Məhkəmə qərarları › İş №2-2(113)-355/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-355/2020

01.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Vergi ödəmələri barədə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-355/2020 01.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X2 Bağman qızının katibliyi ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı cavabdehin xx xxxxxx 2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 75542.35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 427800 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehin xx xxxxxx 2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 75542.35 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 427800 manat məbləğində siyahıya alınmış əmlakının açıq hərracda satılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx xxxxxx 2017-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx xxxxxx 2017-ci il tarixə yaranan 127447,4 manat borcuna görə 427800 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx xxxx 2018-ci il tarixli **********8 saylı Protokol tərtib edilmiş və protokola həmin əmlakın siyahısını əlavə etmişlər. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xx xxxx 2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx xxxxxx 2017-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 75542,35 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsiX6 oğlu iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin hazırda 2.853.862,81 manat borcu vardır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, müəssisə bina tikintisi ilə məşğuldur. İddiaçı sadələşdirilmiş vergi üzrə borcu 3 il ərzində bərabər şəkildə ödəyir. 75542.35 manat borc ödənilmişdir. 2 milyon borcun müəyyən hissəsi mübahisələndirilmişdir, hazırda iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Səyyar vergi yoxlaması keçirilib, qərar çıxarılmışdır. 400 minə yaxın məbləğ həmin yoxlama ilə hesablanmışdır. Hazırki iddiada göstərilən borc ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh xx xxxxxxxx 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx xxxxxx 2017-ci il tarixli **********8 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarın surətindən görünür ki, vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. xx xxxx 2018-ci il tarixli **********8 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 427800 manat məbləğində əmlakı siyahıya alınmışdır. 30 ədəd sərəncamın surətlərindən görünür ki, iddiaçı tərəfindən borcun dövlət büdcəsinə alınması üçün cavabdehin hesabları olan banklara icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. 13 ədəd ödəniş tapşırığının surətlərindən görünür ki, cavabdeh tərəfindən dövlət büdcəsinə ümumilikdə 192000 manat məbləğində pul ödənilmişdir. Şəxsi hesab vərəqəsindən görünür ki, cavabdehin dövlət büdcəsinə cəmi ödənilməli borcu 2.853.862,81 manat təşkil edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. Azərbaycqan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya ala bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə vergi orqanı vergi öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin xx xxxxxx 2017-ci il tarixə dövlət büdcəsinə 75542,35 manat ödənilməmiş borcu olmuş, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx xxxxxx 2017-ci il tarixli **********8 saylı “Vergi öhdəliyini vaxtında yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” qərarı ilə vergi borclarını Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədiyi üçün cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehin 427800 manat məbləğində əmlakı siyahıya alınaraq xx xxxx 2018-ci il tarixli **********8 saylı “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” protokol tərtib edilmişdir. Cavabdehin hazırda dövlət büdcəsinə cəmi ödənilməli borcu 2.853.862,81 manat təşkil edir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi 75542,35 manat borcun ödənildiyini qeyd etsə də, bu, sübut olunmur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi ümumilikdə 192000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə ödənilməsinə dair 13 ədəd ödəniş tapşırıqlarının surətlərindən cavabdeh tərəfindən məhz 75542,35 manat məbləğində borcun ödənilməsi müəyyən olunmur. İş materialları ilə cavabdehin dövlət büdcəsinə olan vergi borcu xx xxxxxx 2017-ci il tarixə 75542,35 manat olduğu halda, hazırda 2.853.862,81 manat olması müəyyən olunur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə olan vergi borcu xx xxxxxx 2017-ci il tarixdən sonra artmışdır. Qeyd olunanalara əsasən məhkəmə hesab edir ki, iş materialları ilə cavabdehin dövlət büdcəsinə olan vergi borcu təsdiq olunduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Mcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh siyahıya alınmış 427800 (dörd yüz iyirmi yeddi min səkkiz yüz) manat məbləğində əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Əmlakın satılmasından əldə edilmiş məbləğdən Azərbaycan Respublikası dövlət büdcəsinin xeyrinə əmlakın satışı üzrə xərclər, Cavabdeh dövlət büdcəsinə olan 75542 (yetmiş beş min beş yüz qırx iki) manat 35 (otuz beş) qəpik məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar