Məhkəmə qərarları › İş №2-2(113)-19/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-19/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-19/2021 31.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi , iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 Departamentinin “xxxx” Firmasına qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracdan satılaraq borcun ödənilməsi tələbinə dair kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti (hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi) “xxxx” firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04.04.2018-ci il tarixinə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 8484,21 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə 9.600 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan “xxxx” firması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 04/04/2018-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 04/04/2018-ci il tarixə yaranan 8484,21 manat borcuna görə 9.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 12/10/2018-ci il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin müvafiq maddəsinin tələblərinə uyğun olaraq cavabdehə tarixli 25.10.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 04/04/2018-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 8484.21 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü mаddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh “xxxx” firmasının 13.03.2019-cu il tarixə dövlət büdcəsinə ödənilməmiş, 7284,21 manat məbləğində borcu olduğunu qeyd etmiş, bununla əlaqədar olaraq, cavabdehdən dövlət büdcəsinə 7284,21 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 9.600 manat məbləğində siyahıya alınmış əmlakın ixitisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş vergi borcunun ödənilməsinə dair sənədlərlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə vergi borcunun ödənilməsinə dair **********6 saylı, 03.04.2018-ci il tarixli bildiriş göndərilərək, 03.04.2018-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə ödənilməmiş 102.514,44 (yüz iki min beş yüz on dörd manat, qırx dörd qəpik) manat olmaqla (o cümlədən, vergilər üzrə 6,984.12 manat, maliyyə sanksiyaları üzrə 160 manat, faizlər üzrə 1,340.09 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 94.030,23 manat) borcun olması göstərilmiş, qeyd olunan borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, iddiaçı vergi öhdəliyini yerinə yetirməmiş, nəticədə vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 12/10/2018-ci il tarixli qərarı ilə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən əmlak siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 12/10/2018-ci il tarixli **********3 saylı protokol və eyni tarixli akt tərtib edilmişdir. Bununla yanaşı vergi ödəyicisinin 30 gün müdətində dövlət büdcəsinə borcların ödəmədiyi halda siyahıya alınmış əmlakın satılması haqqında məhkəmədə iddia qaldırılacağı barədə 25.10.2018-ci il tarixli xəbərdarlıq məktubu ilə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarına əlavə edilmiş 04.04.2018-ci il tarixli, **********3 saylı protokola **********3 saylı əlavədən görünür ki, ünvan 1 ünvanında yerləşən, ofisdə ümumi dəyəri 9.600 manat qeyd edilməklə cavabdehə məxsus əmlak siyahıya alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehin 04.04.2018-ci il tarixə olan dövlət büdcəsinə 7284,21 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə 9.600 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən vergi borcu və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Firmasının 04.04.2018-ci il tarixə olan dövlət büdcəsinə 7284,21 manat vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə 9.600 manat məbləğində siyahıya alınmış əmlak ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən dövlət büdcəsinə ödənilməmiş 7284,21 manat və 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdehə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar