yoxdur, icarə obyektinin hüquqmüəyyənedici sənədləri cavabdeh tərəfindən onlara təqdim edilmədiyi üçün icarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC və Qanuni nümayəndə cavabdehlər qismində icraata cəlb edilməsinə etiraz edir, belə ki, gələcəkdə cavabdeh onlarla bağlanmış müqaviləyə xitam verilmədən digər şəxslərlə müqavilə bağladığı kimi, "xxxx" MMC və Qanuni nümayəndə ilə də bağlanmış müqavilələrini ləğv edə, icarə obyektini digər şəxslərin istifadəsinə verə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 13.04.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Vəkil1 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı icarə müqaviləsi üzrə iddiaçı tərəfindən cəmi 10000 manat icarə haqqı ödənilmişdir. Tərəflər müqavilə bağlanarkən gələcəkdə icarə haqqının qaldırılması barədə şifahi razılaşsalar da, iddiaçı sonradan icarə haqqının artırılmasına etiraz etmiş, bu səbəbdən cavabdeh müqavilə şərtlərinə əsasən 2 dəfə müqavilənin ləğvi ilə bağlı cavabdehə təklif göndərmiş, bununla müqaviləni ləğv etmiş, cavabdehi həmin icarə obyektindən kənarlaşdırmışdır. Müqavilənin ləğv edilməsi barədə tərəflər arasında ayrıca yazılı razılaşma yoxdur. Daha sonra icarə obyekti 2021-ci ilin oktyabr ayında icarə müqaviləsi əsasında "xxxx" MMC-yə verilmiş, hazırda onun sahiblik və istifadəsindədir. Bu səbəbdən iddia əsassızdır. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2021-ci ilin oktyabr ayında cavabdehlə aralarında icarə müqaviləsi imzalanmışdır. Həmin icarə obyektinin bir hissəsi "xxxx" MMC, bir hissəsi isə həmin MMC-nin direktoru, habelə fərdi sahibkar olan Qanuni nümayəndə tərəfindən icarəyə götürülmüşdür. Obyekt icarəyə götürüləndən sonra tərəflərindən orada təmir işləri aparılmış, avadanlıqlar quraşdırılmışdır. Həmin icarə müqavilələri bağlanarkən onlara iddiaçı ilə bağlanmış və ləğv edilməmiş müqavilənin olması barədə hər hansı məlumat verilməmişdir. Obyekt icarəyə götürüldükdə orada yalnız stol-stul dəstləri olmuşdur. İddia təmin edildiyi təqdirdə onların hüquqları pozulacaqdır. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxs Qanuni nümayəndə rəsmi qaydada məlumat verilməsinə məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndə və vəkili Vəkil1 Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının cavabdeh və üçüncü şəxs Qanuni nümayəndə iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən (cavabdeh) ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv./m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (389,9 kv./m) iddiaçıya icarəyə verir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 15.01.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəfilərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən (iddiaçı) icarəyə verənə (cavabdeh) aylıq 2000 manat icarə haqqı ödəyir. 13.05.2022-ci il tarixli notariat çıxarışından görünür ki, icarə müqaviləsi həmin tarixə qüvvədədir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 05 iyul 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin qapılarını əvvəlki vəziyyətə qaytarıb icarədar olaraq ona qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 01 may 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh iddiaçı ilə icarə münasibətlərinə icarə haqqını ödədikləri 15 iyun 2021-ci il tarixdən xitam verildiyini bildirərək ən geci 01 iyul 2021-ci il tarixədək icarəyə götürdükləri ünvan 4 ünvanında yerləşən 389,9 kv.m qeyri-yaşayış sahəsinin boşalılaraq cavabdehə təhvil verilməsini xahiş etmişdir. 25 oktyabr 2021-ci il tarixli cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən (cavabdeh) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 199,9 kv/m hissəni icarəçi "xxxx" MMC-yə icarəyə verir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 5 il, yəni 25.10.2026-cı il tarixədək müəyyən edilir. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən "xxxx" MMC icarəyə verənə (cavabdeh) aylıq 2600 manat icarə haqqı ödəyir. 25 oktyabr 2021-ci il tarixli cavabdeh ilə Qanuni nümayəndə arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən (cavabdeh) ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 190 kv/m hissəni icarəçi "xxxx" MMC-yə icarəyə verir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 5 il, yəni 25.10.2026-cı il tarixədək müəyyən edilir. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə götürən Qanuni nümayəndə icarəyə verənə (cavabdeh) aylıq 2400 manat icarə haqqı ödəyir. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia tələbini “15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılmasının qeyri-qanuni hesab edilməsi, həmin qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması” hissəsində aşağıdakı səbəblərdən əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 15 yanvar 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış, cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi müqavilə şərtlərinə əsasən iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh bu hissədə iddia tələbinə etiraz edərək tərəfindən 15.01.2021-ci il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğvi ilə bağlı iddiaçıya yazılı bildiriş göndərildiyini, bununla da tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv edildiyini bildirir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, tərəflər arasında bağlanmış 15.01.2021-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə MM-nin 423.1-ci maddəsinə əsasən tərəflərin hər hansı razılaşması mövcud deyildir. İddia tələbi bu hissədə tanınma (cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılmasının qeyri-qanuni hesab edilməsi) və cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması tələblərindən ibarətdir. Tanınma tələbi şəxsi və ya əmlak hüquqlarına yönəlmiş hüquqa zidd bir müdaxilə vəziyyətinin mövcud olmasının məhkəmə qərarı ilə təsdiq edilməsi məqsədi daşıyır. Məqsəd hüquqa zidd müdaxilə vəziyyətinin məhkəmə tərəfindən müəyyənləşdirilməsidir (təsbit olunmasıdır). İşin araşdırılan hallarından, tərəflərin nümayəndələrinin izahatlarından həmin qeyriyaşayış sahəsindən iddiaçının çıxarıldığı, həmin sahəyə buraxılmadığı müəyyən edilmişdir. 15 yanvar 2021-ci il tarixli icarə müqaviləsi ləğv edilmədiyindən, habelə həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmədiyindən iddiaçının icarəyə verən, yəni cavabdehdən müqavilə şərtlərinə əməl edilməsini, icarə obyektinin ona təhvil verilməsini və sonradan yaradılmış maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Belə ki, MM-nin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Buna görə də, Məhkəmə hesab edir ki, iddiaçı belə bir iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində həmçinin üçüncü şəxslərin icarə obyektindən çıxarılması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, materiallardan və işin araşdırılan hallarından görünür ki, icarə obyekti hazırda hazırkı iş üzrə icraata müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş "xxxx" MMC və Qanuni nümayəndə istifadəsindədir. Məhkəmə iclasında MPM-nin 54-cü maddəsinə əsasən "xxxx" MMC və Qanuni nümayəndə cavabdehlər qismində icraata cəlb edilməsi iddiaçıya təklif edilmiş, iddiaçı tərəfindən buna etiraz edilmişdir. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2). Digər tərəfdən iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən icarə obyektindən çıxarılmış icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçının istfadəsinə verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı Məhkəməyə iddia tələbinin bu qismi ilə bağlı sübutlar qismində yalnız 30.08.2021-ci il tarixli Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş akt və avadanlıqların siyahısını təqdim etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3764/2021 saylı, 17.07.2021-ci il tarixli qərardadının icrası ilə bağlı Səbail rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 30.08.2021-ci il tarixli akta əsasən borclunun etibarnamə üzrə nümayəndəsi hazırda obyektdə təmir işləri getdiyindən əşyaların bir qisminin yaxınlıqdakı ofisə, digər qisminin isə Maştağa qəsəbəsində yerləşən anbara yerləşdirildiyini bildirmiş, siyahıda olan və aşkar edilmiş əmlaklar siyahıya alınaraq cavabdehin saxlancına verilmişdir. İddiaçı bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, həmin sübutlar icarəçiyə məxsus avadanlıq və əşyaların icarə obyektinə qaytarılması, sökülmüş reklam və banerlərin yerinə bərpa edilməsi və icarə obyektinin mübahisə yaranmadan əvvəlki vəziyyətinə qaytarılması barədə iddianın təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçının istifadə və sahibliyinə verilmiş cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh tərəfindən iddiaçının çıxarılması qeyri-qanuni hesab edilməli, həmin qeyri-yaşayış sahəsindən iddiaçının istifadəsi ilə bağlı cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən Cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılması qeyri-qanuni hesab edilsin. 15.01.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı Cavabdeh tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-1491/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1491/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver